Həcc ziyarətinə getmək istəyənlər diqqətli olsunlar

Maştağalı Məmməd Təqinin elanlarına aldanmayın


Əslən Bakının Maştağa qəsəbəsindən olan Məmməd Təqi (Tağıyev) adlı şəxs xüsusi sayt yaradaraq, Məşhəd və Kərbəla ziyarətlərinin təşkili ilə yanaşı, Həcc və Ümrə ziyarətləri təşkil etdiyini də elan edib. Bu barədə APA-nın məlumatında bildirilir ki, elanda builki Həcc ziyarəti ilə bağlı qiymətlər və səfər proqramları rəsmi olaraq Azərbaycanda ziyarəti təşkil edən yeganə qurum Qafqaz Müsəlmanları İdarəsinin şərtlərindən və qiymətlərindən tamamilə fərqlənir. Bununla bağlı yaradılan saytda ziyarətin şərtləri ilə yanaşı, Azərbaycanın bölgələrində də qəbul məntəqələrinin yaradıldığı elan olunub.

M.Tağıyev APA-ya bildirib ki, bu kampaniyanı Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə həyata keçirir. Onun açıqladığı qiymətlər isə QMİ-nin elan etdiyi rəsmi qiymətlərdən fərqlənir: "Nisbətən zəif şəraitdə otellərdə qalan zəvvarlar üçün 3400 manat və daha yaxşı şəraitdə olan, Hərəmə yaxın otellərdə yerləşmiş zəvvarlar üçün isə 4250 manatdır”.

M.Tağıyev bildirib ki, onlar qəbul etdikləri sənədləri və pulları məhz QMİ-nin müvafiq şöbəsinə ödəyirlər.

Məsələ ilə bağlı dünən QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızova müraciət etdik. M.Payızov "Şərq”ə açıqlamasında artıq təkziblə çıxış etdiklərini bildirdi:

- Biz bunu təkzib etmişik və elan etmişik ki, M.Tağıyev adında adam tanımırıq. Sonradan baş verəcək hər hansı anlaşılmazlığa görə də məsuliyyət daşımırıq.

Azərbaycandan müqəddəs Həcc və Ümrə ziyarətlərini təşkil etmək səlahiyyəti ancaq Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Azərbaycanda Həcc missiyasının rəhbəri QMİ-dir. Ziyarətə getmək istəyənlərin sənədləri yalnız Qafqaz Müsəlmanları İdarəsində qəbul olunur. Tağıyev soyadlı şəxsin toplayacağı sənədləri QMİ-yə təqdim etməsi də mümkün deyil. Çünki sənədləri zəvvar şəxsən təqdim etməlidir. Ona görə ki, təşkilatçı tərəf - QMİ ilə zəvvar arasında müqavilə bağlanır. Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil.

QMİ fərdi şəkildə və aydın olduğu kimi qanunsuz sənəd toplamaqla məşğul olan şəxs barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəkmi?

M.Payızov bu məsələnin onların səlahiyyətində olmadığını dedi:

- Nə üçün biz harasa müraciət etməliyik?! Biz özümüzə aid işlə məşğuluq. Sənəd qəbulunun başlanmasını elan etmişik, bütün şərtləri də göstərmişik. Və yenə də bildiririk ki, QMİ-dən başqa heç bir qurumun Həcc ziyarətini təşkil etməsi mümkün deyil. Məgər, vətəndaşların savadı yoxdu, bilsinlər hara, kimə sənəd etibar edirlər. 4-5 il əvvəl Qubada oxşar hadisə olmuşdu. Bir nəfər 10-12 adamdan sənəd yığmışdı, pulları alıb qaçmışdı. Camaat ayıq olsun. Rəsmi idarəni qoyub ayrı-ayrı şəxslərə müraciət etməsinlər. Sonra yaranacaq problemlərə görə biz cavabdehlik daşımayacağıq.

Xatırladaq ki, QMİ tərəfindən həyata keçirilən ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Məlahət Rzayeva