Türk xalqı səs yazılarına SƏS-i ilə cavab verdi

Azərbaycan müxalifəti də AKP-nin qələbəsini etiraf edir



Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası ona qarşı aparılan müxtəlif qaralama kampaniyalarına baxmayaraq, bələdiyyə seçkilərindən qalib çıxıb. Hakim partiya ümumilikdə əhalinin 45 faizdən çox səsini toplayıb ki, bu da keçən bələdiyyə seçkilərindən yığılan səsdən 5-6 dəfə çoxdur. Builki seçkilərlə Ərdoğan hakimiyyətinə son qoyacağını bəyan edən ana müxalifət partiyası isə (CHP) 28 faiz səs topladı.

Millətçi Hərəkat Partiyası (MHP) 14 faiz, kürdlərin təmsil olunduğu BDP isə cəmi 2,8 faiz səs yığa bildi. Bütün dünyanın, o cümlədən də Azərbaycanın diqqəti Türkiyədəki bələdiyyə seçkilərində idi. Ancaq seçkinin gözlənilməz sonluqla bitməsi çoxları üçün sürpriz olub. Ərdoğanın qələbəsinə münasibət öyrənmək üçün bir neçə siyasətçinin fikirlərini aldıq.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyir ki, bu seçki Türkiyənin monolitliyinin və unitarlığının möhkəm olduğunu sübut etdi. Türk xalqı bu seçimi ilə separatçılığa və fitnələrə "yox” dedi: "Burdan çoxlu siyasi nəticələr çıxartmaq mümkündür. Biz də elə düşünürdük ki, 17 dekabr rüşvət olayları və Gülən camaatı ilə yaranan gərginlik seçkilərdə AKP-yə ciddi təsir edəcək. Amma nəticə fərqli oldu və hakim partiya tam qələbə qazandı. Bunun səbəbləri məlumdur. Birincisi, Ərdoğan seçkiqabağı çox effektli siyasət apardı. İkincisi, ölkə müxalifəti parçalanmış vəziyyətdə seçkilərə qatıldı. Türkiyə tarixində ilk dəfə olaraq 26 partiya bələdiyyə seçkilərində iştirak edirdi. Bu seçim müxalifət tərəfindən atılmış səhv addım idi.

Ərdoğanın qələbəsi isə o deməkdir ki, baş nazir Türkiyənin gələcək prezidenti seçiləcək. Eyni zamanda növbəti parlament seçkilərində də AKP birinci olacaq. Türkiyənin, o cümlədən Ərdoğanın özünün mövqeyi dünyada güclənəcək. Bunun nəticəsində islam dünyası ilə körpü rolunu oynayan Türkiyə regionda yenidən söz sahibi olacaq. Çünki ölkədaxili qələbə Türkiyəyə xaricdə də aktiv çıxış etməyə imkan verəcək”. S.Cəlaloğlu kürdlərin siyasi partiyası olan BDP-nin bu seçkilərdə ən az səs toplamasına da diqqət çəkib. Onun fikrincə, bu onu göstərir ki, guya 10 milyona yaxın kürd xalqı onları təmsil edən BDP-yə güvənmir və dəstəkləmir: "Hətta kürdlərin çox olduğu yerlərdə də AKP qalib gəldi. Milliyətçi Hərəkat Partiyasının da səs faizini qaldıra bilməməsi onu göstərir ki, Türkiyədə millətçilərin siyasi dabanı o qədər də güclü deyil”. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Türkiyədə keçirilmiş 30 mart seçkilərinin nəticələrini belə dəyərləndirib: "Bu seçkilərə obyektiv qiymət verilməlidir. Qələbə faktı ortadadır. Bütün korrupsiya olaylarına və camaatla yaşanan ziddiyyətə rəğmən AKP öz səs faizini 8-9 dəfə artırdı. Bu, Türkiyə cəmiyyətinin reaksiyası idi. Ola bilər, Azərbaycandan proseslər fərqli görünsün. Ancaq Türkiyədə seçicilərin sayı və gücü böyükdür. Orada hər təbəqə seçkilərdə çox aktiv iştirak etdi. Nəticələr də onu göstərdi ki, müxtəlif sosial kəsimdən olan insanlar və böyük müəllim-tələbə ordusu AKP-yə səs verib. Sosioloji sorğunun nəticələrindən də aydın oldu ki, AKP Türkiyədə tək hakimiyyətdir və hamıdan daha çox siyasi və sosial bazaya malikdir”. "Nəyə görə belə qalmaqallı, səs-küylü hadisələrdən sonra Ərdoğan səsini yüksəltmək imkanına malik oldu” - sualına isə Ə.Əliyevin cavabı belə olub: "Türkiyə cəmiyyəti dövlətçiliyə, millətçiliyə sıx bağlı olan bir toplumdur. Görünür, kənar qüvvələrin fitnələri öz "faydasını” verməyib. Seçkilərdə AKP-nin qələbə qazanması da bunun isbatı oldu. Seçim nəticələri kənardan Türkiyəni çalxalamaq istəyən qüvvələrə qarşı cəmiyyətin bir hayqırtısıdır. Xalq göstərdi ki, onlar Türkiyənin Pensilvaniyadan "idarə” olunmasını və digər dövlətlərdən asılı olmasını istəmir. Bu baxımdan cəmiyyətin siyasi baxımdan yetkinliyi xüsusi qeyd edilməlidir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı da seçki nəticələrinin türk xalqının iradəsini əks etdirdiyini qeyd edib: "Bu həm də onu göstərir ki, son günlər aparılan polemikalar, müzakirələr cəmiyyət tərəfindən əsaslı qəbul olunmayıb. Türk xalqı daha çox praqmatik məsələlərə yanaşma nümayiş etdirib. Bu seçkinin nəticələri AKP üçün yeni imkanların açılması deməkdir. Bu ilin avqustunda Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu seçkidə AKP özünə, cəmiyyətdəki sosial bazasına güvənərək öz namizədi ilə iştirak edəcək. Böyük ehtimalla indiki baş nazir Ərdoğan qalib gələcək. AKP Türkiyə siyasətində tanınan tək güc olaraq qalır. Rəqiblərin bir yerə toplanaraq yığdığı səsi, AKP təkbaşına qazanır. Nəticələr də onu göstərdi ki, Ərdoğana qarşı aparılan irimiqyaslı əks-təbliğat kampansiyası AKP-ni zəiflədə bilmədi”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil bildirib ki, CHP-nin və MHP-nin səsi qismən çoxalsa da, istədikləri nəticələri qazana bilmədilər. Bu da Türkiyə seçicisinin vəziyyəti hansı aspektdən qiymətləndirməsindən xəbər verir: "Məsələ ondadır ki, bələdiyyə seçkilərində yerlərdəki hansı bələdiyyə başqanı yaxşı işləyirsə, partiya mənsubiyyətindən asılı olmayaraq, seçicilər ona səs verir. Bələdiyyə seçkilərinin özəlliyi budur. Deməli, AKP-çilər yaxşı işləyir”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə Ərdoğanın məğlub olduğunu vurğulayıb: "AKP qələbə çalmayıb, bu, əslində, məğlubiyyətin başlanğıcıdır. Əminəm ki, bu seçkidə saxtakarlıq olub. Xalq Ərdoğan rejiminə çox dözməyəcək. Qarşıdan gələn parlament seçkilərində nəticələr daha da aşağı düşəcək. Prezident seçkilərində də ciddi zərbə alacaqlar. Sonra isə məğlub olacaqlar. Bu cür korrupsiyaya, zorakılığa türk xalqı dözə bilməz”.

İsmayıl