Sürücülərin “plan”lı söyüşləri

Metronun “Elmlər Akademiyası” qarşısında əsl rəzalət yaşanıb



Nəqliyyat Nazirliyinin sərnişindaşımada tətbiq etdiyi kart sistemi də ictimai nəqliyyatın üzünü ağartmadı. Sürücülər yenə də "plan” ardınca şütüyür və bu qovğada biri-birlərini ən ağır söyüşlərlə təhqir etməkdən də çəkinmirlər. Dünən "Şərq”in əməkdaşı belə biabırçı olayın şahidi olub. Metronun "Elmlər Akademiyası” stansiyasının qarşısındakı dayanacaqda günorta saat 11:15 radələrində əsl rəzalət yaşanıb.

96 saylı marşrutun sürücüsü önünü kəsən həmkarı ilə söyüş yarışına çıxıb. Hər iki avtobusun salonunun sərnişinlərlə dolu olmasına baxmayaraq sürücülər gəlin-qız, kişi demədən, söyüşün, birini bir qəpiyə çıxarıblar. Əslində isə, vəziyyətin bu həddə gərginləşməsinə səbəb nəzarətçi qismində fəaliyyət göstərən şəxsin 96 saylı marşrutun sürücüsünə "yolu kəsmək” tapşırığı olub. Nəzarətçi, yaxud "carçı” (onlar hər iki funksiyanı yerinə yetirir), "ver qabağa, qabağa ver” deyib sürücünü "tupikə” salmaqla digər avtobusun dayanacaqdan çıxışını əngəlləməsinə səbəb olub. Digər avtobusun (səhv etmirəmsə, 95 saylı marşrut idi - M.) sürücüsü isə bunu görüb acığa öz avtobusunu irəli verməyə və "96”nın yolunu kəsməyə başladı. Sərnişinlər bu qovğanı izləməkdə, sürücülərsə söyüş yağdırmaqda idi. "Əəə, adam cındır olmaz...” "Cındır özünsən...” "Bu saat düşüb səni...” "Dud, dud, dud...” Burada bəzi filmlərdəki kimi dud, dud, dud...”suz keçinə bilmədik.

İş o yerə çatmışdı ki, sərnişinlər də artıq davanı "körükləyirdilər”. "A kişi, söyüşlə məsələ həll olmaz. Düşün aşağı, təpik, şillə... Bıçağınız yoxdu? Bıçaqlaşın, qutarsın, getsin...” Təbii ki, bunlar sərnişinlərin davaya ironik yanaşması idi. Sürücülər o həddə qızışmışdılar ki, sanki ən qatı düşmənlər üz-üzə gəlmişdi.

İctimai nəqliyyatdakı bu abırsızlıqla bağlı 96 saylı marşrutun tabe olduğu "Tarnsqeyt” MMC-nin "Qaynar xətt”inə müraciət etdik. "Qaynar xətt”də şikayətimizin rəhbərliyə çatdırılacağı bildirildi. Bununla kifayətlənməyib marşrutun rəisi Hacı Rafiqlə də əlaqə yaratdıq. Hacı Rafiq baş vermiş olayla bağlı araşdırma aparılacağını və lazımi tədbir görüləcəyini bildirdi. Marşrut rəisi sürücülərin xətdən kənarlaşdırılacağını istisna etmədi. Və bu haqda əlavə məlumat veriləcəyini də dedi.

Məlahət