Köhnə maşınların qiyməti qalxıb

Buna səbəb ölkədə “Avro-4” standartının tətbiqidir
Vüqar Bayramov: “Bahalaşmaya səbəb köhnə avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağadır”


İstismar müddətini başa vurmuş və ya ili köhnə avtomaşınların ölkəyə gətirilməsinin dayandırılması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Çünki belə avtomobillər ətraf mühit, ekologiya və insan sağlamlığının korlanmasına gətirib çıxarır. Bu halın islahı ətrafında sərt addımların atılmasına zərurət yaranıb. Bu baxımdan məsələnin ciddiliyi nəzərə alınaraq lazımi ölçülər götürülüb.

Belə ki, aprelin 1-dən "Avro-4” standartına cavab verməyən maşınların satışına icazə verilməyəcək. Sözügedən avtomobillərin Azərbaycana idxalı qadağan olunacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev bildirib. Onun sözlərinə görə, yeni standartın tətbiqi Azərbaycan prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında ekologiyanın qorunması, vətəndaşların sağlamlığı və ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilən tapşırığa uyğun olaraq həyata keçirilir. Bir məsələni də qeyd edək ki, yeni standarta keçid ölkədə köhnə maşınların qiymətinin bahalaşmasına gətirib çıxarıb. Maşın bazarında apardığımız müşahidələr göstərdi ki, artım kəskin olmasa da, "Avro-2” və "Avro-3” standartlı maşınların qiymətində bahalaşma baş verib. Bəzi satıcılar köhnə maşınların hələ aprelin 1-dən sonra bahalaşacağını deyirlər. Onlar bahalaşmanı "Avro-4”ə uyğun gəlməyən avtomobillərin idxalının qadağan olunması ilə izah edirlər: "Məlum olan bir məsələ var ki, iki həftədir, xaricdən, xüsusilə Gürcüstandan Azərbaycana çoxlu sayda "Avro-2” və "Avro-3” standartında olan maşınlar gətirilib. Və bu atomobillər "Avro-4” standartına cavab verən maşınlardan xeyli ucuzdur. Ona görə də köhnə maşınlara tələbat artıb. Bu da şübhəsiz ki, köhnə maşınların qiymətinin kifayət qədər qalxmasına səbəb olacaq”.

Xatırladaq ki, "Avro-4” standartı Avropa Birliyi ölkələrində 2005-ci ildən tətbiq olunur.

Yeni standarta keçidi dəyərləndirən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə bildirib ki, "Avro-4” standartı yalnız xaricdən gətirilən və daxildə istehsal olunan avtomobillərə aiddir: "Daxildə istifadə olunan avtomobillərə isə heç bir aidiyyəti yoxdur. Yəni aprelin 1-nə qədər ölkədə qeydiyyatda olan maşınların sahibləri heç bir problemsiz avtomobillərini sürə biləcəklər. Sadəcə olaraq "Yol Hərəkəti Haqqında” Qanunun texniki sazlığı ilə əlaqədar 1 saylı əlavəsi var. Deyilən vaxta qədər respublikada olan və sürülən avtomobilin markasından, hansı ölkədə, neçənci il istehsalından asılı olmayaraq göstərilən illik texniki baxışdan keçə bilirsə, məhdudiyyət yoxdur”.

Ə.Hüseynovun sözlərinə görə, xaricdən ölkəyə gətirilən yeni maşınların texniki baxışlarının tələblərində ciddi fərq yoxdur: "Yalnız keçən il qanuna dəyişiklik etdilər. İcazə verilən, kütləsi 3,5 tondan az olan minik avtomobillərini üç kateqoriyaya böldülər. Məsələn, bu gün istehsal olunubsa, 4 il müddətinə texniki baxış keçirilməsi nəzərdə tutulmur. 4-10 il arasında iki dəfə, 10 ildən sonra isə hər il texniki baxış keçirilir. Yeni maşın gətirilən zaman texniki baxış olmayacaq, köhnə maşınlara isə buraxıldığı ildən 4 il sonra texniki baxış keçiriləcək. İstehsal ilindən 10 ildən çox vaxt keçibsə, maşın hər il "texniki baxışdan keçməlidir”.

Yeni standartın tətbiqinin vacib olduğunu vurğulayan iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, yenilik zamanı avtomobil bazarına önəm verilməli idi: "Avro-4”-ə keçməzdən öncə, Azərbaycanda istehsal olunan benzinin keyfiyyəti yeni standarta uyğunlaşdırılmalı idi. İstehsalda "Avro-4”-ə keçmədən idxalda "Avro-4” standartları tətbiq edilir. Hesab edirəm ki, sözügedən standarta uyğun benzin istehsal edənədək yeni standarta keçilməli deyildi. Hazırda Azərbaycan "Avro-2” standartına uyğun benzin istehsal edir. Ölkəmizdə yeni standarta müvafiq benzinin istehsalı yalnız 2015-ci ildə mümkündür”.

Avtomobil bazarında qiymət artımının müşahidə olunduğunu deyən iqtisadçı bildirib ki, ili köhnə avtomaşınların bahalaşması öncədən proqnozlaşdırılırdı: "Bahalaşma onunla əlaqədardır ki, sözügedən avtomobillərə tələbat artıb. Onların qiyməti ucuzdur. Həmin avtomobillərin gətirilməsinə qadağa qoyuldu, bu da qıtlığa səbəb oldu. Qiymətlərin qalxmasına gətirib çıxardı. Tələbat artıbsa, qiymətin bahalaşması mütləq olacaq”.

Ekspertin qənaətincə, ili köhnə avtomaşınların qiymətlərini bahalaşdıran səbəblərdən biri də avtomobil kreditləşməsinin dayanmasıdır: "Bu hal ili təzə olan avtomaşınlara tələbatın azalmasına gətirib çıxarıb. Məsələn, əvvəllər vətəndaş 10 min manat verib kreditlə maşın ala bilirdi. İndiki şərtlər daxilində 10 min manatı olan şəxs kreditlə maşın götürə bilməyəcək. Bu proses köhnə avtomobillərə güclü tələbatı formalaşdırıb”.

V.Bayramov onu da diqqətə çatdırıb ki, ili köhnə maşınların bahalaşmasının digər səbəbi sahibkarların sayının azalacağı ilə bağlıdır: "Fərdi sahibkarlar köhnə avtomobillər gətirirdi. Yeni standartın tətbiqi isə daha bahalı avtomaşınların gətirilməsini tələb edir ki, buna da əksər sahibkarların maliyyə imkanları yetməyəcək. Belə vəziyyət avtomobil bazarlarına təsirsiz ötüşməyəcək”.

Vüqar Şahinoğlu,

Ayyət Əhməd