Məktəblərdə bıçaq davası...

Bu onu göstərir ki, təhsil sahəsində problemlər çox dərindir



Məktəblilər də "razborşik”lərə çevrilib, birinin sözü digərinə xoş getmirsə, məsələni bıçaqla həll edirlər. Yeniyetmələrin bıçaqlaşması halları təəssüf ki, son zamanlar tez-tez baş verir. Xatırlayırsınızsa, bir müddət öncə, Şəmkir rayonunun Düyərli kəndində orta məktəb şagirdi öz sinif yoldaşını qətlə yetirmişdi. Kənd sakini Səid Allahverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya aparılmışdı və orada dünyasının dəyişmişdi. Cəlilabad rayonunda da oxşar hadisə baş vermişdi. Məktəbli öz məktəb yoldaşını bıçaqlamışdı. Eyni kriminal hal paytaxtda da baş verib.

11-ci sinif şagirdi iki məktəblini, həm də özündən yaşca kiçik olanları - 9-cu sinif şagirdlərini bıçaqlayıb.

Onu da nəzərə alaq ki, hadisə hansısa tində, qaranlıq, ins-cins olmayan yerdə yox, metronun "Koroğlu” stansiyasının qarşısındakı "Alov” parkında baş verib. Bıçağa əl atan məktəbli ətrafdakı patrul xidməti əməkdaşlarından da çəkinməyib.

Bu hadisələr orta məktəb şagirdləri, yeniyetmələr arasında kriminala meyilliyin artdığından xəbər verir. Müasir həyatımızda məktəblini əlində çanta yox, bıçaqla təsəvvür etməyə başlamışıq.

"Məktəblilər arasındakı bu dava təhsil sahəsindəki çatışmazlıqların hələ də dərin olduğunu sübut edir”. Bunu "Şərq”ə açıqlamasında təhsil eksperti, uzun illər təhsil sahəsində çalışmış Nadir İsrafilov olaya münasibət bildirərkən dedi.

Təcrübəli pedaqoqun sözlərinə görə, nə qədər ki, təhsil sahəsində köklü islahatlar əvəzinə formal, kosmetik dəyişikliklər aparılacaq, yeniyetmələr arasında kriminal hadisələr səngiməyəcək:

- Şagird asudə vaxtını necə, harada keçirməlidir? Hazırda bizdə şagirdin asudə vaxt anlayışı tamam yox olub. Şagird məktəbdən çıxdı, qalır avara. Hara getsin, nə işlə məşğul olsun, bilmir. Ya evdə televizor qabağında oturacaq, ya da internet klublara gedəcək, kimlərləsə yazışacaq, mesajlaşacaq. Mübahisə edəcək, dalaşacaq, vuruşacaq. Çünki uşağın başqa məşğuliyyəti yoxdur. Valideynlər də uşaqları ilə məşğul olmurlar. Buraxıblar, uşaqların başını, hərəsi öz işiylə, öz maraqlarını təmin etməklə məşğuldur. Məktəb də özünün tərbiyəvi rolunu qoyub bir kənara. Guya ancaq tədrislə məşğuldur, onu da düz-əməlli yerinə yetirmir. Halbuki tədris deyiləndə

ümumilikdə təlim-tərbiyə, bilik, bacarıq, vərdişlər, şagirdin fizioloji, bioloji tərbiyəsi nəzərdə tutulur. Bizim təhsil sahəsi bütün, tam olmadığından bu cür xoşagəlməz, kriminal hadisələr üçün münbit şərait yaranır. Məktəb-valideyn birliyi ortadan qalxıb. Müəllimlərin başı repititorluğa qarışıb, valideynlərinki də repititor üçün pul tapmağa. Məktəblərdə şagirdlərlə heç bir əlavə iş, məşğələ aparılmır. Yeniyetmələrin təlim-tərbiyəsini bu saat dizilər, seriallar, ucuz şoular, internet, sosial şəbəkələr formalaşdırır. Sonluq da belə faciələrlə bitir.

Şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq ki, uşaqlarımızı itirməyək. Həm mənəvi, həm də fiziki baxımdan.

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə belə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların cinayət əməlləri törətməyə meyillənməsi cəzasızlıq mühitinin hökm sürməsinin nəticəsidir:

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi yetkinlik yaşına çatmayanlara qarşı ağır cəza tətbiqi nəzərdə tutmur. 16 yaşınadək olan uşaqlara, ümumiyyətlə, heç bir cəza tətbiq edilmir. 16-17 yaş və 18 yaşa qədər olan uşaqlara yüngül cəzalar tətbiq edilir. Yalnız 18 yaşına çatmış şəxslərə qarşı sərt cəza tədbirləri nəzərdə tutulur. Bu da yeniyetmələrdə arxayınçılıq, məsuliyyətsizlik yaradır. 16 yaşında uşaq lap 2-3 nəfəri qətlə yetirsə də, ona acır cəza tətbiq edilməyəcək. Xaricdə isə belə deyil. Cinayət törətmiş şəxsə əməlinə müvafiq cəza verilir, lakin onun cəzanın tətbiqi üçün 18 yaşa çatması gözlənilir. 18 yaşına çatdıqda isə yenidən məhkəmə keçirilir və cinayətkar ona verilmiş cəzanı çəkməyə başlayır. Yəni, bütün hallarda məhkumluq həmin şəxsin üzərində saxlanır, yaşı buna imkan verən kimi, o, cəzasını çəkməyə başlayır. Bizdə isə vəziyyət fərqlidir. Uşaqlar bilir ki, nə etsələr də, onları tutan deyillər, bu da uşaqlar arasında cinayətkarlığı artırır. Uşaq psixikası çox mürəkkəbdir. Mən iş təcrübəmdə 13-15 yaşlı uşaqların xüsusi qəddarlıqla bir neçə nəfəri qətlə yetirməsi faktı ilə rastlaşmışam. Yetkinlik yaşına çatmamış uşaq hər şeyə qadir ola bilər. Ona görə də burada uşaqların təlim-tərbiyəsi ciddi olmalıdır. Məktəblə yanaşı, valideynlər, polis şöbələri, icra hakimiyyətlərinin müvafiq bölmələri daim uşaqların tərbiyəsini diqqətdə saxlamalıdır. Polis idarələrində yeniyetmələrlə bağlı xüsusi şöbələr, icra hakimiyyətlərində uşaqlarla məşğul olan şöbələr məktəblə, ailə ilə sıx əlaqədə çalışmalıdır. Uşaqlar onlara kənardan nəzarət olunduğunu bilməlidirlər. İndi lap təhlükəli, ağır zamandır. Uşaqlar internetlə, sosial şəbəkələrlə məşğuldur. Hər cür informasiya alırlar, kənardan min cür xəbərlər eşidirlər. Məlumat almaq imkanları xeyli genişlənib. Xaricə çıxış yüngülləşib. Fikir verirsinizsə, uşaqlarda biri-birinin üzərində hegemonluq istəyi artıb, özlərini "mafiya babası”na bənzədirlər. Bütün bunlar uşaqların hər cür informasiyaya sərbəst çıxışından irəli gəlir. Məktəb, təhsil idarələri bu faktları ciddiyə almalıdır. Amma görünən budur ki, təhsil sektorunda uşaqların təlim-tərbiyəsinə bir laqeydlik var. Təhsil sahəsi boş yerə tənqid olunmur. Məktəb ailələrlə əlbir işləməlidir, uşaqların psixikasının düzgün istiqamətdə inkişafına çalışılmalıdır. Azyaşlılar böyük bir ictimai təbəqədir. Hesablasaq, görərik ki, azyaşlılar ümumi əhalinin bəlkə də 30-40 faizini təşkil edir. Bu, böyük bir təbəqədir. Ancaq onlarla bağlı hansı işlər görülür? Heç bir iş. Fikrimcə, azyaşlıların cəzalandırılması üçün qanunvericilikdə əsas yaradılmalıdır. Lakin bunu elə etmək lazımdır ki, uşaqların psixikasına zərbə olmasın. Bu məsələ dərindən düşünmə tələb edir. Burada uşaq hüquqlarının qorunması məsələsi də var. Uşaq hüquqları hər bir uşağa istədiyini etmək imkanı da verməməlidir. Qanunvericiliyə elə dəyişiklik etmək lazımdır ki, uşaq törətdiyi əmələ görə cəzasız qalmayacağını bilsin.

Məlahət Rzayeva