İran xəstələrimizə lüks şərait yaradıb

“Orada bir azərbaycanlı görən kimi, soruşurlar ki, “həkimə gəlmisiniz?”


İki gün öncə İrana işgüzar səfərdən qayıtmış Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov orada gördüklərindən heyrətə gəlib. AİB sədrinin heyrətinə səbəb olansa İrana müalicə məqsədilə gedən azərbaycanlılara hərtərəfli şəraitin yaradılması və yüksək səviyyəli xidmətdir. Bu barədə AYB sədri "Şərq”ə gördükləri haqda daha ətraflı danışdı.

- Həqiqətən də orada gördüklərimə çox üzüldüm. Azərbaycandan avtobusla İrana gedənlərin demək olar ki, hamısı həkimə gedənlərdir, xəstələrdir. Ora müalicə məqsədilə gedirlər. Avtobusda sərnişinlərin söhbətinə şahid olmaq kifayətdir ki, məsələnin nə yerdə olduğunu anlayasan. İran tərəfi də azərbaycanlıların kütləvi axınını görüb, qəşəng infrastruktur yaradıblar. Azərbaycan vətəndaşlarının daşınması üçün xüsusi avtobuslar ayrılaraq xəttə buraxılıb. Hətta Azərbaycandan gedən xəstələrin və onların yaxınlarının gecələməsi üçün ucuz otellər də fəaliyyət göstərir. Məsələn, Tehranda "Savalan” otelində bir gecə qalmağın qiyməti 17 manatdır. Vətəndaşları avtobuslarla birbaşa otelə aparırlar, yerləşdirirlər, kimin hansı həkimə gedəcəyini müəyyən edirlər, həkimin işlədiyi yerə aparırlar. Bu işi görən xüsusi adamlar var, təbii ki, müəyyən məbləğ müqabilində bu xidmətləri təklif edirlər. Orada bir azərbaycanlı görən kimi, soruşurlar ki, "həkimə gəlmisiniz?”. İran xəstəxanalarında azərbaycanlı xəstələrin sayı həqiqətən də çoxdur.

"Bəs sizi üzən nədir” sualına isə E.Hüseynov qarşılıqlı sualla cavab verdi:

- Bizim vətəndaşlarımıza nə olub belə?! Niyə Azərbaycan insanı sözün böyük mənasında DƏRDƏ DÜŞÜB?! Bunu bir araşdıran, səbəbləri tapan olmalıdır axı!.. Şəxsən mən qərar qəbul etmək iqtidarında olsaydım, məmurların xarici ölkələrə müalicəyə getməsinə qadağa qoyardım. Çünki bu ölkədə özəl klinikaları açan ya məmurlardır, ya da onların havadarlıq etdiyi şəxslər. Ölkədə bu qədər özəl klinika, dövlət xəstəxanaları fəaliyyət göstərdiyi bir halda niyə məmurlar, imkanlı şəxslər xaricə müalicəyə gedir? Deməli, buradakı həkimlərə, Azərbaycan tibbinə, səhiyyəsinə etibar etmirlər. Hər şeyi açıq söyləmək lazımdır. Nə qədər ki, səhiyyəmizdə yığılıb qalmış problemlər ört-basdır ediləcək, bu sahə inkişafdan geri qalacaq. Mənim masamın üzərində bu dəqiqə nə qədər şikayət var. Həkimlərdən, apteklərdən. Bir kişinin 18 yaşında qızını Türkiyədən gəlmiş həkim əməliyyat edib, qız ölüb. Qızın beyninə su yığılıbmış, atasına deyiblər, 10 min manat gətir, əməliyyata başlayaq. Kişi evini satıb, həkimə verib. Amma 3 gün sonra qız ölüb. Biz hara müraciət etdiksə də, o həkimin məsuliyyətə cəlb olunmasına nail ola bilmədik. Klinika həkimi "ələ vermədi”. Elə bir sənəd də tərtib ediblər ki, anlamaq olmur nə yazıblar. 16 yaşında bir oğlan da bu cür həkim məsuliyyətsizliyinin qurbanı olub. Bu şikayətlər bizə daxil olub. Ancaq nə qədər çalışırıq, həkimlərin məsuliyyətə cəlb olunmasına nail ola bilmirik. Həkimlərin nə maddi məsuliyyəti var, nə də cinayət məsuliyyəti. Pasiyent əməliyyatdan çıxmır, amma ödənmiş pulu da geri qaytarmırlar. Bunlara qarşı heç bir iddia ilə çıxış etmək mümkün deyil. Çünki ortada sənəd-sübut qoymurlar, izi itirirlər. Mən İrandan Azərbaycana həkim dəvət edilməsi prosesi ilə də maraqlandım. Bildirdilər ki, heç bir tanınmış həkim-mütəxəssis öz xəstələrini qoyub digər ölkəyə getməz. Halbuki Azərbaycanda özəl klinikaların qarşısında iranlı həkimlərin qəbuluna düşmək istəyənlər növbəyə dayanır. Bütün telekanallarda özəl klinikalar və ora dəvət olunmuş xarici həkimlərin reklamı gedir. Bizə daxil olan şikayətdə valideyn yazır ki, "Nərgiz” klinikasında bir iranlı həkimin qəbuluna düşmək üçün səhərdən axşamadək növbə gözləyiblər. Həkim onların psixi xəstə olan uşağını gecə saat 2-də qəbul edib. Uşağı müayinə etdikdən sonra onlara psixotrop dərman yazıb. Bu həkimləri kim yoxlayır, necə olur ki, onlar gəlib burada sərbəst fəaliyyət göstərirlər? Yaxşı həkim öz ölkəsində pasiyentlərini qoyub başqa ölkəyə getməz.

Bəs AYB sədri durumun dəyişməsi üçün nə təklif edir?

E.Hüseynovun təklifləri bundan ibarət oldu:

- Birincisi, təcili surətdə "Pasiyentlərin hüquqları haqqında” qanun qəbul olunmalıdır. 4 ildir bu qanun Milli Məclisdə "yatır”. O qanun qəbul olunmalıdır ki, xəstələrin qəbul standartları, həkim məsuliyyəti, keyfiyyətsiz tibbi xidmətə görə kompensasiya ödənilməsi məsələləri əksini tapsın. Pasiyentlərin həkimlərə qarşı iddia qaldırması üçün hüquqi sənəd olsun. Bizdə həkim səhvinə görə

cəza verilmir. Cəza kiminsə işdən kənarlaşdırılması, töhmət, şiddətli töhmət olur. Bəs insanın həyatını itirməsi nə ilə əvəz edilməlidir? Bu insanların ailəsinə dəymiş maddi və mənəvi ziyan ödənməlidir. Xəstəxanalarda, klinikalarda sənədləşmə işi aparılmır. Həkimin ilk işlərindən biri bu olmalıdır ki, pasiyenti qəbul etdikdə qoyduğu diaqnoz barədə möhürlü sənəd versin. Bilinsin ki, bu adama nə diaqnoz qoyulub.

İkincisi, ölkəyə gətirilən tibbi avadanlıqların vaxtaşırı yoxlanması prosesi həyata keçirilməlidir. Buna tibbi dildə "kalliqrasiya” deyilir. Cihazlar məlum etalonlarla tutuşdurulmalıdır. Yoxlanmalıdır ki, bu cihazlar düzgün işləyirmi, onların müayinəsinə etibar etmək olarmı? Cihazlar yoxlanmır, xarici həkimlər attestasiyadan keçirilmir. Biz bilmirik, sağlamlığımızı etibar etdiyimiz həkimlər kimdirlər, haradan gəliblər, öz ölkələrində onlar ixtisaslı kadr kimi qəbul olunurlarmı?

Üçüncü vacib məsələ isə apteklərlə bağlıdır. Bilirsiz, Azərbaycanda özəl klinika-aptek-dərman distrübyüteri "koalisiyası” fəaliyyət göstərir. Həkimlər konkret dərman şirkətləri ilə, apteklərlə müqavilə əsasında işləyir və pasiyentlərini məhz faiz aldıqları apteklərə, faiz əldə etdikləri dərmanları almağa gönədirirlər. Bu böyük bir şəbəkədir və insanların sağlamlığına qənim kəsiliblər. Azərbaycanda insanların sürətlə kimyalaşdırılması prosesi gedir. Keyfiyyətsiz tibbi xidmət, üstəgəl, keyfiyyətsiz və bahalı dərman preparatları insanlarımızı iflic edir. Təsəvvür edin ki, İranda 1 manata satılan dərman, Bakıda 10 manatdır. Bu fərq haradan yaranır və niyə yaranır? Bu məsələlərlə, artıq Milli Təhlükəsizlik Nazirliyi məşğul olmalıdır.

Məlahət Rzayeva