"0-100 arası bal yığanlar orta məktəb bazası ilə bəxtəbəxt imtahana girənlərdir"

Məlahət Mürşüdlü: "Bu gün ali məktəblərə hazırlaşan 10 abituriyentdən 9-u fərdi hazırlıqlara gedir. Çünki yuxarı siniflərdə şagirdlərə qəbul imtahanı hazırlığı səviyyəsində təhsil vermir"


"0-100 arası bal toplayan abituriyentlərin sayının artmasının səbəbləri hər kəsə məlumdur”.

Bunu "Sherg.az”a  Azad Müəllimlər Birliyin sədri Məlahət Mürşüdlü deyib. O bildirib ki, az bal toplayan abituriyentlər hazırlaşmadan imtahana gediblər:

"Aydındır ki, şagirdlər bir neçə il intensiv şəkildə qəbul imtahanlarına hazırlaşır. Yüksək bal toplayanların böyük əksəriyyəti repetitorlar vasitəsilə qəbula hazırlaşıb. 0-100 arası bal toplayan abituriyentlər isə sadəcə məktəbin verdiyi təhsillə qəbul imtahanlarına girənlərdir. Onların aşağı nəticə göstərməsi təlimin keyfiyyəti, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsində buraxılan səhvlərlə bağlıdır. 

Orta məktəbdə şagirdlərin biliyini qiymətləndirərkən asan suallar tətbiq edirlər. Bunun əksinə ali məktəblərə qəbul imtahanlarında seçilmiş, çətin suallar salınır. Çünki qəbul imtahanlarında layiqlərin düzgün qiymətləndirilməsi aparılmalı, yaxşı abituriyentlər keçirilməlidir.

Orta məktəblərdə nədənsə müəllimlər məntiqə dayanıqlı suallardan qaçırlar. Nəticədə isə qəbul imtahanlarında bu geriləmə baş verir. Çox istəyərdim ki, araşdırılma aparılsın. Nəyə görə bir qrup uşaqlar 500-dən yuxarı bal toplayırlar, bir qrupu isə 0-100 arası nəticə göstərir? Aşağı nəticə göstərənlər müəllim yanına getməyə imkanı olmayanlardır. Orta məktəb bazası ilə, bəxtəbəxt imtahana girdiklərinə görə, ən aşağı balları toplayıblar. Bunu sübut etmək üçün yaxşı araşdırma aparmaq və abituriyentlər arasında sorğu keçirmək lazımdır. 500-dən yuxarı bal toplayan şagirdlərin əksəriyyəti orta məktəb bazasından əlavə fərdi dərs almaqla universitetə hazırlaşıb”.

Bu gün ali məktəblərə hazırlaşan 10 abituriyentdən 9-nun fərdi hazırlıqlara getdiyini diqqətə çatdıran M.Mürşüdlü deyib ki, orta məktəblər yuxarı siniflərdə şagirdlərə qəbul imtahanı hazırlığı səviyyəsində təhsil vermir:

"Təhsil Nazirliyinin və aidiyyəti orqanların bu istiqamətdə araşdırmasından sonra mövcud olan problemləri üzə çıxarıb, dəqiq fikir söyləyə bilərik. Boşluqları bildikdən sonra çıxış yolu axtarmaq olar”.

Qeyd edək ki, bu il ali məktəblərə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərənlərin sayı 300 nəfər (13%) artıb. Ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030, bu il isə 11 999 nəfər olub.

Aysel Aslan