Nəcməddin Sadıqov yoxlamalara çıxıb

Cəsur Sümərinlinin sözlərinə görə, bu cür səfərlər hərbi bölmələrdə korrupsiyanın qarşısını almağa hesablanıb


Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır. 

Cəbhə bölgəsinə səfərlərin müntəzəm edilməsinin vacibliyini vurğulayan "Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Cəsur Sümərinlinin sözlərinə görə, bu cür səfərlər hərbi bölmələrdə korrupsiyanın qarşısını almağa hesablanıb: "Hərbi rəhbərlik intensiv olaraq hərbi birlik və birləşmələrdə yoxlamalar aparmalıdır. Ancaq təəssüflər ki, sabiq nazir Səfər Əbiyevin dövründə Azərbaycan Silahlı Qüvvələrinə bu tipli səfərlərə rast gəlinmirdi. Müəyyən dövrlərdə sabiq nazirin cəbhə bölgəsinə səfərləri olsa da, bu məlumatların mətbuatdan gizli saxlanılmasına üstünlük verilirdi”. Cəsur Sümərinlinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində vəziyyətin gərgin olması, əsgər ölümlərinin sayının artması və hərbi hissələrdə rüşvət-korrupsiya faktlarının üzə çıxması hərbi rəhbərliyi bu cür səfərlərə vadar edib: "Ümid edirəm ki, bu səfərlər nəticəsində Silahlı Qüvvələrin yeni bir keyfiyyət mərhələsinə qədəm qoymasını görə biləcəyik. Hesab edirəm ki, indiki reallıqda cəbhə xəttindəki hərbi hissələrdə ciddi dəyişikliklərin aparılmasına ciddi ehtiyac var. Çünki həmin hərbi hissələr Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin qoruyucusu olduğu üçün orada maddi-texniki bazanın və nizam-intizamın, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olması vacibdir. Bu səbəbdən də, hərbi rəhbərliyin cəbhə bölgəsinə səfərləri intensivləşdirilməlidir. Hətta yalnız yüksək rütbəli şəxslər deyil, həmçinin Müdafiə Nazirliyinin digər təmsilçiləri də daim şəxsi heyəti yoxlamalı və hərbi bölmələrdəki maddi-texniki baza və əsgərlərin döyüş qabiliyyəti ilə maraqlanmalıdırlar. Təbii ki, burada söhbət qanuna uyğun müvafiq yoxlamalardan gedir. Bəzən məlumatlar alırıq ki, hərbi birlik və birləşmələrdə yoxlamalar başdansovdu edilir və yoxlama aparanlar rüşvət alaraq hər şeyin qaydasında olduğuna dair rəy hazırlayırlar. Belə olan təqdirdə isə bu cür yoxlamalardan hansısa müsbət nəticələr gözləməyə dəyməz. İstənilən halda, hərbi yoxlamalar zamanı milli ordumuzun qayğılarının nədən ibarət olduğuna dair yekun rəy ortaya qoyulmalıdır ki, açıq qalan məsələlər öz həllini tapa bilsin”.

Şəymən