Jurnalist olmaq istəyənlər müsabiqədən keçməlidir?

Bu yeniliyə tərəfdar olanlar da var, əleyhinə olanlar da


Jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiqi ciddi xarakter alır. Sovet vaxtı da belə idi. Jurnalist olmaq istəyənlər sənədləri ilə birgə heç olmasa 3 dəfə qəzetdə çıxmış məqalələrini də təqdim etməliydilər. O vaxt da nə qəzet vardı? Ancaq rəsmi dövlət qəzetləriydi. Orada məqalə çap etdirmək də hünər istəyirdi. Müstəqillik dövründə isə bu tələb aradan qaldırıldı. Test üsulu ilə, necə deyərlər, hamıya bərabər imkanlar tanındı. Amma müəllimlərimiz dinc durmur ki!.. İllərlə jurnalistikaya qabiliyyət imtahanı tələb etdilər. Sonunda arzuları çin oldu. Daha sovet vaxtından fərqimiz nədi? Bu üsul yaxşıydısa, niyə dəyişirdik? 22 ildir müstəqilik və elə bu qədər də test üsulu ilə qəbulun tarixi var, amma hələ də dəyişikliklər dövrü bitmir. Hər qəbulda nəsə bir "yenilik”, "islahat” ortaya atılır.

Keçək, mətləbə.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Komissiya rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda növbəti müzakirələr zamanı jurnalistika ixtisasına bakalavriat və magistratura səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi barədə razılığa gəlinib.

Onu da deyək ki, TQDK sədri Məleykə Abbaszadə mövzuya dair fikirlərini açıqlayarkən qabiliyyət imtahanını yalnız magistratura pilləsi üçün məqbul saydığını deyib. Amma sayğılı müəllimlərimiz bakalavriat pilləsində də israr ediblər. Nəticə etibarilə dəyişikliklər bundan ibarətdir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internet vasitəsilə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibəyə qatılacaqlar. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda isə jurnalistika ixtisasına qəbul olmaq istəyənlər ərizə qəbulu mərhələsində internetlə sorğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə biləcəklər.

Jurnalistika ixtisasına qəbuldakı dəyişikliklərin tərəfdarları da var, əleyhdarları da. Tərəfdarlar köhnə ənənənin tətbiqinin müsbət nəticələrindən, əleyhdarlar isə köhnəliyin yenilik gətirmək gücündə olmadığından danışır.

Jurnalistika ixtisasına qəbul qaydasının dəyişməsini "ənənə” adlandıran televiziya eksperti Qulu Məhərrəmli hesab edir ki, abituriyentlərin əlavə keyfiyyətlərinin üzə çıxarılmasından ötrü bu dəyişikliyin həyata keçirilməsi önəmlidir:

- Sovet dövründə abituriyentlərin yazı qabiliyyətini yoxlayırdılar. Prinsipcə bu, işə mane olmur. Gənclər hədəf kimi jurnalistika fakültəsini seçirlər. Bu baxımdan bu, çox üstünlüklər vəd edir. Yəni bu sahəyə yalnız bu peşəni seçənlər qəbul edilirlər. Amma bu yoxlama imtahanları birbaşa onların yaxşı jurnalist kimi yetişməsinə təsir edəcəkmi? Bu, prinsip etibarı ilə təsir edəcək, amma həlledici təsir etməyəcək. Çünki 10-cu sinfi bitirən şagirdlərin hələ jurnalistika haqqında təsəvvürləri yoxdur.

İnşa yazmaq və ya suallara cavab vermək o demək deyil ki, onlar gələcəkdə yaxşı jurnalist olacaqlar. Sadəcə, peşəni seçmək baxımından bunun müəyyən üstünlükləri var. Amma heç kəs

tələbəni instituta qəbul edəndə bilmir ki, bu, yaxşı cərrah və ya terapevt olacaq. Ona görə də burada daha çox tədrisin yenidən qurulmasının üzərinə ciddi vəzifə düşür. Jurnalistikanı daha çox praktika üzərində aparmaq, tələbələrə müasir jurnalistikanın qaydalarını, prinsiplərini öyrətməyə ehtiyac var. Onların bəlli bir dünyagörüşü, dil bilgisi olmalı, etika qaydalarına riayət etməli, həm də materialı yaxşı formada çatdırmağı bacarmalıdırlar. Əsas məsələ burada həll olunur. Biz informasiya cəmiyyətinə daxil olmuşuq. İnternet bizə böyük imkanlar yaradıb. Bu resursdan bəhrələnən hər kəs portal aça, öz bloqunu yarada bilir. Ancaq bunların heç birini jurnalist adlandıra bilmərik. Bu, naşı adamın əlinə tüfəng vermək kimidir. Xüsusən indiki mərhələdə görün nə qədər etik qaydalar pozulur, məlumatlar yoxlanılmamış verilir. Sensasiya ardınca qaçırlar, qərəzli yanaşmalar var. Bu prosesdə jurnalistika mühitinin sağlamlaşması da çox vacib məsələdir. Ona görə biz yaxşı jurnalistlər yetişdirməliyik. Bu sahəni sevən, ürəkdən bu sahəyə bağlanan gənclər bu mərhələləri keçməyə can atacaqlar. Jurnalistika bir az ruh məsələsidir. Jurnalistika dünyaya fərqli baxış, daha çox sosiologiya, psixologiya, cəmiyyət həyatının bir qolu deməkdir. Bakalavr səviyyəsində qabiliyyət imtahanının olması yaxşıdır, magistratura səviyyəsində isə xüsusən vacibdir. Onlar artıq öz istədikləri ixtisası seçirlər. Yəni təsadüfən gəlib, sonradan peşmançılıq keçirməyəcək ki, bu, onun seçdiyi ixtisasdır. Bu baxımdan dəyişikliyin təsdiqi vacibdir.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məntiqi baxımdan Məleykə xanımın mövqeyini düzgün hesab etsə də, bütövlükdə qabiliyyət imtahanını müsbət amil kimi dəyərləndirmir. Ekspertin fikrincə, əksinə, bu yenilik bəzi müəllimlərin sui-istifadə hallarına yol verməsinə və universitetlərdə rüşvət hallarının artmasına şərait yaradacaq.

- Qabiliyyət imtahanının magistratura pilləsində əhəmiyyəti və təsiri ola bilər. Çünki burada artıq ixtisas seçimindən söhbət gedir. Bakalavriat pilləsi üçünsə bu dəyişikliklər müsbət heç nə vəd etmir.

Məleykə Abbaszadə öz işində uzmandır. Onun fikirləri nəzərə alınsa yaxşıdır. Bakalavriat pilləsində jurnalistikaya qabiliyyət imtahanı tətbiq etmək əlavə işdir və əlavə xərclər deməkdir, hansı ki, bu, nə jurnalistika təhsilinə, nə də jurnalistika sahəsinə heç bir səmərəlilik gətirməyəcək. Mən jurnalistikaya qəbulda qabiliyyət imtahanı olmasında israr edənləri başa düşürəm. Onların bir qismi sovet dünyagörüşündən çıxış edərək qabiliyyət imtahanının fayda verəcəyinə inanır, digər qismi isə bundan imtahan prosesinə müdaxilə kimi istifadə etmək imkanı kimi baxır. Dava yorğan davasıdır. Mən belə də düşünürdüm ki, qarşı tərəf təkcə magistratura pilləsi ilə kifayətlənməyəcək və məhz bakalavriat pilləsində qabiliyyət imtahanının olmasına çalışacaqlar. Çünki magistratura pilləsində təhsil alanlarla məktəbi yenicə bitirmiş məzun, qəbul imtahanından çıxmış abituriyentin səviyyəsi arasında böyük fərq var.

Qabiliyyət imtahanının tətbiqi ilə jurnalistika sahəsində və jurnalistika təhsilindəki problemlərin həll olunacağını düşünmək absurd olardı. Mən belə üsulların səmərəliliyinə inanmıram. Problem burasındadır ki, bizdə jurnalistikaya hələ də ideoloji sahə kimi baxırlar. Bizim KİV-lər də əsasən, ideoloji KİV-lərdir. Hətta xarici ölkələrin, beynəlxalq təşkilatların bu sahəyə yardımlarına da qısqanc yanaşırlar. Jurnalistika təhsili də, təəssüf ki, bu xəttə uyğun aparılır. Əslində, jurnalistikaya fəaliyyət istiqaməti kimi baxılmalıdır. Azərbaycan jurnalistikasında çox ciddi problemlər var və bu problemlər ora gələn jurnalistlərin aşağı və ya yüksək səviyyədə olmasına görə də deyil. Bizim jurnalistika müəllimlərimizin əksəriyyəti praktikada olmayan adamlardır. Ümumiyyətlə, jurnalistika təhsilində praktika deyilən şey yoxdur. Təhsil bazası da olduqca zəifdir. Belə köklü problemlər olduğu halda jurnalistika sahəsini bir inşa yazısı ilə düzəltmək təbii ki, mümkünsüzdür. Niyə nəzərdən qaçırırlar ki, Azərbaycan mətbuatının karifeylərinin demək olar, əksəriyyəti ixtisasca jurnalist olmayıb, 90-cı illərin əvvəllərində demokratik mətbuat nümunəsi yaradanlar, müasir dövrümüzdə də mediada ad çıxarmış, peşəkarlıq sərgiləyənlərin bir çoxu jurnalistika fakültəsini bitirməyənlərdir. Niyə biz gələcək jurnalistlərin səviyyəsini bir inşa yazısı ilə müəyyən etməliyik? Onu bilirəm ki, jurnalistika təhsilində bu cür yarımçıq və köhnə üsullardan istifadə etməklə heç bir şeyə nail ola bilməyəcəyik. Jurnalistika təhsili mütləq mənada müasir tədris sistemi ilə həyata keçirilməlidir. Uzun müddətdir qabiliyyət imtahanlarının tətbiqinə çalışan, bu istiqamətdə böyük kampaniyalar aparan şəxslər də əslində buna ehtiyac

olmadığını bilirlər. Onlar dəfələrlə xarici ali məktəblərdə olublar və ordakı sistemin necə qurulduğunu öz gözləri ilə görüblər. Amma bu barədə danışmırlar.

Məlahət Rzayeva