Nəticə sıfırdır

Həmsədrlərin gördüyü yalnız bir iş var


"Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların keçirilməsinə ATƏT-in Minsk Qrupu həmsədrləri həddindən artıq maraqlı görünür. Bu da şübhəsiz ki, Krımın Rusiyaya birləşdirilməsi və bunun referendum yolu ilə həyata keçirilməsi reallığı həmsədrləri, xüsusən də Birləşmiş Ştatları bir qədər fəal addımlar atmağa sövq edir.

Çünki Ermənistan tərəfinin də analoji addımlar atacağı ilə bağlı müəyyən fikirlər səslənməkdədir”.

Bu sözləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin aprel ayına planlaşdırılan görüşü ilə bağlı "Şərq”ə açıqlama verən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyib. Politoloqun sözlərinə görə, xüsusən də Ermənistanın "İrs” Partiyasının lideri Raffi Ovanisyanın bəyanatı həmsədrləri aktivləşdirib. Ovanisyan bəyan edib ki, Krımda baş verən proseslər fonunda "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini ilk olaraq Ermənistan tanımalıdır: "Şübhəsiz ki, bu cür bəyanatlar tərəflər arasındakı münasibətləri daha da qızışdıra və müharibəni labüd edə bilər. Həmsədrlər də bu təhlükəni sezib qısa müddət ərzində Haaqada baş tutan Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail oldular. Onlara görə, bu cür görüşlər müvəqqəti də olsa, atəşkəs rejiminin intensiv olaraq pozulmasının qarşısını ala bilər. Hansı ki, Minsk Qrupunun da əsas məqsədi budur. Hətta onlar az qala missiyalarının sadəcə Dağlıq Qarabağda müharibə ocağının alovlanmasını əngəlləmək olduğunu zənn edirlər. Yəni onların həyata keçirdikləri siyasət göstərir ki, həmsədrlər münaqişənin həllində yox, tərəflər arasındakı münasibətlərin müharibəyə çevrilməməsində daha çox maraqlıdırlar. Odur ki, nəticə olmasa belə həm XİN başçıları, həm də ölkə başçıları səviyyəsində görüşlər keçirməkdə israrlıdırlar”.

Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində aprel ayına planlaşdırılan görüşə gəldikdə isə politoloq deyib ki, bu görüşün ardınca həmsədrlərin yenidən regiona səfər etməsi də istisna deyil. Hesab edirəm ki, sonrakı mərhələdə yenidən ölkə başçılarının görüşməsi ilə bağlı müzakirələr aparılacaq. Faktiki olaraq, bu tendensiya bu gün müşahidə olunmaqdadır.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin uzunmüddətli olmasına rəğmən münaqişənin həlli ilə bağlı bir addım da irəliləyiş əldə olunmadığını iddia edən politoloqun sözlərinə görə, 22 illik fəaliyyətləri nisbətində ATƏT-in Minsk Qrupunun sadəcə kəmiyyət göstəriciləri bizə bəllidir: "Keyfiyyət baxımdan onların fəaliyyətləri sıfırın altındadır. Ancaq kəmiyyət baxımından dəyərləndirsək, bəli, Minsk Qrupu həmsədrlərinin bölgəyə çoxsaylı səfərləri olub və düz 47 dəfə Azərbaycan- Ermənistan prezidentlərinin görüşünə nail olublar. Buna rəğmən nəticə sıfıra bərabərdir”.

Şəymən