Məhbəsdə can verənlər...

Xəstə məhbusların azadlıqda vəfat etməsi üçün addımlar atılmalıdır
Səidə Qocamanlı: “Həqiqətən də bəzən elə məhbuslar olur ki, yataq xəstəsinə çevrilirlər və onlara xüsusi qulluq etmək lazım gəlir”



Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Rəfail Mehdiyev xəstəliyə görə azadlığa buraxılan məhbuslarla bağlı məlumat verib. Onun sözlərinə görə, cəmiyyətdə hansı xəstəliklər daha geniş müşahidə olunursa, cəzaçəkmə müəssisələrində də o xəstəliklər geniş yayılır. Ən çox müşahidə edilən isə ürək-damar xəstəlikləridir: "Cəzaçəkmə müəssisələrində yayılan xəstəliklər sırasında onkoloji və epidemioloji xəstəliklərin də adını çəkmək olar. Bu il xəstəliklə bağlı dünyasını dəyişən məhbus olub. Lakin bu cür halların sayı getdikcə azalır.

Biz məhkumların sağlamlığı üçün adekvat addımlar atırıq. 2013-cü il ərzində ağır xəstəliyə düçar olmuş və cəzasını çəkə bilməyən 10 ağır xəstə azadlığa buraxılıb. Son on ildə vərəmdən ölüm halları 10, digər xəstəliklərdən ölüm halları isə 3 dəfə aşağı düşüb”.

Xəstə məhbusların hansı şərtlər daxilində azadlığa buraxılması barədə "Şərq”ə danışan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı bu məsələni həmişə diqqətdə saxladıqlarını dedi:

- Xəstəliklərin siyahısı var və bu siyahı Penitensiar Xidmətdə də var. Orada qeyd olunur ki, hansı xəstəliklər ağır sayılır və hansı hallarda məhbus xəstəliyə görə azadlığa buraxıla bilər. Həqiqətən də bəzən elə məhbuslar olur ki, yataq xəstəsinə çevrilirlər və onlara xüsusi qulluq etmək lazım gəlir. Belə hallarda, o məhbusların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi qərarı verilə bilər. Məsələn, kəskin böyrək çatışmazlığında xəstənin intensiv şəkildə dializdən keçməsi lazım gəlir. Həmçinin ağır diabet, ürək xəstəlikləri, infarktın son həddi, ciyər xəstəlikləri də ağır sayılır. Vərəm özü də ağır infeksion xəstəlikdir. Baxmayaraq ki, vərəmlə bağlı bizim cəzaçəkmə müəssisələrində son illər bütün lazımi tədbirlər görülür, vərəmə yoluxmuş xəstələr müalicə kursu keçir, Penitensiar Xidmətin tibb müəssisələrində müalicə olunurlar, bununla belə həbsxana şəraitində vərəm hələ də ağır xəstəliklər siyahısındadır. Ağır xəstəlikdən başqa məhbusların yaş həddi də onların azadlığa buraxılmasında böyük rol oynayır. Nəzərə alınır ki, məhbus artıq ahıl yaşdadır, qalan ömrünü həbsxana divarları arasında keçirməsin, ömrünü ailəsinin yanında başa vursun. Biz, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq bu amilləri həmişə önə çəkirik. Məhbusların siyahısı tərtib olunarkən də onların sağlıq durumu, hansı xəstəlikdən əziyyət çəkdikləri, yaş həddini əsas götürərək onların azadlığa buraxılmasına çalışırıq. Məsələn, jurnalist Müşfiq Hüseynovun azadlığa buraxılması ilə bağlı biz ciddi iş apardıq, lazımi instansiyalara müraciət etdik ki, bu insan ölüm ayağındadır, ömrünün qalan hissəsini qoy, ailəsi ilə birgə keçirsin. Və onun azadlığa çıxmasına nail olduq. Çox şadam ki, bizim siyahıda adı olan xəstə məhbusların, demək olar ki, hamısı artıq azadlığa buraxılıb, qalanlar bircə sabiq nazir Əli İnsanovdur, bir də Elçin Əmiraslanov. Əli İnsanov da ağır xəstədir, Elçin Əmiraslanovun da, hələ neçə il əvvəl beyninin bir tərəfi əməliyyat edilmişdi. Çox istərdik ki, bu məhbusların xəstə olduqları nəzərə alınaraq onların məsələsinə baxılsın. "Ömürlüklər” arasında da ağır xəstə olanlar var. Biz indi onlarla bağlı sənədləri hazırlayırıq. Amma başqa məhbuslardan bizə sənəd daxil olmayıb. Bilirsiz, gərək əlimizdə sənəd olsun ki, işləyə bilək. Elə-belə, sənədsiz-sübutsuz harasa müraciət etmirik. Xəstəlik kağızı, həkim rəyi olmalıdır, epiqrizləri toplayırıq, onları ingilis dilinə tərcümə edirik, sənədlərə əlavə edirik. Əlbəttə ki, xəstə, yaşlı məhbusların adlarının Əfv siyahısına salınması, Amnistiya Aktının belə məhbuslara şamil edilməsi vacibdir.

Xəstə, yaşı ötmüş məhbusların cəzalarının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi məsələsindən danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri

Novella Cəfəroğlu da "Şərq”ə açıqlamasında bildirdi ki, bu problemi dəfələrlə əlaqədar qurumlar qarşısında qaldırıblar:

- Bir halda ki, məhbusun ağır, sağalmaz xəstəliyə düçar olduğu bilinir, niyə onun son nəfəsini məhbəs divarları arasında verməsi gözlənilir? İnsanlıq, humanizm prinsipindən çıxış edərək həmin məhbusun azad edilməsi daha yaxşı olar. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik, hər dəfə milli bayramlar, əlamətdar tarixlər öncəsi Əfv Komissiyasına göndərdiyimiz siyahılarda da yaşlı, qoca, xəstə məhbusların adlarını qeyd edirik, onların Əfv fərmanına düşməsinə çalışırıq. Ötən ilin martında Qobustan təcridxanasında 54 yaşlı məhbus İsa Əliyev xərçəng xəstəliyindən vəfat etdi. Cəzaçəkmə müəssisələrində yaşı 70-dən çox olan məhbuslar var, qoca adamlardır. Əlbəttə, onları azad etmək olar. Nəinki olar, hətta lazımdır da. Xəstə, qocalmış məhbusları həbsxanada saxlamağın nə mənası? Bilirsiz, bizə çatan məlumatlara görə, bəzən həbsxana rəhbərliyi məhbuslardan pul tələb edir. Kim pul verir, onu cəzasından 1 il əvvəl də azad edirlər. Amma kim ki, pul vermir, kasıb, kimsəsiz adamdır, hətta vaxtı çatanda da azadlığa çıxmağını gecikdirirlər. Belə faktlar olur. Bax, ötən il vəfat edən o ömürlük məhbusun ağır xəstə olduğunu təcridxana rəhbərliyi bilib. Olmazdımı onu heç olmasa, 1-2 ay əvvəl azadlığa buraxardılar, adam öz ailəsinin, qohum-əqrəbasının əhatəsində vəfat edərdi?! Bunu ilk növbədə insanlıq tələb edir. Biz bu problemlə bağlı Ədliyyə Nazirliyinə də, Penitensiar Xidmətə də müraciətlər etmişik. Konkret hallarda məhbusların cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi qaydaları var. Məsələn, elə xəstə məhbuslar var ki, onları azad etmək mümkündü. Məhbus cəzaçəkmə müəssisəsində nümunəvi davranış göstəribsə, onun həbsdən azad edilməsi cəmiyyət üçün təhlükə törətmirsə, əlbəttə, belə məhbuslar azad edilə bilər. Bu məsələdə cəzaçəkmə müəssisəsi rəhbərləri özləri təşəbbüslə çıxış etməlidir. Həbsxana rəhbərliyi bütün məhbusları tanıyır, kimin nə problemi, hansı xəstəliyi var, bilir. Gərək onlar özləri Penitensiar Xidmət, Ədliyyə Nazirliyi qarşısında təşəbbüslə çıxış etsinlər. Niyə gözləmək lazımdı ki, xəstə məhbus həbsxanada can versin? Hüquq müdafiəçiləri bütün cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar barədə məlumatlı ola bilməz. Bizə hansısa məhbusun ailəsindən müraciət olunur, özümüz həbsxanalarda monitorinqlər keçiririk, məhbuslarla görüşürük, amma yenə də bütün məhbuslar barədə məlumatlı olmaq faktiki mümkün deyil. Bunun ən doğru yolu, həbsxana rəislərinin məhbuslarla bağlı məlumat vermələridir, məsələ qaldırmalarıdır.

Məlahət Rzayeva