Ukraynadakı vəziyyətin Azərbaycana dəxli yoxdur

Krımla Dağlıq Qarabağın statusunda heç bir oxşarlıq yoxdur



Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasını tanımağa hazırlaşır. Belə bir iddia qərb və rus mətbuatında yayılıb. Yayılan məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu variantı rəsmi Bakıya təzyiq kimi planlaşdırır və istənilən vaxt reallaşdıra bilər. İddiaya görə, Azərbaycan ermənilərin əli ilə "ya Qərb, ya Rusiya” seçimi qarşısında şantaj edilir.

Qeyd edək ki, Krımın ilhaqından sonra dünya yenidən iki qütbə bölünüb və Qərblə Rusiya arasında soyuq müharibə başlayıb. Ekspertlər hesab edir ki, tərəflər arasındakı gərginlik getdikcə dərinləşəcək və bu qarşıdurmada tərəfsiz qalmaq demək olar ki, mümkün olmayacaq. Artıq hər iki tərəfin özünə daha çox müttəfiq toplamağa çalışdığı da açıq şəkildə özünü göstərir. Ancaq politoloqların fikrincə, Rusiyanın qondarma rejimi tanıtma niyyəti yoxdur. Eyni zamanda Krımla Dağlıq Qarabağ məsələsini eyniləşdirmək də düzgün deyil.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu irəli sürülən bu cür iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə. Rusiyanın Ukraynaya qarşı hərəkətləri Ukraynanın atdığı addımlara adekvatdır: "Ukraynanın Rusiyanı "görmədən” Avropa Birliyinə inteqrasiya istiqamətində cəhd etməsi Moskvanı hiddətləndirdi və Rusiya "cəza” olaraq Krımı onların əlindən aldı. Azərbaycanın bu situasiyaya dəxli yoxdur. Biz heç vaxt Avropa Birliyi ilə əməkdaşlığa dəvət olunmamışıq. Azərbaycan tərəfi özü də bu istiqamətdə konkret addımlar atmayıb. Ona görə də, bu gün Rusiyanın Azərbaycana təzyiq etməsinə ehtiyac yoxdur.

Əsas məsələ isə odur ki, Krımla Dağlıq Qarabağın statusunda heç bir oxşarlıq yoxdur. Krım uzun müddət türklərin əlində olub. Daha sonra ruslar tərəfindən tutulub. Sonra Ukraynaya verilərək yenidən zəbt edilib. Bu gün Krımda yaşayan əhalinin böyük əksəriyyəti də ruslardır. Dağlıq Qarabağda isə vəziyyət başqadır. Biz bu bölgəni itirəndə minlərlə şəhid vermişik. Amma Krımı əlindən buraxan Ukraynada bir nəfərin belə burnu qanamayıb. Qarabağ vətənimizin bir parçasıdır. Krım isə Ukraynaya sonradan birləşdirilmiş başqa xalqların torpağıdır. Elə buna görə də, ukraynalılar Krımın getməsinə o qədər də sərt reaksiya vermədilər”.

S.Cəlaloğlu deyir ki, Rusiyaya qarşı böyük beynəlxalq qınaq var. Belə bir şəraitdə Kreml tərəfindən etiraz doğuracaq daha bir addımın atılacağı ağlabatan deyil: "Rusiyanı ittiham edənlər qərb dövlətlərini də Moskvaya qarşı hərbi güc tətbiq etməməkdə günahlandırırlar. Görünüşdə burda udan tərəf Rusiya hesab olunsa da, əslində uduzan tərəfdir. Çünki Ukraynanın bir ölkə kimi Kremlin əlindən çıxması Rusiyanın daxildə və xaricdə zəifləməsinə səbəb olacaq. Bu itki rus siyasətinə böyük zərbə vuracaq. Bu baxımdan Rusiyanın aqressiv addımlar atacağını gözləmək olmaz. Bütün dünyanın gözü Rusiyadadır. Bu baxımdan bölgədə vəziyyətin ağırlaşacağını göstərən heç bir zərurət yoxdur”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehtiyev də qondarma rejimin tanınması ilə bağlı Rusiyanın Ermənistana təzyiq etdiyini düşünmür. Politoloqun fikrincə, bu barədə yayılan məlumatlar spekulyasiya məqsədi daşıyır: "Birincisi, Rusiya ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkədir. İkincisi, məsələnin bu cür cərəyan etməsi Kremlin siyasi xəttinə uyğun gəlmir. Əgər Moskva belə fikirdə olsaydı, Ermənistan qondarma respublikanı çoxdan tanımışdı. Buna görə Ermənistanı məcbur etməyə ehtiyac yoxdur”. E.Mehtiyev deyir ki, Rusiyada ayrı-ayrı tərəflər var. Belə bir dezinformasiya ermənipərəsət media tərəfindən də yayıla bilər: "Kremlin niyyəti tamamilə fərqlidir. Rusiya Krımla Dağlıq Qarabağ məsələsinə tamamilə fərqli müstəvidə yanaşır”.

İsmayıl