Qarabağ ətrafında vəziyyət gərgindir

“Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir edir”


"Krımın Rusiya tərəfindən ələ keçirilməsi Qafqazda narahatlığı gücləndirir və son vaxtlar regionda sərhəd boyu hərbi aktivlik müşahidə olunmaqdadır. Azərbaycan Krımdan narahat olaraq sərhədə qoşun yığır”.

"European Voice” nəşrinin redaktoru Endryu Qardnerin məqaləsində belə deyilir. Nəşr yazır ki, son iki ay ərzində Gürcüstan Rusiya təyyarələrinin onun hava məkanına müdaxiləsi barədə xəbər verib, Azərbaycanın Ermənistanla sərhədində isə hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə edilir. Məqalədə bildirilir ki, Rusiyanın hərbi müdaxiləsi Soçi olimpiadası keçirildiyi dövrdə də baş verdi. E.Qardner yazır ki, Ermənistanla bağlı situasiya xüsusən həssasdır. Ölkənin Rusiyanın təzyiqlərinə qarşı nə dərəcədə açıq olduğu ötən ilin payızında göründü.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli da hesab edir ki, Krımın Rusiya tərəfindən ilhaq edilməsi, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir edir: "Krım hadisələrinə görə Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda ABŞ və müttəfiqlərinin Rusiya ilə münasibətləri son dərəcə gərginləşib. İş elə gətirib ki, bu gün münasibətləri həddindən artıq gərginləşən tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlayıblar. Ermənistanın İrs Partiyasının rəhbəri Raffi Ovannisyan isə deyir ki, rəsmi İrəvan indiki vəziyyətdən maksimum faydalanaraq hamıdan öncə qondarma respublikanı tanımalıdır. Yəni fürsətdən istifadə edib referendum məsələsini də gündəmə gətirmək istəyirlər. Digər yandan Rusiyanın avantürist siyasətçiləri təklif edirlər ki, Dağlıq Qarabağ Ermənistana deyil, Rusiyaya birləşdirilsin və bununla bağlı referendum keçirilsin. Əlbəttə, bu cür təkliflər və yanaşmalarla sülh prosesini pozmağa çalışırlar. Bunlar təzyiq mexanizmləridir. Dağlıq Qarabağda referendum keçirmək, ərazinin Ermənistana və ya Rusiyaya birləşdirilməsi kimi yanaşmalara qərbin mövqeyi birmənalıdır. Hesab edirəm, heç bir halda bu ssenarilər işləməyəcək”.

E.Nəsirli regionda hərbi əməliyyatların başlanacağına inanmır: "İndiki halda həmsədr dövlətlərin əsas niyyəti ondan ibarətdir ki, vəziyyət heç bir halda hərbi əməliyyatlara keçməsin. Vəziyyətin kifayət qədər mürəkkəbləşməsinin müharibəyə gətirəcəyindən ehtiyat edən ölkə rəhbərləri də Haaqada yüksək səviyyədə görüşə nail oldular. Bu da onu göstərir ki, tərəflər bir müddət daha atəşkəs rejimini qoruyub saxlamaq istəyirlər. Bir sözlə, indiki halda müharibə versiyası aktual deyil”.

Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirləri şərh edən politoloq belə bir təhlükənin olduğunu istisna etmir: "V.Jirinovski bir alət olsa da, yuxarı hərbi-siyasi dairələr demək istədiklərini onun ağzı ilə dilə gətirirlər. Ona görə də, daha ehtiyatlı olmalı və belə təxribatçı bəyanatlara uymamalıyıq. Azərbaycan dövləti çoxvektorlu siyasət yeridir. Biz Qərblə yaxın münasibətdəyik. Avropa ilə enerji sahəsində əməkdaşlığı genişləndiririk. Rusiya ilə də iqtisadi baxımdan çox sıx təmasımız var. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Biz bu gün NATO və Avropa İttifaqına daxil olmaq məsələlərini gündəmə qoymamışıq deyə manevr etmək imkanlarımız var. Hesab edirəm ki, Azərbaycan indiki situasiyadan çevik diplomatik gedişlərlə özünü qoruya bilər”.

İsmayıl