Türkiyədəki etiraz aksiyaları nəzarətdən çıxmayacaq

Müxalifət qarşıdurmaya getməyəcək



Türkiyədə vəziyyət yenidən gərginləşə bilər. Hakim Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində qazandığı qələbəni qanunsuz sayan müxalifət paytaxt Ankarada küçələrə axışıb. Seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edən minlərlə insan Mərkəzi Seçki

Komissiyasının binasına soxulmağa cəhd göstərib. Polis əməkdaşlarının vaxtında müdaxiləsi ilə aksiyaçıların qarşısı alınıb.

Təhlükəsizlik əməkdaşları narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb. Bəzən polislərlə mitinq iştirakçıları arasında qısamüddətli əlbəyaxa münaqişələr yaşanıb. Baş nazir Ərdoğanı korrupsiyada ittiham edən müxaliflər onun istefasını tələb ediblər. Ərdoğan isə müxalifəti, xüsusilə də CHP-ni ittiham edərək bu partiyanı insanları küçələrə sövq etməkdə, iğtişaşa sürükləməkdə günahlandırıb.

Türkiyədə seçkidən sonra yaşanan gərginliyi şərh edən politoloq Qabil Hüseynli etirazların böyüyüb ümumxalq üsyanına çevriləcəyinə inanmır. Politoloqun fikrincə, Türkiyədəki siyasi partiyaların hamısı kifayət qədər vətənpərvərdir: "Düşünmürəm ki, müxalifət partiyaları Türkiyəni zəiflədəcək addımlar atacaq. Amma bələdiyyə seçkilərindəki saxtalaşdırma faktları geniş miqyas aldığına görə narazı kütlə uzun müddət bunun arxasınca gedəcək. Çünki Türkiyə tarixində ilk dəfə olaraq seçkilərdə ciddi saxtalaşdırma halları meydana çıxdı və demokratik seçkiyə xəyanət edildi. Özü də bu saxtakarlıq seçki bülletenlərinin məhv edilməsi və protokolların dəyişdirilməsi səviyyəsində aparıldı. Məsələn, Yalova qəsəbəsində hakim pariya CHP-ni guya cəmi bir səslə uddu. Sonra məlum oldu ki, CHP-nin səsləri kürdləri təmsil edən BDP-yə verilib. Eyni proses paytaxt Ankarada da yaşandı. Burda da əsas namizədlər arasında aparılan seçkilər çox cüzi fərqlə yekunlaşdı. MHP sədrinin vətəni Osmaniyə vilayətində yüzlərlə bülleten cırılmış halda zibil qutusundan tapıldı. Seçki bülletenlərinin ayrı-ayrı adamların əlində torbalarla gəzdirilməsi və "karusel” sisteminin həyata keçirilməsi AKP-nin üstünlüyü süni yolla əldə etməsinə səbəb oldu. Hesab edirəm, türklər bu məsələni belə qoymayacaq və arxasınca gedəcəklər”.

Q.Hüseynli deyir ki, Ərdoğanın küçələrdəki etirazlarla bağlı CHP-ni ittiham etməsi çox yanlış və mədəniyyətsiz yanaşmadır: "Əgər seçici öz səsini tələb edirsə və buna görə seçki komissiyasının qarşısında aksiya keçirirsə, burda hansısa fitnə axtarmaq düzgün deyil. Əslində fitnə yaradan Ərdoğanın özüdür. O, seçkidən sonrakı ilk çıxışında həmrəyliyə zidd bəyanatlar verərək müxalifəti və digər qrupları hədələdi, onları dəyişdirməklə təhdid etdi. Bu da onu göstərir ki, qələbə eyforiyası baş nazirin başını gicəlləndirib. Ona görə də, Ərdoğan etiraz edən xalq kütləsini saymır”.

İsmayıl