Benzinin qiyməti yenidən qaldırılır?

İlham Şaban: “Benzinin qiymətinin artma ehtimalının “Avro-4” standartı ilə heç bir əlaqəsi yoxdur”
Azər Mehtiyev: “Ölkəyə gətirilən minik maşınlarının məhdudlaşdırılması və ölkəyə son model avtomobillərin gətirilməsinin təmin edilməsi hədəf kimi qarşıya qoyulub”



Cəmiyyətdə "Avro-4” standartın tətbiqi ilə bağlı benzinin qiymətinin artacağı ilə bağlı fikirlər səsləndirilir. Deyerler.org saytının yaydığı məlumata görə, Aİ-95 benzinin 1 litrin pərakəndə satış qiyməti 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.

Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin 1 litrin pərakəndə satış qiyməti 0.70 manat, dizel yanacağının 1 litrinin pərakəndə satış qiyməti 60 qəpik səviyyəsində saxlanılacaq.

Artıq qiymət dəyişiklikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi dünəndən qüvvəyə minib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə benzinin qiymətinin artma ehtimalının "Avro-4” standartı ilə heç bir əlaqəsi olmadığını deyib: "Dövlət Neft Şirkəti artıq ölkədə Aİ-95 markalı benzin istehsalının dayandırdığını elan edib. Əgər qiymət artımı varsa, bu, istehsalın dayandırılması ilə əlaqədardır və o benzin növünün idxalı ilə bağlıdır.

Ölkəyə idxal olunan benzin isə "Avro-2” və ya "Avro-3” standartında ola bilməz. Aİ-98 markalı benzin də yüksək oqtanlı benzindir, hətta "Avro-5” standartındadır”.

Həmçinin İ.Şabanın qənaətincə, Aİ-98 markalı benzinin aşağı keyfiyyətdə olmasına gəlincə isə, sadəcə bu ağlasığmazdır: "Qiymət artımı və azalmasını buna bağlamaq düzgün deyil. Aİ-98 markalı benzinin aşağı düşməsi yalnız aksiz vergisinin azaldılmasına görədir. Nazirlər Kabinetinin müəyyən qərarı var, o qərar da tətbiq olunmağa başlayıb və qiymət düşüb. Başqa heç bir izahı yoxdur”.

Ekspert 2000-ci ildən sonrakı buraxılışı olan maşınların Aİ-98 markalı benzinlə çalışmasının mümkün olmadığını da bildirib: "İstər 2014-cü il buraxılışlı avtomobil olsun, onun "Aİ-98” markasına heç bir aidiyyəti yoxdur. Ona görə ki, onun daxilində ağır tərkibli elementlər var. Bu benzin digər mühərriklər üçün öldürücü effekt verir. Yəni avtomobilin texniki pasportunda nə yazılıb, bu müəyyən olunmalıdır”.

İ.Şabanın sözlərinə görə, Azərbaycanda yalnız 0,1 faiz Aİ-98 markalı benzini istehlak olunur: "Yəni bu markadan cüzi istifadə edilir. Aİ-95 markalı benzinin istifadəçisi də həddən artıq azdır. İkinci növ deyilən benzində bir yox, bir neçə ölkədən, o cümlədən Rusiya, Türkmənistan, Rumıniyadan gətirilə bilər. Ölkəyə gətirilən benzinin qiymətinin necə tənzimlənməsi isə məlum deyil”.

İqtisadçı-ekspert Azər Mehtiyevin fikrincə, ölkə daxilində dünya standartlarına uyğun benzin istehsal olunmur: "Belə benzinin tətbiqi hələki həyata keçirilmir. Çünki ölkənin neftayırma zavodları hələki "Avro-4” standartlarına uyğun neft istehsal etmək iqtidarında deyil. ARDNŞ müvafiq texnologiyaya malik deyil və bunun üçün texnoloji dəyişikliklər zəruridir. Bizdə yalnız "Avro-2” standartlarına uyğun benzin istehsal olunur. Və proses eyni qaydada davam edəcək. "Avro-4” standartlarına keçid isə ən azı benzin istehsalı baxımından uzun zaman tələb edən prosesdir, qısa müddətdə həyata keçirilə bilməz. "Avro-4” standartlarının tətbiqi ölkəyə gətirilən avtomobillərə tətbiq olunur”.

A.Mehtiyev əlavə edib ki, yeni standartın tətbiqində əsas məqsəd ölkəyə gətirilən avtomobillərin sayının məhdudlaşdırılmasıdır: "Hökumət son illər əhalinin alıcılıq qabiliyyətinin artmasına görə ölkəyə çox avtomobil gətirildiyini düşünür. Buna görə də Bakıda böyük avtomobil sıxlığı mövcuddur. İndiyə qədər respublikaya gətirilən avtomobillərin köhnə olması ekoloji problemlər yaradır.

İlk addım kimi ölkəyə gətirilən minik maşınlarının məhdudlaşdırılması və ölkəyə son model avtomobillərin gətirilməsinin təmin edilməsi hədəf kimi qarşıya qoyulub. Qısa zamanda "Avro-4” standartlarına keçid prosesi gündəmdə olmadığına görə, benzinin qiymətinin qalxmasına heç bir əsas yoxdur. Məlum olduğu kimi, keçən ilin dekabrın 2-də yanacağın qiymətində dəyişiklik edib, hələ üzərindən 3-4 ay vaxt keçib. Sadəcə cəmiyyətdə belə fikir formalaşıb ki, benzinin qiyməti qaldırıla bilər. Qiyməti yalnız Nazirlər Kabineti yanında Tarif Şurası müəyyənləşdirir və qərar verir ".

Vüqar Şahinoğlu