Prezidentlərin Haaqa görüşü nə vəd edir?

Aydın Mirzəzadə: “Bu görüşün keçiriləcəyi ilə bağlı bəyanat verilməmişdi”
Vəfa Quluzadə: “Prezidentlərin Haaqa görüşü də nəticəsiz qalacaq”


Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş baş tutub. Ölkə başçıları bu dəfə ABŞ-ın təşəbbüsü ilə Haaqada danışıqlar aparıblar. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz "Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentləri Haaqada Nüvə Təhlükəsizliyi Məsələləri üzrə Sammit çərçivəsində görüşüblər. Həmsədr "Twitter” istifadəçilərinə belə bir sual da ünvanlayıb: "Tərəflər əvvəlki tək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapmasına tərəfdardırlarmı?”

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü də şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə bu görüşün protokoldan kənar bir proses olduğunu deyib: "Bu görüşün keçiriləcəyi ilə bağlı bəyanat verilməmişdi və sammit çərçivəsində Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə baş verib. Müəyyən fikir mübadiləsi aparılır. Hesab edirəm ki, bu cür fikir mübadilələrinin aparılması sonrakı görüşə daha yaxşı hazırlaşmağa və məsələlərin aksentini düzgün qurmağa kömək edəcək”.

"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə isə hesab edir ki, Rusiya Minsk Qrupunda qaldığı müddətdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli baş tutan deyil: "Nə vaxt ki, Birləşmiş Ştatlar Ermənistanı Rusiyadan ayıracaq, o zaman bu cür danışıqlar prosesində müsbət nəticələr əldə olunacağına dair ümid etmək olar. Hələ ki, Ermənistan Rusiyanın dabanı altındadır. Ona görə də, prezidentlərin Haaqa görüşü də nəticəsiz qalacaq. Yəni bu görüş də əvvəlkilər kimi formal xarakterlidir. Məncə, bu dəqiqə hər kəs kimi Ermənistan da Rusiyanın axırını gözləyir. Əgər qərb Kremli küncə sıxışdıra bilsə, Ermənistan avtomatik olaraq yola gələcək. Əks halda, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə nail olunmayacaq. Hələ ki, qərb cüzi sanksiyalarla Rusiyaya təzyiq etdiyi üçün problemin həllindən danışmağa dəyməz”.

Şəymən