Rusiya geri çəkilir

Putin Ukrayna sərhədindən qoşunların çəkilməsinə əmr verib


Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya dövlət başçısı Vladimir Putinin həyata keçirdiyi referendumdan sonra rəsmi Vaşinqton və Moskva arasındakı münasibətlər daha gərgin müstəviyə keçmişdi. Rusiya hökuməti Ukrayna sərhədlərinə yaxın ərazilərə yerləşdirdiyi qoşunların sayını durmadan artırırdı. Bu hal Amerikanı və Avropa ölkələrini narahat etməyə bilməzdi.

Bu baxımdan bir sıra Avropa ölkəsi və rəsmi Vaşinqton Putinin ünvanına təhdid və ya hədə -qorxu xarakterli bəyanatlar səsləndirirdilər. Şimal qonşumuza iqtisadi sanksiyalar tətbiq etməklə çökdürəcəklərini bildirirdilər. Rusiya hökuməti bu təzyiq dolu çıxışlara əvvəlcə məhəl qoymasa da, son günlər müəyyən nəticələr çıxarmağa başlayıb. Rəsmi Moskva Ukrayna sərhədlərinə yaxın ərazilərə yerləşdirilmiş rus ordusunun qismən geri çəkilməsini əmr edib. Rusiyanın belə qərara gəlməsi isə Putinin Obama və Almaniyanın kansleri Angela Merkellə telefon danışığından sonra baş tutub. Görünür, rəsmi Kreml də iki cəbhə arasında yaranmış buz dağının parçalanmasını istəyir. Çünki sözügedən telefon danışıqları Putinin təşəbbüsü ilə gerçəkləşib. Məlumat üçün bildirək ki, bu günlərdə Parisdə Amerikanın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Həmin görüşdə də Rusiyanın Ukrayna sərhədlərindən qoşunlarını geri çəkməsi və Ukraynanın ərazi bütövlüyünü tanıması məsələləri müzakirə olunub. 

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, sabiq dövlət müşaviri Vəfa Quluzadə isə "Şərq”ə açıqlamasında sözügedən ölkələr arasındakı münasibətlərdə irəliləyişin mövcud olmadığını deyib. Politoloqun sözlərinə görə, Rusiya tərəfi vəziyyəti getdikcə gərginləşdirir: "Rusiya qoşunlarını geri çəkməyib. Vəziyyət olduğu kimi qalıb. Rusiya-Amerika münasibətləri də soyuq olaraq qalır”.

Rusiyanın azğınlaşdığını deyən V.Quluzadə söyləyib ki, rəsmi Moskvanın baş qaldırması Qərbin onlara uzun müddət əhəmiyyət verməməsinin nəticəsidir: "Qərb düşünürdü ki, Rusiya supergüc deyil, regional dövlətdir. Amma Qərb bir məsələni unudub ki, Rusiya nüvə silahı baxımından güclü dövlətdir. Amerikanı dağıtmaq imkanı var. Qərb isə bu faktorları qulaqardına vurmuşdu. Ona görə də, bu vəziyyət yaranıb. Amerika Azərbaycanın 20 faiz torpağı işğal olunanda hay-küy qaldırmadı. Abxaziya və Cənubi Osetiya hadisələrindən sonra gəlib Putinlə qucaqlaşmalı idi. Əslində bu hadisələrə görə, Rusiyadan hesab sormalı idi. Belə olacağı halda Rusiya Krım məsələsini gündəmə belə gətirə bilməzdi. Sovet İttifaqı çökəndən sonra Rusiya nə edibsə, Qərb bunu alqışla qarşılayıb. İndi də öz boşluqlarının nəticələrini görürlər”.

Xanım politoloq Leyla Əliyeva isə söyləyib ki, Rusiya əndazəni aşdığını artıq anlayıb: "Amerika Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına göz yumdu. Bu da Rusiyanın bölgədə at oynatmasına gətirib çıxardı. Amma rəsmi Kremlin istəyi nəticəsiz qalacaq. Artıq Putinə göstəriş verilib ki, həddi aşmaq olmaz. Şimal qonşumuz gözəl anladı ki, beynəlxalq normalara zidd addımlarını dayandırmasa, Amerika sanksiyalarını daha da gücləndirəcək ki, bu da onları çökdürəcək. Ona görə də Rusiya geri addım atmalı oldu”.

Ayyət Əhməd