Suriyadan “qara kağız”lar gəlir...

Yenə öldürülən azərbaycanlılardır


Suriyadakı daxili hərbi münaqişədə azərbaycanlıların iştirak etməsi ölkəmiz üçün artıq çox ciddi problemə çevrilib. Ölkədaxili problemlər qalıb bir kənarda, Azərbaycanın bütün diqqəti Suriyaya köklənib. Nə etməli? Qanunsuz olaraq başqa dövlətin tərkibində döyüşməyə, öz dilləri ilə isə "cihad”a gedən mücahidləri necə dayandırmalı? Ən pisi də odur ki, gənclərimizin muzdlu olaraq, Suriya döyüşlərində iştirakının qarşısını almaq müşkül olub. Yazılan yazılar, deyilən tənqidlər heç bir səmərə vermir. Hətta problemin parlament səviyyəsində masaya yatırılması da bir nəticə vermədi.

Biz problemin birdəfəlik həllinə çalışarkən onların Suriya uğrunda "cihad” sevdası getdikcə alovlanır. Azərbaycanda mənasız bir savaş uğruna gənc nəslin itkisi prosesi gedir və bizim əlimizdən səssizcə bunu seyr etməkdən başqa heç nə gəlmir. Çünki heçə varan gənclərimizin Azad Suriya Ordusuna niyə və nə üçün qoşulmasının səbəblərini bilmirik. Artıq cəmiyyətin maarifləndirici tədbirlərdən, təbliğatdan əli üzülüb. Problemin hüquqi müstəvidə həlli ilə bağlı Milli Məclisdə aparılan müzakirələr də fiaskoya uğrayıb. Az qala hər gün Azad Suriya ordusunun tərkibində döyüşən həmyerlilərimizin ölüm xəbərini alırıq. Belə getsə, Suriya uğrunda döyüşən azərbaycanlıların sayı Qarabağ uğrunda şəhid olanların sayını kölgədə qoyacaq. Dünən yayılan məlumatlarda da Suriyada daha iki Azərbaycan vətəndaşı öldürülməsi ilə bağlı xəbərlər yer alıb. Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb. Onlar Suriyaya guya cihada gediblər. Əslində isə Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Azərbaycanlı gənclər isə bunu dərk etmədən cəhənnəmdə cənnət axtarırlar. Özlərini "mücahid” adlandırıb, "cihad”a getdiklərini bəyan edir,

şəhidlik mərtəbəsinə yüksələcəklərini zənn edirlər. Halbuki uğrunda özlərini fəda etdikləri bu yol onlara sadəcə günah qazandırır.

Diqqətimizi çəkən bir məsələ də Suriyada döyüşən azərbaycanlılarla bağlı yayılan ölüm xəbərlərinin bu qədər intensiv xarakter almasıdır. Necə olur ki, əlinə silah alıb, "cihad”a gedən həmyerlilərimiz elə ilk həmlədəcə pusquya düşür. Bu, azərbaycanlıların döyüş qabiliyyətinin aşağı olması ilə bağlıdır, yoxsa ortada bilmədiyimiz səbəblər var?

Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, Suriyada döyüşə gedən azərbaycanlıların qarşısını almaq üçün Azərbaycanda vətəndaş cəmiyyətnin inkişafına nail olmalıyıq: "Azərbaycanda vətəndaş cəmiyyəti o qədər yüksək səviyyədə formalaşdırılmalıdır ki, hər bir vətəndaş Azərbaycanın vətən daşı olduğunu özlüyündə dərk etməlidir. Hər bir azərbaycanlı vətəndaş cəmiyyətinin formalaşmış, intellektual potensiala sahib olan və bütün bu potensialını sadəcə vətəninə, millətinə həsr edən bir üzvü olmağa çalışmalıdır. Biz bu cəmiyyətə nail olduqdan sonra heç bir Azərbaycan vətəndaşı, heç bir Azərbaycan gənci yad təsirlərə düşməyəcək və müəyyən missiyalara xidmət etməyəcək. Öz ölkəsinin mənafelərindən kənara çıxmayacaq. Milli maraqlarımıza heç bir aidiyyəti olmayan, dövlətçiliyimizə zidd olan oyunlara getməyəcək. Nə qədər imkanımız var, dövlət, cəmiyyət səviyyəsində vətəndaş cəmiyyətinin gücləndirilməsinə xidmət etməliyik. Bildiyiniz kimi, "2020 - Gələcəyə baxış” konsepsiyasında da nəzərdə tutulub ki, Azərbaycanda vətəndaş cəmiyyəti o qədər yüksək səviyyədə qurulmalıdır ki, hər bir vətəndaş öz ölkəsində layiqli yerini tapa, öz təşəbbüslərini reallaşdıra, layihələrini gerçəkləşdirə bilsin. Belə olan təqdirdə cəmiyyətimizə və vətəndaşlarımıza kənardan heç bir təsir edilə bilməz. Əgər biz həmin mühiti yarada bilsəydik, bu gün gənclərimiz Suriyada "cihad” axtarmazdılar. Onlar bütün bunların çirkin bir oyun olduğunu və müsəlmanlar arasında ixtilaf salmaqdan başqa bir niyyətə xidmət etmədiyini anlayardılar. Bu gün Suriya uğrunda döyüşlərə qatılan azərbaycanlıların kamillik səviyyəsi kifayət qədər aşağı olduğu üçün onlar hər deyilən vədə inanır, hər təsirə aludə olur”.

Ehtiyatda olan zabit, hərbçi-ekspert Üzeyir Cəfərov isə deyib ki, gənclərimiz o ölkəyə muzdlu döyüşçü kimi getdiklərinə görə, orada qarşılarına qoyulan hərəkətləri yerinə yetirirlər: "Hazırda həmin şəxslərin hansı şəraitdə öldürülməsi məlum deyil. Bizim gənclərimizin faktiki olaraq müəyyən məqsədləri var və maddi vəziyyətlərini düzəltmək üçün bu yolu seçiblər. İstənilən halda gəncləri bu yola vadar edən səbəblər aradan qaldırılmalıdır. Cəmiyyətdə gəncləri bu yoldan çəkindirmək üçün maarifləndirmə işləri aparılmalıdır”.

Suriyadan gələn ölüm xəbərlərinin niyə bu qədər çox olmasına gəldikdə isə ekspert bunun heç də Suriyaya gedən azərbaycanlıların döyüş qabiliyyətsizliyi və döyüş hazırlığının aşağı olması ilə əlaqəli olmadığını deyib. Hərbi ekspertin sözlərinə görə, son zaman Suriyadan gələn "qara kağız”ların intensiv xarakter almasının müxtəlif səbəbləri var: "Burada açıq qalan xeyli məsələlər var. Hansı ki, bunların üzərində müvafiq qurumlar xeyli işləməlidir. Azərbaycanlılar Suriyada döyüşlərə dünən qatılmayıb ki? Onlar xeyli müddətdir Suriyada döyüşürlər. Necə olur ki, son vaxtlar azərbaycanlıların öldürülməsi ilə bağlı xəbərlər intensiv xarakter alır? Deməli, ortada nəsə ciddi bir məsələ var ki, bu məlumatlar bu qədər geniş yayılıb. Ola bilsin ki, ta əvvəldən Suriya döyüşlərində ölən azərbaycanlılar çox olub, sadəcə onların ölümü barədə məlumatlar açıqlanmayıb. Ya da ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə terror əməliyyatları həyata keçirilir. Biz unutmamalıyıq ki, Suriyada xeyli sayda erməni yaşayır. Suriyada döyüşən həmyerlilərimizin öldürülməsində onların da "əl”i ola bilər”. Həmçinin bilirsiniz ki, onları döyüşlərə çəkmək üçün böyük məbləğlər təklif olunur. Bəlkə də, ödəmə vaxtı çatanda pulu verməmək üçün özləri bilərəkdən aradan qaldırıb, yeniləri ilə əvəz edirlər. Hər şey ola bilər”.

Ü.Cəfərovun sözlərinə görə, azərbaycanlıların Azad Suriya Ordusunun tərkibinə qatılmasının qarşısını almaq üçün kompleks şəkildə maarifləndirmə işləri aparılmalıdır. Gənclərimizi bu bəladan xilas etməli və onlara bu yolun doğru olmadığını, onları uçuruma yuvarladığını izah etməliyik:

"Suriyadan ölüm xəbəri gələn azərbaycanlıların sayı bir deyil, iki deyil. Artıq onların sayı 100 çoxdan keçib, ən pisi də onların sayı getdikcə artmaqdadır. Bu bizim üçün kifayət qədər böyük

itkidir. Artıq həyəcan siqnalı çalınmalı və müvafiq qurumlar bu istiqamətdəki fəaliyyətini gücləndirilməlidir. Başqa dövlətin tərkibində döyüşməyin qanuna zidd olması ilə bağlı qanunvericilik bazamız da təkmilləşdirilməlidir. Aidiyyəti qurumlar yalnız quru bəyanatlarla kifayətlənməməli və konkret addımlar atmalıdır. Hər nə qədər biz onları qınasaq da, unutmayaq ki, sonda əsas zərbə Azərbaycan dövlətçiliyinə, Azərbaycan gəncliyinə dəyir. Bizim üçün üzücü haldır ki, Suriyada öldürülən gənclərimiz heç biri hansı amal uğrunda canlarından, ailələrindən, hətta bir qismi övladlarından keçdiklərini belə anlamır”.

Şəymən