Yanlış addım...

Şeyx, Ayətullahın kitabından başlamalı deyildi



Qafqaz Müsəlmanları İdarəsi öz təbirincə, dini maarifləndirmə işinə start verdi. İlk addımı da iranlı Ayətullah Cəfər Sübhaninin "Vəhhabi cərəyanı” adlı kitabını təkrar nəşr etdirərək məscidlərə paylamaq oldu. QMİ-nin məlumatına görə, kitab qurum nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib, redaktoru QMİ sədrinin müavini, müfti Hacı Salman Musayev, tərcüməçisi isə Yusif Bağırovdur.

Kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ekspertizadan keçib. QMİ kitabın nəşrini dini maarifçilik istiqamətində görülən işlərə aid edir və prosesin din xadimləri üçün seminar və kursların təşkili formasında davamının olacağını bildirir. QMİ-dən bildirirlər ki, digər tədbirlər barədə "vaxtı çatdıqca” məlumat veriləcək.

Əslində, QMİ belə bir kitabın nəşrinə Suriya olaylarının təkan verdiyini təkzib etmir. Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova KİV-ə açıqlamasında "Bu mövzu aktuallıq kəsb etdiyi üçün kitab yeni redaktədə çap olundu” deyib. Məlumdur ki, yanvarın sonunda QMİ Elmi-Dini Şurasının toplantısı keçirilmişdi və orada Suriyaya döyüşə getməyin cihad olmadığı, həmin döyüşlərdə öldürülənlərin də şəhid hesab edilmədiyinə dair Şeyxülislam ictimaiyyətə bəlli mesajlar vermişdi.

Görünən budur ki, QMİ Suriyaya şəhidlik ardınca gedənlərin qarşısını almağa çalışır və adıçəkilən kitabı təkrar nəşr etdirib yaymaqla da bu məqsədə xidmət etdiyini düşünür.

İlahiyyatçı Elşad Miri isə fərqli fikirdədir və hesab edir ki, belə bir kitabın nəşri, həmçinin məscidlərə paylanması, əksinə, zərərlidir:

- QMİ maarifləndirmə işi aparmaq istəyirsə, açıq-aşkar tərəf kimi çıxış edən bir şəxsin kitabını nəşr etdirib yaymamalıydı. Məlumdur ki, kitabın müəllifi Ayətullah Cəfər Sübhani şiə təriqətinin mənsubudur. İranlı Ayətullahdır. Bu, çoxdan nəşr olunmuş kitabdır, vaxtilə bu kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin redaktəsi ilə çap edilmişdi. Yəni, bu, hazır kitabdır, sadəcə, görüntü olsun deyə, onu yeni redaktə ilə təkrar nəşr ediblər. Və niyə məhz Ayətullah Sübhaninin kitabını? Yəni, o boyda QMİ-də əli qələm tutan, dini cərəyanları bilən bir adam tapılmadı ki, iranlı Ayətullahın kitabı təkrar nəşr edildi? Digər tərəfdən, bu kitabın sadəcə adı artıq qıcıq yaradır; "Vəhhabi cərəyanı”. Bəzilərinin "vəhhabi” adlandırdığı təriqət mənsubları özlərini sələfi adlandırırlar. Onların dilində "vəhhabi” sözü işlənmir. "Vəhhabi” kəlməsi yalnız şiə aləmində - İranda, İraqda, Suriyada və s. işlənir. Özünü sələfilər adlandıran cərəyan nümayəndələrini bizim "vəhhabi” adlandırmağımız nə dərəcədə doğrudur? Üstəlik, nəzərə alsaq ki, "Vəhhab” Allahın 99 gözəl isimlərindən biridir, bu tərəfdən də həmin sözü, bu şəkildə kimlərəsə aid edərək işlətmək doğru deyil və ayıbdır. Əgər QMİ həqiqətən də maarifçilik istiqamətində işlər görmək istəyirsə, buna heç bir halda Ayətullahın kitabından başlamamalıydı. Çünki bununla QMİ artıq tərəf kimi çıxış edir. Və şiə olmayanlara qarşı sanki kampaniyaya start vermiş olur. Sələfilərə qarşı çıxır. Halbuki QMİ birləşdirici mövqe tutmalı, məzhəb qarşıdurması yarada biləcək məsələlərdən uzaq durmalıdır. QMİ dini maarifləndirmə işi aparmaq istəyirsə, islamın birləşdirici missiyasından, dinimizin ali keyfiyyətlərindən bəhs edən kitabların nəşrinə üstünlük verməli, məhz bu məzmunlu, müsəlmanları birliyə, qardaşlığa dəvət edən kitabların, kiçik həcmli broşüraların nəşrinə çalışmalıdır. Allah-təala "Qurani-Kərim”də buyurur ki, Allahın ipindən hamınız birlikdə möhkəm yapışın, firqələrə parçalanmayın. Bəs biz belə firqələşməklə hara gedirik? Bu kitab məscidlərə paylanır, onu imamlar, axundlar oxuyacaq və yəqin ki, məscidə gələnlərə də təlqin etməyə çalışacaqlar. Deməli, sələfilərə qarşı nifrət, qeyri-dost münasibət formalaşacaq. Bəs onda QMİ-nin dini mərkəz olaraq barışdırıcı missiyası harada qaldı? QMİ nəsə iş görmək istəyir, amma yenə də yanlış siyasət aparır, əvvəlki səhvlərini təkrarlayır.

Məlahət Rzayeva