“İctimai nəqliyyatda gedişhaqqı süni şəkildə artırılır”

Nəqliyyat Nazirliyi vəziyyətdən xəbərdardır


İctimai nəqliyyatda qiymətlərin qalxması ehtimalı deyəsən, reallaşır. Belə ki, "Binə” və "Sədərək” Ticarət mərkəzlərinə gedən bəzi marşrut avtobuslarında son günlər süni qiymət artımı müşahidə olunur.

AzVision.az-a o istiqamətdə gedən avtobus marşrutlarından istifadə edən sərnişinlər bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki, gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir. Sürücülər isə gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq aldıqlarını söyləyiblər.

Nəqliyyat Nazirliyi problemdən xəbərdardır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov APA TV-yə artıq bir sıra yerlərdən gediş haqlarının süni artırılması ilə bağlı müraciətlər edildiyini söyləyib: "Yanacağın qiyməti artan gündən bizə siqnallar daxil olmağa başladı. İlk siqnal 131 saylı marşrut xəttindən gəldi ki, faktla bağlı araşdırmalara başladıq və məsələ yerində həll olundu. Biz sakinlərdən xahiş edirik ki, belə fakt olarsa, bizim "qaynar xətt” ilə əlaqə saxlasınlar”.

Namiq Həsənov hələlik ictimai nəqliyyatda qiymətin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilmədiyini bildirib. Bununla belə, nazirlik sözçüsü yaxın gələcəkdə qiymət artımının qaçılmaz olduğunu bildirib: "Sahibkarlar bizə müraciət edib, elə sürücülər də. Bu müraciətlər əsasında nazirlikdə araşdırmalar başlanıb”.

İqtisadçı-ekspert Samir Əliyev "Şərq”ə marşrutlarda gedişhaqqının artmasının labüd olduğunu deyib: "Nəzərə almalıyıq ki, şəhər nəqliyyatı ancaq benzinlə işləyir. Yəni bizdə tramvay, trolleybus yoxdur. Bir də metro elektrik enerjisi ilə işləyir. Benzinin qiymətinin artması marşrutlarda, avtobuslarda gediş haqlarının qalxmasına təsir edəcəyi şəksizdir”.

S.Əliyevin qənaətincə, maya dəyərinin müəyyənləşdirilməsi ilə bağlı heç bir texniki-iqtisadi əsaslandırma yoxdur: "Bu gün Nəqliyyat Nazirliyi və yaxud Bakı Metropoliteni bir sərnişinə sərf olunan xərclərin neçəyə başa gəlməsi ilə bağlı rəqəmlər səsləndirirlər. Amma bütün bu rəqəmlər haradan alınır? Bunlar şəffaf deyil. Müvafiq qurumlarda xərclər süni şəkildə şişirdilir.

Nəqliyyat sistemi, guya bizdə özəlləşdirilib, qiymət liberallaşdırılıb, ayrı-ayrı şirkətlər var. Ancaq yenə də bu sahəyə Nəqliyyat Nazirliyi nəzarət edir və bu qurum vasitəsilə dövlət büdcəsi hesabına avtobuslar, taksilər alınır. Əgər bütün bunları dövlət edirsə, sahibkarlığın rolu nədən ibarətdir? Bütün problemlər düzgün idarəetmənin olmamasından doğur. Ona görə sabah gediş haqları artsa, təəccüblənmərəm”.

İqtisadçı əlavə edib ki, 4 nəfərlik bir ailənin aylıq avtobusla gediş pulu orta hesabla 42 manat edir: "Minimal hesablasaq, ailənin xərclərinin təxmini 9 faizini nəqliyyat məsrəfləri təşkil edir. Bunun da artması qiymətlərdən asılı olaraq 11-faizə qədər ola bilər. Əksər insanlar üçün ictimai nəqliyyatda qiymətlərin artması ailə büdcəsinə təsir edir”.

Vüqar Şahinoğlu