Ukraynada seçkilər gərgin keçəcək

Rusiyanın dəstəklədiyi namizəd Xarkov qubernatorudur


Ukraynada növbədən kənar prezident seçkilərinə start verilib. Ölkənin Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı sənədlərin qəbulunu başa çatdırıb. Mayın 25-də keçiriləcək seçkilərdə iştirak etmək üçün 46 nəfər müraciət edib.

Onların 38-si namizədliyini özü irəli sürüb, 8 nəfəri partiya təmsilçisidir. Təkcə ötən bazar günü MSK-ya 21 nəfər sənəd verib. MSK-nın məlumatına görə, artıq 7 nəfər rəsmən prezidentliyə namizəd statusunu alıb. Bunlar keçmiş baş nazirlər Yuliya Timoşenko, Sergey Tiqipko, Xarkov vilayətinin keçmiş qubernatoru Mixail Dobkin, baş prokurorun keçmiş müavini Renat Kuzmin, biznesmen Vadim Rabinoviç, Ali Radanın keçmiş deputatı Valeri Konovalyuk və "İnteraqroeksport” şirkətinin rəhbəri Vladimir Saranovdur.

Müstəqil namizədliyini irəli sürənlər isə Olqa Boqomolets, Vitali Velidçenko, Yuri İvanitski, Natalya Korolyovskaya, Anna Kostiv, Boris Lavrentyev-Furdas, Oleq Omelçenko, Pyotr Poroşenko, Yevgeniya Terexova, Olesya Tovtrovskaya, Vasili Tsuşko, Zoryan Şkiryak, Sergey Şetinin və Yaroş Dmitridir.

Qeyd edək ki, Vitali Kliçkonun rəhbərlik etdiyi "UDAR” Partiyası prezident seçkilərində biznesmen Pyotr Poroşenkonun namizədliyini dəstəkləyəcəyini bəyan edib. Kliçkonun fikrincə, Poroşenkonun seçkilərdə qalib gəlmək şansı daha yüksəkdir.

Ukraynadakı seçki kampaniyasını şərh edən politoloq Elşən Manafov "Şərq”ə bildirib ki, namizədlərin sayının çoxluğu səslərin parçalanmasına xidmət edəcək: "Namizədlərdən kimin qalib gələcəyini söyləmək hələ tezdir. Seçkilərlə bağlı maraq doğuran məsələ odur ki, Rusiyanın dəstəklədiyi namizəd Xarkov qubernatorudur. Rusiya maraqlıdır ki, Xarkov qubernatoru seçkilərə qatılsın və qazansın. Solçu namizədlər istisna olmaqla qalanları Qərbin maraqlarından çıxış edəcəklər. Halbuki özlərini Ukrayna xalqının maraqlarına xidmət edən şəxslər kimi təqdim edirlər. Hər halda Rusiya Şərqi Ukrayna ərazilərini əhatə edən bölgələrdə güclü təbliğatlara başlayacaq. Şərqi Ukraynada yaşayanlar Rusiyaya meyilli seçicilərdir. Rusiya bu faktordan əlverişli şəkildə yararlanmağa çalışacaq. Seçkilərdə Qərbin dəstəyi ilə hakimiyyətə gələcək namizəd legitim prezident hesab olunacaqsa, bu, Ukraynanın Rusiyanın təsir dairəsindən çıxması deməkdir. Ən əsası Qərb ona nail olacaq ki, Ukrayna Putinin həyata keçirdiyi "Vahid Gömrük İttifaqı”na qatılmayacaq”.

Ekspertin qənaətincə, seçkilərdə Rusiyameyilli namizəd hakimiyyətə gələcəksə, bu, Rusiya-Qərb arasında geosiyasi rəqabətin başlanmasına gətirib çıxaracaq: "Bu faktdır ki, Xarkovda, Donetskidə, Domdasdakı sakinlər Ukraynanın gələcək inkişafını Rusiyada görürlər. Qərbi Ukrayna isə tarixən Qərbə inteqrasiyanı dəstəkləyib. Bu baxımdan hesab edirəm ki, may ayında Rusiya ilə Qərb arasında yeni bir geosiyasi rəqabətin şahidi olacağıq. Çünki Rusiya Krımla kifayətlənməyib. Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi də gündəmdədir”.

Ayyət Əhməd