Vəziyyət dəyişməyib, partiyalar həvəssiz görünür


“Müsavat” bələdiyyə seçkilərinə qoşulmaqda tərəddüd edir



Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov üzvü olduğu partiyanın 2014-cü il fəaliyyəti və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı danışıb. Ölkə üzrə bələdiyyə yerlərinin sayının 20 mindən yuxarı olduğunu qeyd edən millət vəkili bildirib ki, əvvəlki seçkilərdə YAP bu yerlərin 60 faizdən çoxunu tuta bilib.

Bu seçkilərdə isə partiya hər yerə bir namizəd irəli sürməklə daha çox uğur əldə edəcək. Müxalifət partiyalarının bu seçkilərdə də uğursuz nəticə göstərəcəyini deyən S.Novruzovun sözlərinə görə, YAP müxalifətin təmsil olunduğu bələdiyyələrə də öz nümayəndələrini göndərəcək. Bununla da hakim partiya xalqın dəstəyi ilə müxalifətin qazandığı əvvəlki bələdiyyə yerlərini də onların əllərindən alacaq.

S.Novruzovun sözlərinə münasibət bildirən Müsavat başqanının müavini Gülağa Aslanlı qeyd edib ki, partiyada bələdiyyə seçkiləri ilə bağlı müzakirələr getsə də, hələlik bu barədə yekun və konkret qərar verilməyib: "Müsavat bələdiyyə seçkilərində iştirakın hansı formada və necə olacağını müəyyənləşdirməkdə çətinlik çəkir. Çünki qarşımızda problemli məsələlər çoxdur. Ən əsası isə odur ki, Azərbaycanda seçki qanunvericiliyi tələblərə cavab vermir. Ona görə də, Müsavat Partiyası Seçki Məcəlləsində dəyişiklik edilməsini zəruri sayır. Bu dəyişikliklər Seçki Komissiyalarında paritet əsasların yaradılması, namizədlərin qeydiyyatı üçün depozitə qoyulmanın bərpa olunması, seçki təbliğatı dövrünün artırılması və hər bir namizəd üçün bərabər şəraitin yaradılamasıdır. Bir də bələdiyyələrin statusunun artırılması tələbimiz var. Hazırda bələdiyyələr icra hakimiyyətlərinin kölgə strukturları kimi fəaliyyət göstərir. Əgər böyük şəhər bələdiyyələrinin yaradılması və sədrlərin seçki yolu ilə seçilməsi ilə bağlı məcəllədə dəyişiklik olarsa, o halda Müsavat seçkiyə partiya şəklində qoşula bilər. Yox əgər indiki vəziyyət davam edəcəksə və heç bir dəyişiklik olmayacaqsa, onda bu məsələni rayon təşkilatları ilə müzakirə edərək bu məsələdə onlara sərbəstlik veriləcək”.

İsmayıl