İsa Muğanna Fəxri Xiyabanda dəfn olunacaq

Həyat yoldaşı: “Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. İsa qəfildən, gözümüzün qabağındaca keçindi”


Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Muğanna (Hüseynov) dünən gecə 86 yaşında dünyasını dəyişdi. Yazıçının qızı Sevinc Hüseynova atasının ölümü ilə bağlı açıqlamasında, atasının uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyini söyləyib. Onun sözlərinə görə, 86 yaşlı İsa Hüseynovun qəfildən səhhəti pisləşib və dünyasını dəyişib: "Atam ürəyindən ölmədi. Qəfildən onda boğulmalar baş verdi və dünyasını dəyişdi. Biz onun beyin insultu keçirdiyini güman edirik”.

Sevinc Hüseynovanın APA-ya verdiyi məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar onların evinə gəlib: "Anar müəllim dedi ki, dəfn I Fəxri Xiyabanda olacaq. Hələlik vida mərasiminin harada keçirilməsi düşünülür. İstəyirlər, Milli Dram Teatrından götürsünlər, amma indi dəqiq vaxt və yer bəlli deyil”. S. Hüseynzadə əlavə edib ki, İ. Hüseynov sabah (bu gün-red) dəfn olunacaq.

"Saat 6-ya qədər yaxşı idi. Çimmişdi. Çörək yemişdi. Mətbəx tərəfə getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü ... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki, çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq. Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım. Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan sonra dedi ki, qərar Sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı, bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o cür kişi...”. Bunları yazıçının həyat yoldaşı Aktual.az-a danışıb.

AYB sədri Azərbaycanın görkəmli Xalq yazıçısı İsa Muğannanın vəfat etməsi ilə bağlı açıqlama yayıb.

AYB sədri açıqlamasında İsa Hüseynovu öz ustadı hesab etdiyini və onun ölümünün ədəbiyyat üçün çox böyük itki olduğunu bildirib:

"İsa Hüseyeynovun vəfatı ədəbiyyatımız üçün çox böyük itkidir... Şəxsən mənim üçün çox böyük itkidir... Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım. O, Azərbaycanda yeni nəsrin yaradıcılarından və öncüllərindən biri idi. Hər kəsin örnək saydığı bir yazıçı idi. İnsan kimi də son dərəcə nəcib, saf və gözütox bir insan idi. Onun xatirəsi mənim üçün hər zaman əziz olacaq. Mən İsanın yaradıcılığı haqqında bir neçə iri məqalə yazmışam. Bu kədərli gündə isə qısa da olsa öz hisslərimizi bildirməyə ehtiyac duyuram.”

Neçə illərdir ki, bir çox xəstəliklərdən əziyyət çəkən, ona qarşı həmişə hücumda dayanan ölümün gözünə dik baxan, son nəfəsinə qədər qələmini yerə qoymayan "İdeal” yazarımız Ağstafada orta məktəbi bitirəndən sonra BDU-nun filologiya fakültəsində oxumuş, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdi. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnı Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdı.

Həyatı

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnı Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət” qəzetində çap edilən "Ana dil oxuyan yerdə” yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı”, "Nəsimi”, "Ulduzlar sönmür” və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı” filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi” mükafatına layiq görülmüşdür.

İsa Muğannanın "Məhşər”, İdeal” və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O, ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi.

İsa Hüseynovun ssenariləri əsasında "Tütək səsi”, "26 Bakı Komissarı”, "Nəsimi”, "Ulduzlar sönmür” və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.

Xalq yazıçısı, "İstiqlal” ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi” mükafatına layiq görülüb. Bu onun son mükafatı idi. Ən böyük mükafatı isə oxucuların və sözə dəyər verən insanların ona olan əbədi ehtiramı və məhəbbətidir. Ömrünün 86-cı baharında bizi tərk edən karifey yazıçı axıra qədər öz əqidəsinə, amalına sadiq qaldı.

İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı.

Tanınmış yazarın ölümü onun qələm yoldaşlarını, dostlarını da çox təəssüfləndirdi.

Millət vəkili, Milli Məclisin mədəniyyət komissiyasının sədri Nizami Cəfərov görkəmli ziyalımızın vəfatı ilə bağlı "Şərq”ə açıqlamasında bunları söylədi: "İsa Hüseynov müqəddəs bir insan idi. O, Azərbaycan ədəbiyyatında bir məktəb qoyub getdi. Belə yaradıcı istedadlar nə qədər yaşlı vaxtlarında dünyadan getsələr də, yenə adama təsir edir. Əvvəla, bir yaxın dost kimi, fitri istedada malik bir yazar kimi onun itkisi bizi təsirləndirir. Mühit yaradan bir şəxsiyyət idi. Son gününə qədər də yazdı, yaratdı, fikir söylədi, müsahibələr verdi. Ağıllı, dərin sözlərin müəllifi oldu. Təbii ki, bundan sonra da onun mənəvi ömrü yaşayacaq, Azərbaycan ədəbi mühiti ondan bəhrələnəcək. Muğanna ədəbiyyata böyük yeniliklər gətirmiş bir insan idi. Yüksək intellektə malik idi. Yaş fərqimizə də baxmayaraq mənim yaxın dostum idi. Çox səmimi, yuksək insanlığı olan şəxsiyyət idi. Yəni bu qədər yüksək intellekt sahibi olasan, bu qədər də uşaq kimi sadəlövh olasan, bu, dahilərə məxsus xasiyyətdi. O, Allahın sevdiyi bəndələrindən idi. Çünki Allah hər kəsə belə fitri istedad vermir. Bu, tək-tək seçilmiş insanlara aiddir. Allah ona rəhmət eləsin. Bizə ağır olsa da, bu həqiqətlə barışmalıyıq”.

Allah rəhmət eləsin!

Tahirə Məmmədqızı