Bir kampusumuz qalmışdı...

Universitetlər Xırdalana, Saraya, Sumqayıta köçürüləcək



Paytaxtda yerləşən ali təhsil müəssisələrinin şəhər kənarında salınacaq tələbə şəhərciklərinə - kampuslara köçürülməsi ideyası reallaşmaq üzrədir. Qeyd edək ki, bu fikirlər neçə ildir ki, səsləndirilir. Burada həm beynəlxalq təhsil təcrübəsinin əsas götürüldüyü, həm də paytaxtdakı məlum sıxlığı aradan qaldırmaq məqsədi daşıdığı bildirilir.

Avropa ölkələrində, ABŞ, eləcə də Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətində də təhsil müəssisələrinin kampuslara malik olması təcrübəsi ötən əsrdən mövcuddur.

Hətta ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Prinston Universitetində 18-ci əsrdə ilk kampus yaradılıb. Yəni dünya təcrübəsində çoxdan adiləşmiş bir hal hələ indi Azərbaycana gəlib çatmaqdadır. Amma bunu da unutmaq olmaz ki, sovet illərində ali təhsil ocaqlarının tələbə yataqxanaları vardı və onlar "Tələbə şəhərciyi” də adlandırılırdı. Lakin 90-cı illərin əvvəllərində tələbə yataqxanaları qaçqın və məcburi köçgünlərin məskunlaşma yerinə çevrildi. Beləliklə də, tələbə yataqxanaları faktiki ləğv edilmiş oldu. Son bir neçə ildə məcburi köçkünlər üçün yeni yaşayış massivlərinin tikilməsi ilə tələbə yataqxanalarının əzəli funksiyalarına qayıtması da artıq gerçəkləşir. Digər tərəfdən, bəzi ali məktəblər var ki, faktiki şəhərcik formasını alıb. Məsələn, Bakı Dövlət Universiteti. Bunun üçün BDU-nun ərazi problemi də olmayıb. Bir neçə korpusdan ibarət BDU, öz sahəsini dəmir məhəccərlərlə əhatələməklə, necə deyərlər, "əraziyə əl qoyub”. Bircə qalır, yataqxanaları geri almaq, o da yaxın gələcəkdə yəqin mümkün olacaq. Amma bir sıra ali məktəblərimiz var ki, əraziləri hədsiz kiçikdir, hətta özləri güclə sığışırlar, o ki qalsın kampus.

Elə köçürülmə işinə də məhz bu "dar”, həm də şəhərdə sıxlıq yaranmasına səbəb olan universitetlərdən başlanacaq.

Siyahıda Azərbaycan Dillər, Bakı Slavyan, Pedaqoji və İqtisad universitetləridir. Hər 4 universitet şəhərin ən sıx, ən gur hərəkət olan ərazilərində yerləşir. Odur ki, ilk olaraq məhz bu universitetlərin şəhərdən kənara çıxarılacağı bildirilir.

Universitetlərin yerləşəcəyi yeni ünvan isə Sumqayıt şəhəri, Xırdalan istiqamətinə, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Təhsil Nazirliyi də ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı məlumatları təsdiqləyib. Nazirlikdən Modern.az-a bildirilib ki, hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.

İqtisadçı-ekspert Zahid Məmmədov da universitetlərin şəhər kənarına köçürülməsi ideyasını dəstəkləyir. İqtisadçı şəhərdəki sıxlığı azaltmaq, həmçinin təhsil sahəsində Avropa standartlarına uyğunlaşmaq üçün vacib şərt sayır:

- Biz bunu əvvəllər də deyirdik ki, şəhəri sıxlıqdan qurtarmaq lazımdır. Nəinki universitetlər, bəzi nazirliklər, dövlət müəssisələri də şəhərdən kənara, hətta regionlara köçürülməlidir. Bakıda hərəkət etmək qeyri-mümkündür. Deyə bilərsiniz ki, tıxaclar bütün böyük şəhərlərin problemidir. Razıyam. Amma hər ölkə, hər bir şəhər bələdiyyəsi tıxacları minimuma endirməyin yollarını axtarıb-tapır.

Təəssüf ki, bizim paytaxtımızda belə deyil. Yaşayış binaları, idarə və müəssisələr, məktəblər, universitet binaları azalmaq əvəzinə artır. Heç kim də şəhər kənarına getmək istəmir. Bunun üçün, əlbəttə, ilk növbədə infrastruktur formalaşmalıdır. İctimai nəqliyyat elə bir hala gətirilməlidir ki, şəhər kənarına gediş-gəliş çətin olmasın, əksinə, insanlar könüllü surətdə şəhərdən kənara çıxmağa meyl etsinlər, həvəs göstərsinlər. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Amma həmin ölkələrdə tələbə və müəllimləri o kampuslara xüsusi avtobuslar daşıyır. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Buna ehtiyac görmür. Yeməyi də oradadır, yatağı da. Kitabları, dəftərləri də. Dərslərini də orada çalışır, elmi kitabxanalardan, təcrübə otaqlarından istifadə edir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Yoxsa, tələbə çörək almaq üçün kampus ərazisindən çıxıb marketə getməli

olacaq. Bizdə nəqliyyat problemi hələ həll olunmayıb. Xırdalandan, Sumqayıtdan Bakıya gəlmək insanlar üçün işgəncədir. Xırdalana, Ceyranbatana köçürülən tələbələr, müəllimlər evlərinə necə gəlib gedəcək? Ona görə də alim məktəbləri şəhər kənarına köçürməzdən öncə, nəqliyyat problemini həll etmək lazımdır.

İqtisadçı qeyd etdi ki, ümumiyyətlə, Bakıda idarə və müəssisələrin yerləşməsi düzgün aparılmayıb:

- Metronun "Elmlər Akademiyası” stansiyasının ətrafında nə qədər təhsil müəssisəsi var; BDU, Texniki Universitet, İnşaat və Memarlıq Universiteti, nə qədər orta məktəb, nəhəng Elmlər Akademiyası və onun institutları, hələ Milli Ensiklopediya Kitabxanası da yenicə inşa edildi. Bu ərazini bu qədər yükləməyin anlamı nədir? Təbii ki, iş və dərs saatları başlayanda və bitəndə burada böyük sıxlıq, tıxac olacaq. Həm də dərs saatları hamısı eyni vaxtda başlayıb, eyni vaxtda bitir. Eyni vaxtda minlərlə tələbə metroya, avtobuslara axın edir. Mən dəfələrlə təklif etmişəm ki, tıxacların qarşısını almağın bir yolu da dərs saatlarının başlanma vaxtını fərqli etməkdir. Dərs vaxtları arasında 15-20, yarım saat fərq olmalıdır ki, hamı birdən axın etməsin. Böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir. Amma bizdə əksinədir. Universitetlər də, institutlar da, nə qədər nazirlik, dövlət əhəmiyyətli obyektlər var, hamısı şəhərin mərkəzinə toplaşıb. Bunlar növbə-növbə şəhər kənarına çıxarılmalıdır ki, şəhər bir az nəfəs alsın, insanlar bir qədər sərbəst hərəkət edə bilsin.

Məlahət Rzayeva