Əlibəyliyə hücum...

Ekspertlər atəşin pozulmasında Rusiyanın barmağı olduğunu iddia edirlər


Cəbhədə vəziyyət yenidən gərginləşib. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünür.

O, Ermənistan ordusunun Əlibəyli kəndinə hücumunu Azərbaycanın son günlər Rusiyaya qarşı etdiyi çıxışlarla bağlı olduğunu bildirib. "Bunu bir çox tərəfə yozmaq olar. Birincisi, prezidentlərin Haaqa görüşünün nəticəsidir. Bu görüşün nəticələri ilə bağlı heç kim hələ açıqlama verməyib. Amerikalı həmsədr Ceyms Uorlik isə çox pessimist qeydlər edib. Ola bilsin ki, hansısa müstəvidə sərt danışıq olub. Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və

BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm. Rusiyanın Azərbaycandan başqa mövqe gözləməsi bir az reallıqdan kənar olardı. Rusiya Azərbaycan, Moldova, Gürcüstan, Ukraynanın ərazilərinə ya birbaşa, ya da ki kimlərinsə əliylə təcavüz edib”.

Politoloq Rusiyanın bu tip təcavüzlərinə görə cəzalandırılacağını qeyd edib. "Rusiya lehinə səs verən ölkələrin əksəriyyəti onsuz da ABŞ-ın təcrid siyasəti çərçivəsindədir. Bu ölkələrin əksəriyyətinə qarşı sanksiyalar indi də tətbiq edilir. Amma ortaya bir sual çıxır: bəs, Rusiya onun əleyhinə səs verən 100 ölkəyə qarşı nə edəcək? Rusiya siyasəti artıq çox sürətlə marginallaşır. O artıq siyasətdən kənara çıxıb, quldur kimi davranır. Onun istəklərinə qarşı çıxan ölkələrə açıq və ya qapalı təcavüz edir. Bax, buna görə Rusiyanın cavabı veriləcək”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Əlibəyliyə hücumun arxasında birbaşa Rusiyanın dayandığını qeyd edib: "Son iki gecədə cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulmasının Rusiya ilə bağlılığı birmənalıdır. Bilirsiniz ki, Azərbaycan BMT-də Ukraynanın lehinə səs verib və onların mövqeyini dəstəkləyib. Bu da Rusiyanı qıcıqlandırdığı üçün Kreml Azərbaycana özünəməxsus şəkildə təzyiq göstərir. Ermənilər hər zaman rusların vassalı olub və Kremldən gələn əmrləri icra ediblər. Hazırda cəbhə xəttində olan millət vəkili Qənirə Paşayevanın da vurğuladığı kimi bu günə qədər bu cür intensiv atışma və belə narahat gecə olmamışdı. Düşmən cəbhə xəttindəki mövqelərimizi müntəzəm olaraq atəşə tutsa da, bu cür olmamışdı”.

Cəbhədə yaşanan gərginliyin genişmiqyaslı hərbi təlimlərlə nəticələnməsinə gəldikdə isə ekspert belə bir ehtimalın real görünmədiyini bəyan edib: "Ermənistanda iqtisadi vəziyyət kifayət qədər aşağıdır. Daxili siyasətlərinin gərgin və havadarlarının isə başının özlərinə qarışdığı bir situasiyada Ermənistanın müharibəyə risk edəcəyini düşünmürəm. Həm də cəbhədə bu cür gərginliklər çox olub. Hətta son atışmalarda az qala artilleriya atəşindən, tankların hücuma keçməsindən söhbət gedirdi. Odur ki, hazırkı gərginlik fonunda ciddi narahatlığa əsas görmürəm. Zatən dünənki hadisələrdən sonra Azərbaycanın hərbi rəhbərliyi təmas xəttində fəallığın bir qədər də artırılması ilə bağlı müvafiq göstərişlər verib. Bütün bunların fonunda ermənilərin hansısa ağılsızlıq edəcəyini zənn etmirəm. Atışmalar qısamüddətli olacaq və bununla da yekunlaşacaq. Həm də mart ayıdır. Havalar yavaş-yavaş istiləşdiyi üçün əsgərlər səngərdən ön xəttə doğru irəliləyirlər. İllərdir müşahidə olunan haldır ki, bu aylarda əsgərlər unutduqları döyüş vərdişlərini bərpa eləmək üçün intensiv atışmalara başlayırlar. Bu faktoru da nəzərə almaq lazımdır”.

Ü.Cəfərovun sözlərinə görə, dünyada baş verən proseslər fonunda Dağlıq Qarabağda müharibə ocağının alovlanması Azərbaycana sərf edir. Onun sözlərinə görə, müharibə başlayacağı təqdirdə Rusiyanın Ermənistana dəstək olmaq imkanları məhdud olduğu üçün Azərbaycan asanlıqla işğal altında olan torpaqlarını azad edə bilər. Hamı bilir ki, indiki situasiyada Ermənistanda olan Rusiyanın 102-ci bazasının Ermənistan Silahlı Qüvvələrinə dəstək verməsi Kremlin özünə başağrısı gətirəcək.

Qeyd edək ki, hərbi ekspert sonda əsgər və zabitlərimizə diqqətli olmağı da məsləhət bilib: "Düşmən gülləsi amansızdır. Hərbçilərimiz mümkün qədər atışmalar zamanı snayperlərdən özlərini müdafiə etsinlər ki, ermənilər onları hədəf ala bilməsin”.

Şəymən