Spikerlə İlyas İsmayılov arasında qrup davası getmir

Zahid Oruc: “Onlar arasındakı münasibətlər mürəkkəb və ya dərinə işləyəcək qədər ziddiyətli deyil”


Milli Məclisin spikeri Oqtay Əsədovla deputat İlyas İsmayılov arasında gərginlik yaşanıb. Belə ki, Milli Məclisdə hökumətin hesabatı zamanı İlyas İsmayılov hesabatla bağlı müxtəlif iradlarını bildirib.

Onun çıxışı demək olar ki, hökumətin illik fəaliyyətini sərt tənqid etməkdən, müxtəlif çatışmazlıqlardan misal gətirməkdən ibarət olub. Çıxışından sonra deputata cavab verən spiker Oqtay Əsədov ona irad tutub: "İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”. Bu zaman İ.İsmayılov yerdən spikerin sözünü kəsərək ona replika atıb: "Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”. Deputatın sərt replikası spikeri əsəbiləşdirib: "İrad tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, sənin kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”. Bundan sonra İ.İsmayılov yerdən ayağa qalxaraq səsini qaldırıb: "Siz kimsiniz mənimlə belə danışırsınız?! Mən millətin vəkiliyəm və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur”.

Spiker onun sözünü kəsərək daha sərt cavab verib: "Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç olmasa, özünə hörmət qoy!”. Daha sonra spiker ona imkan verməyərək növbəti deputata söz verib.

Milli Məclisdə spikerlə deputat arasında yaşanan bu mübahisəyə münasibət bildirən millət vəkili Zahid Oruc: "Parlamentdə siyasi diskussiyalar və eyni siyasi baxışı bölüşməyən millət vəkilləri arasında polemikalar müxtəlif dönəmlərdə meydana çıxır. Dünyanın əksər qanunverici orqanlarında siyasi debatların xarakteri bəzən emosiyaların qədərindən artıq aşması şəraitində bu cür fikir toqquşmaları olur ki, həmin polemikaların müəyyən dövr ərzində davam etməsinin də şahidi oluruq. Təbii ki, iki millət vəkili arasındakı mübahisəyə münsif olmaq və tərəflərdən hansının haqlı və ya haqsız olduğuna dair rəy vermək çox yanlış olardı. Əslində parlamentdə hər kəs müxtəlif diskussiyalarda çox rahat şəkildə iştirak edir, spiker də ayrı-ayrı deputatların mövqelərini təftiş edir. Epizodik formada ifadə olunmuş mövqelər qəbul edilməyəndə isə ona qarşılıq verilir. Hesab edirəm ki, bunu əlahiddələşdirmək və parlamentdaxili qalmaqal kimi qələmə vermək də çox yanlış olardı. Zənn edirəm ki, onlar arasındakı münasibətlər mürəkkəb və ya dərinə işləyəcək qədər ziddiyətli deyil ki, xüsusi vasitəçilərə ehtiyac duyulsun. Spikerin 9 illik parlament idarəçiliyi dönəmidə Məclisdə yaranmış hər hansı bir anlaşılmazlığı sonrakı dönəmlərdə tənzimləmək və yoluna qoymaq mümkün olub. Şəxsən mənimlə yaşanan fikir anlaşılmazlıqları bu cür olub. Mənə elə gəlir ki, həmkarlarım arasındakı fikir ayrılığını dərinləşdirmək və onlar arasındakı münasibətlərə müxtəlif tərəfləri və ya parlament üzvlərini cəlb etmək olmaz. Həmin situasiya hökumətin hesabatı zamanı meydana çıxıb və sonrakı dönəmdə yoluna qoyulacağına əminəm”.

Şəymən