Zəlimxan Məmmədli tanınmışları Borçalıya qaytaracaq?

Eyvaz Borçalı: “Yaşı 75-i aşmış qocayam. Mənim kimi yaşlı nəslin addımları indi qəbrə doğrudur”
Abbas Abdulla: “Mənim üçün problem deyil, orda da yaşayıram, burda da”



"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Böyük qayıdış layihəsi” üzərində işləyir. Bu barədə o, müsahibəsində danışıb və fikirlərini şəxsi "facebook” səhifəsində də paylaşıb. Z.Məmmədli hazırladığı layihəyə bir çox nüfuzlu adamların, əslən Borçalıdan olan ziyalıların qoşulacağından əminlik də ifadə edib:

- Borçalı fərqli məkandır. Məni regionçuluqda ittiham edirlər. Allah məni bu etnosda yaradıb, uşaqlığım orada keçib, geci-tezi yaşayış məkanı olaraq Borçalını seçmək barədə düşünürəm. Çox danışa bilərik ki, ata-baba yurdunu tərk etməyin və s... Onda deyərlər ki, kişisən, gəl yaşa. Çox da uzaq gələcəkdə deyil, Gürcüstanda yaşamaq üzərində fikirləşirəm. Böyük qayıdış layihəsi barədə işləyirik. Çox nüfuzlu adamların bir kəsimi bəyanat verərək qayıdacaq. Yaxşı dostlarımız var, qayıdacaqlar. Gürcüstana yad yox, milli dövlət kimi baxmalıyıq. Bu dövlətin qurulmasında

babalarımız böyük rol oynayıblar. Tiflisdə olan insanlarımız onun mədəniyyətinə, arxitekturasına ciddi fikir veriblər. Ora Bakıdan daha çox milli şəhərə oxşayır, islam, türk arxitekturası zəngindir. Özümüzü qonaq kimi hiss etməməliyik. Əksinə, sahiblənib önə getməli, qubernator olmalı, hətta prezidentliyə namizəd hazırlamalıyıq”.

Bəs görəsən, Zəlimxan Məmmədlinin "qayıdış layihəsi”nə kimlər qoşulmaq fikrindədir.

Eyvaz Borçalı bizimlə söhbətində bildirdi ki, artıq yaşının o həddi deyil ki, yaşayış yeri dəyişsin:

- Zəlimxanın təklifi bir az populistdi. Yaşlı nəsil gedib orada neyləyəcək? Ora elə adamlar qayıtmalıdır ki, xeyir gətirsin. Camaatı arxasınca aparsın. Gedəcəksən, yaşlı adamsan, qohum-əqrəba, dost-tanış tökülüşüb gələcək səninlə görüşə, söhbət edəcəksən, vəssalam. Yaşı 75-i aşmış qocayam. Mənim kimi yaşlı nəslin addımları indi qəbrə doğrudur. Ordan gələnlərin qarşısını almalıyıq. Elə etməliyik ki, gənclər oranı tərk etməsin, gənclər qayıtsın. Zəlimxan köçmək istəyirsə, birinci başlasın, köçsün. Onun yaşında olanlar köçə bilər. Mən də əlli-ayaqlı getməyə hazıram. Amma gedib orada neyləyəcəm?! Onsuz da gecə yuxularımda həmişə oraları görürəm. Vəsiyyət etmişəm ki, öləndə məni orada basdırsınlar...

E.Borçalı hazırda ata yurdunda qardaşı, bacısı uşaqlarının qaldığını dedi:

- Yurdumuz, şükür ki, boş deyil. Qardaşım, bacım uşaqları dədə-baba yurdumuzdadılar. Mən son vaxtlar ancaq xeyirə-şərə gedirəm, o da səhhətim imkan verəndə.

E.Borçalı gənclərin yurd torpaqlarından didərgin düşməsinin səbəblərindən də danışdı:

- Əsas səbəb əlbəttə ki, işsizlikdir. Ordan bura qazanc ardınca gəlirlər. Amma bir az zəhmət çəksələr, orda da qazanmaq, dolanmaq olar. Vəziyyət əvvəlkindən fərqlidir. Torpaq kəndliyə verilib. Gərək əkib-becərəsən. Amma camaat torpaqda işləməyi unudub. Kəndlinin torpaqdan ayrılması da intihar deməkdi. Camaatın əlinin işdən soyumasının da öz səbəbləri olub. Su çatışmayıb, əkinlərini suvara bilməyiblər. İndisə vəziyyət başqadır. Arxları təmizləmək lazımdı ki, su gəlsin. Kəndlinin gündəlik işləri üçün heç bir maneə yoxdur. Sadəcə, işləmək, zəhmət çəkmək lazımdır. Bizimkilər də əlini işdən çəkib. Orda başqa problemlər var. Məktəb, təhsil problemi. Məktəblərin gürcü dilinə keçməsi də bizim əhalinin oradan köçməsinə səbəb oldu. Bunda da yenə özümüz günahkarıq. Ən cavan müəllimin 60 yaşı var. Müəllim kadrları hazırlanmır, gənc müəllimlər ora getmir. Bu problemlər hamısı həll olunmalıdır.

Əslən Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndindən olan Azərbaycan Yazıçılar Birliyinin katibi, ağsaqqal şairimiz Abbas Abdulla da dədə-baba yurduna qayıtmaqda problem görmədiyini dedi:

- Qayıda da bilərik. Baxarıq ona... Onsuz da həmişə gedirəm.

Bəs daimi yaşayış üçün doğulduğu Bolnisi rayonunu seçə bilərmi?

Abbas Abdulla dedi ki, bu, onun üçün problem deyil:

- Mən orda da yaşayıram, burda da.

Əslən Marneuli rayonunun Ağqula kəndindən olan Azərbaycan Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas və tənqidçi Arif Əmrahoğlu isə bildirdi ki, daimi yaşayış üçün doğulduğu kəndə qayıtması faktiki mümkün deyil:

- Səmimi şəkildə deyirəm ki, mən də ora qayıtmağı çox istərdim. Amma həyatım, işim artıq elə qurulub ki, qayıda bilmərəm. Mənim bütün fəaliyyətim Bakı ilə bağlıdır.

Arif Əmrahoğlu Ağqula kəndində ata-baba yurdunun qaldığını dedi:

- Orada ata yurdumuz var, evimiz var. Yaydan-yaya gedirəm. Bizim kəndimiz çox kiçikdi. Cəmi 65 evdi. Onun da 20-25-də yaşayış var. Qalanları evinin qapısını bağlayıb gedib. Mənim kimi, çoxu yaydan-yaya gəlir, qapı-pəncərəni açır, bir az qalıb, qayıdırlar. Bilirsiz, elə sovet vaxtından o kənddə nəsə inkişaf olmadı. Bunu heç bir halda gürcü millətçiliyi ilə bağlamaq düzgün olmazdı. Sovet dövründən kəndin boşalması prosesi getdi. Bunlar hamısı şəraitlə bağlı idi. Hələ o zaman uşaqların azlığından məktəbləri, sinifləri birləşdirirdilər. Mən də orta məktəbi bitirəndən taleyim Bakı ilə bağlandı. Amma Borçalı həmişə mənim içimdədir, mən də Borçalının "içində”yəm. Sizə deyim ki, bu qayıdış çağırışından əvvəl, bir çox borçalılar doğma yurdlarına qayıtmağa başlayıb. Vəziyyət əvvəlkindən fərqlidir. Yaşamağa, işləməyə şərait də, imkan da var. Camaat təsərrüfatla məşğul olur, yaxşı da yaşayırlar. Çalışıram, müntəzəm kəndimizə gedim. Amma birdəfəlik qayıtmağım, çətin ki, mümkün olsun.

Məlahət Rzayeva