Rusiya Azərbaycanla bağlı siyasətini kəskinləşdirəcək

Ərəstun Oruclu: “Rəsmi Moskva vəziyyəti gərginləşdirə bilər”
Elxan Mehtiyev: “Ərazi bütövlüyü pozulmuş ölkə hansı yolu seçməli idi?”



Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra, rəsmi Moskvanın Cənubi Qafqazla, məxsusi olaraq Azərbaycanla bağlı diplomatiyasında dəyişikliklər edəcəyi bildirilirdi. İlk məqamlarda bu fikirlər inandırıcı hesab olunmurdu. İndiki halda isə həmin məsələ daha səhih və dolğun görünür.

Çünki Azərbaycan BMT Baş Assambleyasının Krımda keçirilən referendumla əlaqədar təşkil etdiyi səsvermədə referendumun əleyhinə səs verdi. Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün toxunulmaz olduğu barədə iradə ortaya qoydu. Xatırladaq ki, BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib. 58 ölkə

isə bitərəf qalıb. Referendumun əleyhinə imza atan ölkələr Rusiyanın hökumət və dövlət nümayəndələri tərəfindən hədələnib. Adlarının açıqlanmasını istəməyən rusiyalı funksionerlər deyiblər ki, rəsmi Kremlin addımlarını qanun pozuntusu sayan ölkələrlə bağlı Rusiya hökuməti daha sərt addımlar atacaq. Bu açıqlamalar Rusiya-Azərbaycan münasibətlərində gərginliyin yenidən alovlanacağına işarədir. İki ölkə arasındakı münasibətlərdə yaranmış soyuqlaşmanın ilkin işartıları isə bu günlərdə cəbhə xəttində atəşkəs rejiminin yenidən pozulmasında yaşanıb. Azərbaycan Krım referendumunun qeyri-legitim olduğunu dilə gətirdiyi andan Ermənistan qoşunları ordumuzun mövqelərini intensiv olaraq atəşə tutublar. Siyasilər də hesab edirlər ki, cəbhə bölgəsində vəziyyətin şiddətlənməsində Rusiyanın barmağı var.

Xatırladaq ki, sözügedən assambleyada Ermənistan referendumun lehinə səs verib.

Son yaşananlardan sonra şimal qonşumuzun ölkəmizlə bağlı tutacağı mövqeni şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu "Şərq”ə açıqlamasında qeyd edib ki, Rusiya Azərbaycana dair siyasətini daha da kəskinləşdirəcək: "Əvvəllər ölkəmizə təzyiq vasitəsi kimi Ermənistandan istifadə olunurdu. Son zamanlar bu təzyiqlər açıq müstəviyə keçib. Rusiyanın hədəfi və məqsədi dəyişməz olaraq qalır. Bir daha deyim ki, rəsmi Moskva vəziyyəti gərginləşdirə bilər”.

Azərbaycanın referendumun əleyhinə səs verməsinə gəldikdə isə politoloq vurğulayıb ki, ölkəmizin başqa yolu yox idi: "Öz maraqlarımız belə tələb edir”.

Politoloq Elxan Mehtiyevin qənaətincə, Ukraynanın bütövlüyünün lehinə, referendumun əleyhinə səs vermək Azərbaycanın hazırkı vəziyyətindən və Ukrayna ilə münasibətlərdən irəli gəlib: "Azərbaycanın da ərazi bütövlüyü pozulub. Dağlıq Qarabağ işğal altındadır. Bizim də ərazi bütövlüyümüz qorunmalıdır. İşğal olunmuş torpaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmalıdır. Ərazi bütövlüyü pozulmuş ölkə hansı yolu seçməli idi? Əlbəttə, ölkəmiz haqlı variantı dəstəklədi”.

Siyasi təhlilçinin sözlərinə görə, ölkəmizin referendumun əleyhinə imza atmasından Rusiya tərəfi heç də məmnun deyil: "Putin bunu yaddan çıxarmayacaq. Ermənistanın onun yanında olması isə Rusiya-Ermənistan münasibətlərini daha da yaxınlaşdıracaq. Amma Azərbaycanın bundan başqa yolu yox idi”.

Ayyət Əhməd