AKP böyük şəhərlərdə uduzacaq

Bələdiyyə seçkiləri Ərdoğanın gücdən düşdüyünü aydın şəkildə göstərəcək


Türkiyədə bələdiyyə seçkilərinə sayılı günlər qalır. İqtidar və müxalifət partiyaları arasında çox gərgin siyasi mübarizə gedir. Martın 30-da keçiriləcək seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, Türkiyədəki olayları şərh edən politoloqlar 17 dekabr rüşvət əməliyyatlarından və Ərdoğan-Gülən qarşıdurmasından sonra hakim AKP-nin seçkilərdə böyük zərbə alacağını vurğulayırlar.

Onlar hesab edirlər ki, AKP ilə yollarını ayıran Gülən camaatının CHP-ni dəstəkləməsi bu müxalifət partiyasının şansını artırır. Amma seçki kampaniyasında hər cür imkanlardan və üsullardan istifadə edən Türkiyə baş naziri hələ də nüfuzdan düşmədiyini və seçkilərdə AKP-nin qalib gələcəyini sübut etmək üçün əlindən gələni edir. Hakim partiyanın İstanbul mitinqinə 2 milyona qədər adam toplaması da onu təsdiqləyir ki, Ərdoğanın bələdiyyə seçkilərində məğlub olmaq fikri yoxdur. Hətta son günlərin mitinqlərini şərh edən bəzi ekspertlərin də əvvəlki görüşləri dəyişib. Artıq onlar da düşünürlər ki, Gülən-CHP birliyinin və digər müxalif partiyaların AKP-yə qalib gəlmək şansı o qədər də çox deyil.

Türkiyədəki siyasi mübarizəni şərh edən politoloq Elşən Manafov deyir ki, AKP Türkiyədəki seçkilərdə əsasən bölgələrdə əldə etdiyi ciddi uğurlar hesabına iqtidarda qalıb. İstanbulda, İzmirdə, Ankarada və əhalisi çox olan digər şəhərlərdə isə hər zaman uduzub: "Ərdoğanın hakimiyyətə gəlməsi bir sıra səbəblərlə bağlıdır. Hətta bəzi iddialara görə, baş nazirin iqtidara yiyələnməsi daxili qüvvələrdən daha çox xarici güclərin hesabına həyata keçib. Ancaq istənilən halda Ərdoğan hakimiyyət başında olduğu illər ərzində Türkiyədə bir sıra ciddi uğurlara imza atıb. Ölkəni regional bir dövlətə çevirib və imkanlarını gücləndirib. Türkiyənin xarici borcları ödənilib və sosial-iqtisadi problemləri həll edilib. Amma son olaylardan, xüsusən də korrupsiya əməliyyatlarından sonra mediada yayılan xəbərlər Ərdoğan iqtidarını xeyli dərəcədə sarsıtdı. Şübhə yoxdur ki, bütün bu hadisələr qarşıdan gələn seçkilərdə Ərdoğanın və onun partiyasının imicinə bu və ya digər mənada təsir göstərəcək. Amma Ərdoğan İstanbul mitinqində meydana 2 milyon adam yığmaqla AKP-nin gücünü göstərməyə çalışdı və demək olar ki, buna nail oldu. Nəzərə almaq lazımdır ki, müxalifət partiyalarından fərqli olaraq hakim AKP-nin əlində geniş səlahiyyətlər var. Ərdoğan maddi və mənəvi resurslardan hərtərəfli istifadə etməyi bacaran siyasətçidir. Ancaq yenə qeyd edirəm ki, böyük şəhərlərdə Ərdoğan partiyasının uduzmaq ehtimalı çox böyükdür. Bazar günü keçiriləcək bələdiyyə seçkiləri Ərdoğanın gücdən düşdüyünü aydın şəkildə göstərəcək. Çünki AKP-də parçalanma göz qabağındadır. Baş nazirlə prezident arasında açıq şəkildə fikir ayrılığı var”.

Gülən-CHP yaxınlaşmasına münasibət bildirən E.Manafov bu müttəfiqliyin müvəqqəti xarakter daşıdığını deyib: "Türkiyə praktikası göstərir ki, bu ölkədə hakimiyyətə gələn koalision qüvvələr tez zamanda dağılır, ayrılır. Ərdoğan hakimiyyətinin uzun zaman duruş gətirməsinin səbəbi də tək qüvvə olmasıdır”.

İsmayıl