Məktəblərə şərt qoyuldu

Şagirdlərlə düzgün davranmayan müəllimlər işdən azad olunacaq
Almaz Həsrət: “Qanun çərçivəsində və dövlət tərəfindən belə bir öhdəliklərin imzalanması alqışalayiq qərardır və mən bunu dəstəkləyirəm”

Orta məktəblərdə müəllim, valideyn, şagird narazılığı nəzərə alınaraq yeni bir addım atılıb. Bunu adının açıqlanmasını istəməyən orta məktəb müəlliməsi xəbər verib. Məlumatda bildirilir ki, təxminən 10 gün əvvəl Bakı şəhərindəki orta məktəblərin bir çoxunda müəllimlərə müəyyən şərtlər yazılan blank təqdim olunub.

Burada şagirdlərə qarşı kobud davranmamaq, onları təhqir etməmək, şagirdə qarşı fiziki zorakılıq tətbiq etməmək, onu nəyəsə məcbur etməmək kimi faktorlar öz əksini tapıb. Sonda imza üçün ayrılan hissənin qarşısında bunlar yazılıb: "Göstərilən şərtləri pozacağım təqdirdə işdən çıxarılmağıma etiraz etmirəm”.

Digər bir məlumata görə, müəllimlərin bir çoxu atılan addımı özlərinə qarşı yönələn təxribat kimi qiymətləndirir. Ümumiyyətlə, bunun həm də müəllim adı üçün təhqir olduğunu vurğulayırlar. Məktəb rəhbərliklərinin şagirdlərin məsələdən xəbər tutmaması üçün də müəllimlərə xüsusi tapşırıq verdiyi bildirilir. (modern.az)

Əməkdar müəllim Almaz Həsrət isə bu barədə məlumatlı olmasa da, orta məktəblərdə şagirdlərə qarşı kobud davranan, onları təhqir edən, şagirdə qarşı fiziki zorakılıq tətbiq edən, onu nəyəsə məcbur edən müəllimlər qarşısında belə bir öhdəliklərin qoyulmasının təqdirəlayiq olduğunu deyib: "Qanun çərçivəsində və dövlət tərəfindən belə bir öhdəliklərin imzalanması alqışalayiq qərardır və mən bunu dəstəkləyirəm. Bu zaman müəllimlər öz hüquq və vəzifələrini biləcək və o cür davranacaq”. Müəllimlərin şagirdlərə qarşı qəddar münasibət bəsləməsinin, onlara kobud davranmalarının əleyhinə olduğunu vurğulayan Almaz Həsrət müəllimlərin bir çoxunun atılan addımı özlərinə qarşı yönələn təxribat kimi qiymətləndirməsinin əsassız olduğunu deyib: "Mən heç də o fikirdə deyiləm ki, bu, müəllim adı üçün təhqirdir. Hesab edirəm ki, özünə hörmət edən müəllim heç bir şagirdə mənfi təsir göstərə biləcək addım atmamalı və ona əl qaldırmamalıdır. Əgər şagirdlərə qarşı kobud davranan, onları təhqir edən müəllimlər qarşısında belə bir öhdəliklərin qoyulmasına etiraz edən müəllim varsa, deməli, həmin adam şagirdlərə qarşı bu cür zorakılıqlar tətbiq edir və onların şəxsiyyətini alçaldan addımlar atır. Heç bir müəllimin şagirdlərin sərbəstliyinə mane olmaq hüququ yoxdur. Əgər biz dünyaya inteqrasiyadan danışırıqsa, şagirdlərin də hüquqlarını tanımalıyıq. Bu gün dünyada elə orta məktəblər var ki, şagirdlər onlara dərs verəcək müəllimləri özləri seçir. Azərbaycanda tədricən ali təhsil müəssisələri bu sistemə keçsə də, hələlik orta məktəblərdə belə bir mexanizm mövcud deyil. Biz bütün bu inkişafı nəzərə alaraq özümüzü şagirdlərə sevdirməyə çalışmalıyıq, onları özümüzdən uzaqlaşdırmağa yox”.

Əməkdar müəllimin sözlərinə görə, doğrudan da orta məktəblərdə müəllimlərin qarşısına şagirdlərlə münasibətdə müəyyən öhdəliklər qoyulursa, həmin öhdəliklərdə kriteriyalar da əlavə olunmalıdır: "Hesab edirəm ki, məlum öhdəliklər üzərində peşəkarlar çalışmalıdır. Başdansovdu qərar vermək sonradan müəllim-şagird münasibətlərini daha da gərginləşdirə bilər. Bilirsiniz ki, şagirdlər tələbkar müəllimləri sevmir. Məlum öhdəliklərin icrasından sonra bu cür müəllimlərə qarşı subyektiv kampaniyalar da başlaya bilər ki, bu da xoşagələn deyil. Ona görə də, bu sistemə düzgün nəzarət olunmalı və düzgün meyarlar seçilməlidir”.

Şəymən