“Ərdoğanın partiyası 3-4 faiz səsini artırdı”

Fərhad Mehdiyev: “Sonuncu səs yazısının yayılmasında hökumətin özünün əli var”


Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə sarsılan ölkədə budəfəki seçkilərin çox ciddi dəyişikliklərə səbəb olacağı ehtimal edilir. Bundan əlavə, bir gün öncə internetə yerləşdirilən və Türkiyənin 4 yüksək vəzifəli şəxsinin yer aldığı səs yazısı paytaxt Ankarada böyük narahatlıq yaradıb.

Audio yazıda xarici işlər naziri Əhməd Davudoğlunun, ordu generalı Yaşar Gülərin, Türkiyə Dövlət Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın və xarici işlər nazirliyinin müşaviri Feridun Sınırlıoğlunun adı yer alıb. "YouTube”-də yayılan səs yazısında söhbət iştirakçılarının Türkiyə daxilindəki siyasi böhranı çözmək məqsədilə Suriya tərəfdən Türkiyəyə qarşı hücum təşkil etməkdən və buna cavab olaraq Türkiyə-Suriya müharbəsinə başlamaqdan gedir.

Seçki prosesi, ölkədəki siyasi ab-hava ilə bağlı suallarımızı Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, politoloq Fərhad Mehdiyev cavablandırıb.

- Türkiyədəki son siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Türkiyədə vəziyyət heç də ürəkaçan deyil. Daha açıq desəm, bu günləri qardaş ölkədə siyasi böhran yaşanır. Son səs yazılarından sonra isə vəziyyət olduqca gərgindir. Onu da deyim ki, Türkiyədə "YouTube” bağlandı, "facebook”-un da bağlanması gündəmdədir. Bütün bunlar isə demokratik böhrana səbəb olacaq amillərdir. Çünki sosial şəbəkələrə qadağa birbaşa ifadə azadlığına müdaxilədir ki, Türkiyə xalqı buna öz etirazını bildirəcək.

- MİT rəhbərinin də iştirakı ilə 4 Türkiyə rəsmisinin Xarici İşlər Nazirliyində apardığı məxfi müzakirələrin dinlənilməsi və səs yazısının yayılması nə dərəcə realdır?

- Sözün açığı, mən bu səs yazılarının yayılmasında birbaşa hökumətin əli olduğu qənaətindəyəm. Bilirsiniz ki, bu səs yazısının yayımlanması birmənalı olaraq dövlətə xəyanət hesab olunur və böyük cinayətdir. Çünki həmin görüşdə dövlət sirləri müzakirə olunub. Hər biri çox gözəl bilirdi ki, telefonlar dinlənilir. Səs yazısında diqqətimi çəkən baş nazirin xətt gözləməsi ilə bağlı məqamdır. Hər bir ölkədə dövlət sirlərinin müzakirəsi zamanı təhlükəsizliklə bağlı ciddi tədbirlər görülür. MİT-də aparılan danışıqları dinləmək və onları qeydə almaq o qədər də asan məsələ deyil. Düşünürəm ki, bu səs yazılarını qeydə alanlar barəsində ciddi araşdırma aparılmayacaq. Əks halda, hakimiyyət özünü ələ vermiş olar.

- Səs yazıları nəyə hesablanıb?

- Birmənalı olaraq, AKP-nin itirmiş olduğu nüfuzunun qaytarılmasına. Son səs yazıları Türkiyədə yolsuzluq olayları başlayan bu günə qədər internetdə yayımlanan bütün səs yazılarını kölgədə qoydu və hökumətin işinə yaradı. Çünki bu səs yazısında söhbət birmənalı olaraq Türkiyənin milli maraqlarından gedir. Yəni 4 Türkiyə rəsmisinin XİN-də apardığı məxfi müzakirələr hökumətin nüfuzuna heç bir ləkə salmır. Hər bir dövlət zəruri hallarda müharibə apara bilər, bu normaldır. Amerika istədiyi ölkəyə hücum etdi, heç kim də onu qınamadı. İndi də Rusiya milli maraqları üçün Krıma girdi. Burada heç bir sıxıntı yoxdur və istənilən analitik bunu başa düşür. Hətta danışıqlarda Türkiyə-Suriya müharibəsinin ortaya atılmasından Birləşmiş Ştatların xəbərdar olmasına da toxunulub. Guya ki, Türkiyə seçkilərə görə bir ildir Suriyaya vaxt verib. Artıq Amerikada yaşıl işıq yandırdığı üçün Suriyaya girmək vaxtıdır. Yuxarıda da qeyd etdiyim kimi, böyük ehtimalla bu səs yazısı hökumət tərəfindən ortaya sızdırılıb. Amma bu, çox böyük səhvdir. Hökumətin özünü xilas naminə bu cür çirkin oyunlara əl atması qəbulolunan deyil. Ölkələrin tarixini incələsək, belə bir qalmaqalla rastlaşmarıq. İnanmıram ki, bu qədər geniş, bu qədər böyük ajiotaj doğuran səs yazılarını hansısa kənar qüvvələr internetdə yaysın.

- Bu səs yazıları Türkiyə İstihbaratını nüfuzdan salmayacaq ki?

- Məlum səs yazıları müəyyən mənada MİT-in tamamilə qeyri-peşəkar olduğuna dair ehtimalları da üzə çıxaracaq ki, mən Türkiyə təhlükəsizliyinin bu cür qeyri-peşəkarların əlində olduğunu zənn etmirəm. Bu səs yazılarını yaymaqda MİT-in məqsədi gündəmi dəyişmək və fikirləri yayındırmaqdır. Təhlükəsizlik işlərindən az da olsa başı çıxan hər kəs bilir ki, bu cür danışıqlar heç vaxt dinlənə biləcək bir yerdə aparıla bilməz.

- Fərhad bəy, martın 30-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proses necə gedir? Hansısa proqnozlar səsləndirmək mümkündürmü?

- Məlum səs yazıları elə AKP-nin seçkilərə hazırlıq prosesidir. Bu cür yazılarla onlar hakim partiyanın səsini artırmaq istəyirlər və düşünürəm ki, buna da nail olacaqlar. İndi hər kəs hökumətin xəyanətə məruz qaldığına inanır, bu səs yazısını ortaya atanları isə türk millətinin, türk dövlətinin ən böyük düşməni, vətən xaini gözündə görürlər. Mən də hesab edirəm ki, bu dinləmələri yayanlar mütləq tapılmalı və cəzalandırılmalıdır. Amma zənnimcə, hökumət seçkilərə az vaxt qalması bəhanəsi ilə ört-basdır edəcək. Ehtimal var ki, bu səs yazılarından sonra Ərdoğanın partiyası 3-4 faiz qabağa düşəcək. Vanda mitinqdə çıxış edən zamanı baş nazirin səsinin batması zamanı itirdiyi nüfuzunu geri alacaq.

- Deməli, seçkilərdə hakim partiyanın şansı daha böyükdür...

- Belə görünür. Əslində bələdiyyə seçkiləri olduğu üçün qalibiyyətdən daha çox bələdiyyə qazanmaq məsələsindən söhbət gedə bilər. Seçkilər müxtəlif şəhərlərdə keçiriləcəyi üçün birmənalı proqnoz vermək də olmur. Böyük ehtimalla İzmirdə səs çoxluğunu CHP alacaq. İstanbul isə mübarizə meydanı olacaq. Son seçkilər göstərdi ki, Sarıgül 2-3 faiz öndədir. Amma səs yazılarından sonra AKP-nin İstanbulda qalib çıxması gözləniləndir. Ankarada isə çox güman ki, Ərdoğanın partiyası uduzacaq. "Tvitter” və "YouTube”-nin bağlanması AKP-nin xeyrinə olmayacaq. Ankara da məmur şəhəri olduğu üçün mediaya müdaxilə etiraz doğuracaq.

Şəymən