“Məni sakitləşdirməyə çalışırlar”

Mirkamil Kamilov: “Həkimlər dedi ki, bu aparat ürəyimdə ömürlük də qala bilər”


Ürəyindən əməliyyat olunmuş müğənni Mirkamil Kamilova həkimlər tərəfindən oxumağa qadağa qoyulması xəbəri ötən gün medianın diqqət mərkəzində olan xəbərlər sırasında oldu. Müğənni ürəyindən əməliyyat olunduğu üçün həkimlər ona birmənalı şəkildə oxumağı qadağan edib. Bunlar deyilənlərdir. Bəs həqiqətdə necədir? Doğrudanmı Mirkamil səhnədən uzaqlaşır? Həqiqətənmi Mirkamil bir də əlinə mikrofon götürüb oxuya bilməyəcək? Bütün bu suallara Mirkamil Kamilov "Şərq”ə açıqlamasında aydınlıq gətirib.

Qəzetimizə müsahibə verən gənc müğənni "Əvvəla onu deyim ki, ötən gün mən də internet səhifələrindən bu xəbəri oxudum, məyus oldum. Düzdür, səhhətimlə bağlı mənə müəyyən müddətə oxumağı qadağan etdilər. Amma bu o demək deyil ki, mən heç vaxt oxuya bilmərəm. Adamın dişini çıxarıb, yerinə başqa diş qoyanda o öz təbii dişin kimi sənə rahat olmur, əlavə olduğu hiss olunur. Mənim ürəyimə o boyda dəmir qoyulub. Həm orqanizm buna öyrəşməlidir, həm də mən psixoloji cəhətdən buna hazır olmalıyam. Mənim yerimə kim olsaydı, o ağrıların qabağında dözə bilməzdi. Amma bu günə şükür. Həkimlər mənə 6-7 ay oxumağı qadağan ediblər. Mən bu qədər gözləyə bilmədim. Artıq yavaş-yavaş başlamışam. Tez olsa da, amma mən başladım, oxumasam qala bilmərəm” söylədi.

- Bəs Mələkxanım Əyyubova nə deyir? Həkimlər hələ oxumağına tam razılıq verməyiblər?

- Ailə üzvlərim də, Mələk xanım da məni sakitləşdirməyə çalışırlar. Onlar da deyirlər ki, əsas cansağlığıdır. Səhhətim daha önəmlidir. Amma mən oxumadan nəfəs ala bilmərəm.

- Doğrudanmı sənət sənin üçün səhhətindən irəlidir?

- Təbii ki, mən də canımın sağ olmasını istəyirəm. Amma sənətə olan sevgim hədsizdir, mən bunu sözlə ifadə edə bilmirəm. Əgər oxumasam, passivləşərəm. Bunu istəmirəm. İstəmirəm məndə ruh düşkünlüyü yaransın. Ona görə ayaq üstə durmağa çalışıram. Həkimlər də mənə bildirmişdi ki, bir müddət səndə ağrıların olması təbiidir. Bədən o aparatı qəbul etmək üçün zamanla vuruşacaq. Mən də o aparatı psixoloji qəbul etmək üçün mənəvi vuruşdayam. Öyrəşməyə çalışıram.

- Ürəyinə quraşdırılan bu qurğu ömür boyu səndə qalacaq?

- Əslində həkimlər deyib ki, bu, ömürlük səndə qalmalıdı. Amma bir söz də dedilər. Ola bilər ki, 5 ildən sonra ürəyimə qoyulan bu aparat yenilənsin. Ya da çıxarılanda müayinələrdən sonra yenidən qoyulmasına ehtiyac qalmasın. Bilirsiz, o bilər ürək funksiyası bir neçə ildən sonra bərpa olunsun, onda aparata ehtiyac qalmasın. Ola da bilər ki, bir ya sonra görsünlər ki, bu aparat olmadan nəfəs ala bilmərəm, onda yenidən qurulacaq.

- Bildiyim qədər bu halda belə böyük bir layihə üzərində çalışırsan?

- Hə. Düz eşitmisiz. İranlı musiqiçilərlə böyük bir layihə üzərində çalışıram. Daha doğrusu, ayın 3-4 də İrana səfərim olmalıydı. Əgər onlarla görüşümüz baş versə, danışığımız tutsa, əvvəl İranda, sonra Azərbaycanda çox maraqlı bir layihə təqdim etməyi nəzərdə tutmuşam. İnşallah.

Tahirə