Düşünməliyik

Azərbaycanın MDB-dən çıxması ilə bağlı tələsik qərar vermək doğru olmaz


Rəsmi Kiyev Ukraynanın Müstəqil Dövlətlər Birliyindən çıxmaq niyyətində olduğunu bəyan edib. Buna səbəb kimi MDB-nin ona üzv olan ölkələr arasındakı münaqişələrin çözülməsində heç bir rol oynaya bilməməsi göstərilib. 1991-ci ildə SSRİ-nin dağılması zamanı yaranan MDB-yə 2008-ci ilədək Gürcüstan da üz olub. Ancaq Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan qurumdan çıxıb.

Son günlər Azərbaycanda da MDB-dən çıxmaq çağırışları artmaqdadır. Hətta bir neçə müxalifət partiyasının rəhbərləri də Azərbaycanın MDB-dən çıxması üçün hökumətə çağırış ediblər. Çağırışda qeyd olunub ki, "MDB deyilən məkanda tərəflərin hüquqi bərabərliyi, biri-birinə qarşılıqlı hörmət anlayışı yoxdur. Burda sadəcə Rusiyanın maraqları var və bu maraqlar çox zaman digər dövlətlərin maraqlarını üstələyir”. Azərbaycanın MDB-dən çıxması təklifi ölkə xaricindən də eşidilməyə başlanılıb. Tanınmış ABŞ politoloqu və diplomatı Pol Qobl da bildirib ki, Rusiyanın yeritdiyi siyasətə cavab olaraq MDB-də təmsil olunan ölkələr bu qurumu tərk etməlidir. O cümlədən də Azərbaycan və Moldova.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da düşünür ki, Azərbaycanın istiqaməti qərbə inteqrasiya olmalıdır. Ancaq MDB-də təmsil olunmaq Azərbaycanın qərbə münasibətdə tərəddüdünün ifadəsi kimi görünür:

"Təbii ki, siyasətdə müəyyən incəliklər var. Azərbaycanın Qərbə inteqrasiyası Rusiya faktorunun kor-koranə inkarı üzərində qurulmamalıdır. Rusiya ilə balanslaşdırılmış faydalı əməkdaşlığa söykənən qonşuluq münasibətinin də qorunub saxlanmasına diqqət yetirilməlidir. Amma MDB-də təmsilçilik Azərbaycanın strateji maraqlarının təmin olunmasına təminat yaratmır. Bu qurumda olmağımız Rusiyanın Qarabağ məsələsində mövqeyinə təsir göstərmir. Əksinə, Ermənistan davamlı olaraq müdafiə olunur. Azərbaycanın torpaqları işğal altında saxlanılır. Rusiya Azərbaycanla bərabərhüquqlu ölkə kimi yox, imperialist dövlət kimi davranır. Ona görə də Azərbaycan özünün etibarlı təhlükəsizlik sistemini yalnız Qərb strukturlarında axtarmalıdır”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, ciddi qərarlarda tələsmək lazım deyil: "GUAM dövlətləri içində MDB ilə bağlı qərarsız olan iki dövlət var: Azərbaycan və Moldova. Rusiya tərəfindən torpaqları işğal olunan Gürcüstan qurumu tərk etməkdə haqlı idi. Ukrayna da Krımın işğalına cavab olaraq MDB-dən çıxmaq qərarına gəlib. Moldovada da MDB-ni tərk etmək haqqında ciddi müzakirələr aparılır. Çünki Rusiyanın bu ölkəyə ərazi iddiaları var. Çox güman ki, yaxın müddət ərzində Moldova sözügedən qurumdan çıxmaq barədə yekun qərarını verəcək. Qrupda bu barədə ciddi düşünməyən yeganə ölkə Azərbaycandır. Bəzi qüvvələr Azərbaycanı MDB-dən çıxmamaqda ittiham edirlər. Ancaq düşünürəm ki, bu məsələdə tələsik qərar vermək doğru olmaz. Əlbəttə, biz müttəfiqlərimizin yanında olmalı və onların ərazi bütövlüyünü dəstəkləməliyik. Azərbaycan sivil dünyanın yanında olduğunu sübut etmək üçün qərblə əməkdaşlıq etməlidir. Amma bunu Rusiyanı qıcıqlandırmadan etməliyik. Azərbaycanın MDB-dən çıxması Rusiyaya qarşı bir demarş olar. Nəticədə Moskva bizə qarşı istənilən istiqamətdə təxribatlar törədə bilər. Onsuz da, Rusiya ilə Azərbaycan arasında münasibət soyuqdur. Kremlin əlinə əlavə bəhanə vermək faydasızdır”.

İsmayıl