Onsuz da Azərbaycan qazı Avropa bazarına çıxacaq

TAP layihəsi təsdiqləndiyinə görə, artıq Rusiyanın təzyiqi ehtimal olunmur


Azərbaycan qazı Avropaya vaxtından tez ixrac oluna bilər. Bu yaxınlarda ABŞ ilə Avropa İttifaqı arasında keçirilən zirvə görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub Qaz Dəhlizi” vasitəsi ilə biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq”.

Mövcud enerji problemini şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə bildirib ki, Azərbaycan mavi qazının Avropa bazarına çıxarılması ilə bağlı xeyli müddətdir müzakirələr gedir: "TAP” layihəsi artıq Azərbaycan hökuməti tərəfindən təsdiq edilib. Praktiki olaraq TAP-ın tətbiq edilməsi Azərbaycan qazının Avropa bazarına çıxarılması deməkdir. Çünki "TAP” layihəsi xüsusən Yunanıstan və Türkiyə sərhəddindən "TANAP” proyektindən qazı alaraq Avropa sonuncu olaraq Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman "TAP”-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya, həmçinin daxili şəbəkələr ilə Bolqarıstan mavi qaz almaq imkanına malik olacaq.

Bu baxımdan demək olar ki, Avropa bazarına artıq Azərbaycan mavi qazı daxil olur. Avropada Azərbaycan mavi qazının praktiki bazası var. Təbii ki, Ukraynada baş verən hadisələr məsələyə nisbətən fərqli prizmadan yanaşmağı tələb edir. TAP layihəsi 2018-ci ilə nəzərdə tutulub və "Şahdəniz-2”nin fazası istifadəyə verildikdən sonra Azərbaycan mavi qazını Avropa bazarına çıxaracaq. Belə olan halda yerli mavi qazın Avropaya ötürülməsi üçün Azərbaycanın qaz hasilatını artırması vacibdir. "Şahdəniz-2” istifadəyə verildikdən sonra ölkəmiz mavi qaz istehsalını kəskin artıracaq”.

İqtisadçı-ekspert daha sonra əlavə edib ki, rəsmi rəqəmlərə əsasən Azərbaycan il ərzində təxminən 27 milyard kubmetr mavi qaz hasil edir: "Hasil edilən mavi qazın həcmi "Şahdəniz”in ikinci fazası istismara verildikdən sonra 40 milyard kubmetrə qədər artırılacaq. Bu, Azərbaycana "TANAP” layihəsi ilə Türkiyəyə 16 milyard kubmetrə yaxın, eləcə də Avropa bazarına birinci mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr illik mavi qazı nəql etməsinə imkan verir. Ancaq Avropa Ukraynada baş verən hadisələrdən sonra Azərbaycan qazının deyilən regiona daha tez çıxarılmasında maraqlıdır.

Əslində Avropanın söylənilən məsələdə iki marağı var: Birinci, Azərbaycan mavi qazı Avropa məkanına daha tez müddətdə çıxarılsın. İkinci maraq isə ölkəmizin mavi qazı yalnız Cənubi İtaliya və ya Balkan ölkələrinə deyil, bununla yanaşı, mərkəzi və şərqi Avropa ölkələrinə, xüsusilə Rusiyanın praktiki təsir imkanının geniş olduğu mərkəzi və Şərqi Avropa bazarına çıxarmaqla, bu bazarda Rusiyadan asılılığı aradan qaldırmaq mümkünlüyüdür.

"TAP” layihəsi təsdiq edildiyi üçün Rusiyanın Azərbaycana təzyiq imkanları olmayacaq. Azərbaycan o zaman "TAP”-ı dəstəklədi ki, alternativ "Nabucco Vessi” layihəsi var idi. Deyilən layihənin mövcud olması Rusiya üçün təhlükəli hesab olunurdu. Bu cəhətdən Azərbaycan "TAP” layihəsini dəstəkləməklə Rusiyanın təzyiqlərini müəyyən qədər azaltmış oldu. Praktik olaraq Azərbaycan Avropanın qaz, enerji təhlükəsizliyinə dəstək vermək imkanına malikdir. Buna baxmayaraq Rusiyanın təzyiqləri var.

Vüqar Şahinoğlu