Azərbaycan kommunistləri Putinə müraciət etməyib

Rauf Qurbanov: “Azadlıq” radiosunun efirinə çağırılmış Telman Nurullayevin partiyamızla heç bir bağlılığı yoxdur”


Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycan Kommunist Partiyasının (AKP) fəaliyyətinin dayandırılmasını tələb edib. Partiyanın İdarə Heyətinin toplantısında AKP-nin fəaliyyətinin dayandırılması ilə bağlı çağırış edilib.

Çağırışda qeyd olunub ki, "31 Mart soyqırımını bolşeviklərin rəhbərliyi ilə həyata keçirdiyi, Azərbaycan istiqlaliyyətinə qarşı çıxış etdiyi, ölkənin Rusiya tərəfindən işğal edilməsində müstəsna rol oynadığı və Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe nümayiş etdirdiyi üçün AKP-nin fəaliyyəti dayandırılmalıdır”. ADP Kommunist Partiyasını rus bolşevizminin müasir davamçısı kimi xarakterizə edib və Azərbaycanın müvafiq dövlət orqanlarını partiyanın qapadılması ilə bağlı qərar verməyə çağırıb. Məsələyə münasibət bildirən AKP sədri Rauf Qurbanov ADP-nin bu çağırışını təəssüflə qarşıladığını söyləyib: "Siyasi partiyanın belə mövqedən çıxış etməsi məndə təəssüf doğurur. AKP-nin bağlanması üçün bu cür

bəyanat qəbul edilməsi üçün heç bir əsas görmürəm. Hansısa siyasi partiyanın bağlanması barədə bəyanat vermək həmin partiyanın özünə olan hörmətsizliyidir. Partiyamız Konstitusiyaya uyğun fəaliyyət göstərir və qanunlarımıza zidd hərəkətlərə yol vermir”. Azərbaycanlıların bolşeviklər tərəfindən qətlə yetirilməsinə gəlincə isə R.Qurbanov qeyd edib ki, bu, tarixçilər tərəfindən araşdırılıb və həqiqət ortaya çıxıb: "AKP azərbaycanlıların qətlində günahkar olanları siyasi mənsubiyyətindən asılı olmayaraq pisləyir və onları qəbul etmir”. AKP sədri əlavə edib ki, partiya Putinə müraciət etməyib: "Azadlıq” radiosunun efirinə çağırılmış Telman Nurullayevin partiyamızla heç bir bağlılığı yoxdur. 1996-cı ilin oktyabrında AKP sıralarından xaric olunmuş insanı efirə çağırıblar. Bugünədək həmin şəxslər partiyamız adından cəmiyyətdə çaşdırıcı mövqedən çıxış edirlər. Heç kommunistlər T.Nurullayevi tanımır. O məktubu hazırlayan ümumiyyətlə, AKP sıralarında olmayan bir şəxsdir. Bu, göz qabağında olan təxribat və sərsəmlikdir. Partiyamıza çamur atılır. S.Cəlaloğlunun həmin sərsəmlərin mövqeyindən çıxış etməyi isə təəssüf doğurur”.

R.Qurbanovun sözlərinə görə, partiya üzvləri ADP ilə bağlı bəyanat qəbul olunması ilə bağlı ona müraciət ediblər: "Buna ehtiyac görmədim. Üzvlərimizə də bildirdim ki, biz daha ciddi Ukrayna hadisələri, Leninin heykəlinin sökülməsi məsələsinə, dünyadakı Suriya, İraq hadisələrlə bağlı məsələlərə reaksiya veririk. Partiyamıza aid olmayan şəxslər barədə bəyanat verməklə bir növ onları reklam etmiş olarıq. S.Cəlaloğlunun partiyası hansı çəkiyə malikdir ki, ona reaksiya verək? Bu cür qeyri-demokratik və siyasi partiya mədəniyyətinə yaraşmayan bir çağırışa əhəmiyyət vermək fikrində deyilik”.

İsmayıl