İyunda da dərslər olacaq

Ekspertlər Təhsil Nazirliyinin qərarını birmənalı qarşılamır
Əjdər Ağayev: “Belə bir qərarın təklif olunması o demək deyil ki, hökmən qəbul olunmalıdır”


Növbəti dərs ilindən Azərbaycanda tədris müddətinin uzadılması gözlənilir. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris müddətinin artırılması ilə bağlı Təhsil Nazirliyi təklif irəli sürüb. Onun sözlərinə görə, bu il tədris müddətinin başa çatmasına az qalıb və dərs ili planlaşdırılmış vaxtda başa çatacaq. 

C.Bayramov həmçinin qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz: "Bizim apardığımız analizin nəticələri göstərdi ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40- 42- 43 həftəyə çatır. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə, bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur”.

Dərs müddətinin tədris ilinin əvvəlində və ya sonunda artırılmasına gəlincə, nazir müavini qeyd edib ki, bununla bağlı tam qərar hələ ki, qəbul olunmayıb.

Onun sözlərinə görə, böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq. Qeyd edək ki, tədris ili ərzində dərs müddətinin 3 həftəyədək artırılması gözlənilir.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin sözlərinə görə, təhsillə bağlı verilən sərəncamlar, atılan addımlar və həyata keçirilən yenilikləri sadəcə ənənəvi məntiqi inkişafın nəticəsi kimi yox, zamanın tələb etdiyi ehtiyaclar üzündən baş verdiyini nəzərə almaq lazımdır: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi təhsillə bağlı çox vəzifələri qarşısına qoyub. Onlardan biri də təhsil sisteminin məzmununu təkmilləşdirilməsi ilə bağlıdır. Bunu da həyata keçirmək üçün ortada kompleks yanaşmalar olmalıdır. Bu baxımdan, strategiyanın tələblərinə uyğun olaraq, Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirləri məqbul hesab edirəm. Hələ ki, bu tədbirlər öz nəticəsini göstərməsə də, mən ümidliyəm. Hər halda, bu başlanğıcdır. Hesab edirəm ki, nazirin atdığı addımlar yaxın zamanlarda öz nəticəsini göstərəcək”.

Konkret olaraq, dərs müddətinin uzadılmasına gəldikdə isə Ə.Ağayevin sözlərinə görə, növbəti ildən dərs müddətinin iyun ayında bitməsi şagirdlər üçün heç bir problem yaratmayacaq: "Dərslər onsuz da gec - sentyabrın 15-i başlayır. Bayramlar, tətillər isə xeyli vaxt alır. Buna görə də proqram ödənilmir. Problemin ödənilməsi üçün də nazirlik müvəqqəti olaraq, belə bir təşəbbüs irəli sürüb. Hər halda, bu təşəbbüsün məqsədəuyğun olduğunu düşünürəm. Təbii ki, belə bir qərarın təklif olunması o demək deyil ki, hökmən qəbul olunmalıdır. İlk olaraq, eksperimentdən keçiriləcək və təhlil olunacaq. Əgər məqbul sayılarsa, qəbul olunacaq. Məncə, heç bir ziyanı yoxdur, əksinə, faydalı təşəbbüsdür”.

Dərs müddətinin uzadılması ilə bağlı məsələnin nazirlik tərəfindən bir neçə dəfə gündəmə gətirilməsini vurğulayan təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, hələlik məsələ qanun şəklini almasa da, Təhsil Nazirliyinin işi görmək məramı hiss olunur. Dərs müddətinin uzadılmasının təqdirəlayiq hal olduğunu deyən N.Qulamoğlunun fikrincə, təhsil standartlarının genişlənməsini, mürəkkəbləşməsini tələb edən proses gündəlik həyatımızdır: "Gündəlik həyatımız yeni-yeni texnologiyalar tələb edir. Hansı ki, həmin texnologiyalar arasında mütləq şəkildə təhsil standartları böyüməlidir. Bu genişlənmə də artan sıra ilə getdiyi üçün ona uyğun zaman tələb olunur. Azərbaycanda da aidiyyəti qurumlar bunu başa düşür və dərk edirlər ki, mövcud təhsil standartlarını indiki zaman məhdudiyyətində həyata keçirmək mümkün deyil. Məhz bu nöqteyi-nəzərdən də digər ölkələrdə olduğu kimi dərs ilinin müəyyən qədər uzadılmasını vacib hesab edirlər”.

Qərarı alqışlayan ekspert dərslərin iyun ayının sonunda bitməsi təklifi ilə razı olmadığını deyib. Onun sözlərinə görə, dərs müddəti Azərbaycanın coğrafi mühitinə uyğun şəkildə həyata keçirilməlidir. İyun ayı isti aylar sırasındadır. Hesab edirəm ki, dərs müddətini iyun ayının sonuna qədər uzatmaqdansa, ayın 15-nə qədər çəkmək, o tərəfdən isə dərslərin sentyabr ayının 1-dən başlaması daha məqbuldur.

Şəymən