Səhhəti yaxşı deyil

“Neməti çölə də buraxmırlar”
Həcər Pənahlı: “Xəstə adamın bağlı qapılar arxasında qalması olduqca dəhşətlidir”


Qobustan həbsxanasında cəza çəkən meydan hərəkatının qəhrəmanlarından olan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı ərinin sağlıq durumunun o qədər də yaxşı olmadığını bildirib: "Qobustan həbsxanasında hər 3 aydan bir görüşə icazə verirlər, ancaq telefonla əlaqə saxlamaq imkanımız olur.

Telefonda hər hansısa ətraflı məlumat ala bilmirəm. Onun səhhətində ciddi problemlər var. Bildiyiniz kimi, Nemət bəy şəkər xəstəliyindən əziyyət çəkir. Ancaq buna baxmayaraq heç bir xəstəxanaya yerləşdirmirlər, baxımsız bir yerdə çətin şəraitdədir. Qobustan həbsxanası bildiyiniz kimi ən dəhşətli, ən çətin bir yerdir. Orada Neməti çölə də buraxmırlar. Xəstə adamın da bağlı qapılar arxasında qalması olduqca dəhşətlidir. Hazırda Nemət Pənahlının son durumunda elə bir yenilik yoxdur. Səhhəti də ki, elə olduğu kimidir. Ora elə bir yerdir ki, yaxşı olmaqdan söhbət belə gedə bilməz”.

Nemət Pənahlının "Qobustan”dan başqa həbsxanaya köçürülməsi ilə bağlı prezidentə və aidiyyəti qurumlara müraciət etmək fikriniz varmı”, sualına gəlincə isə, Həcər Pənahlı heç bir müraciətinin olmadığını bildirib: "Nə müraciətim ola bilər ki? Hamı bilir ki, Nemət bəyi nəyə görə tutublar, kim tutub və nəyə görə Qobustana aparıblar. Bu ölkədə bunu bilməyən yoxdur ki, Neməti Qobustana planlı şəkildə aparıblar. Azadlıqda olduğu kimi, 17 saylı cəzaçəkmə müəssisəsində də haqq-ədalət axtardığı, şahidi olduğu haqsızlıqlara qarşı gəldiyi üçün onu qapalı həbsxanaya saldılar. Belə olan halda da kimə müraciət edim? Mən kifayət qədər müraciətlərimi etmişəm, amma bu günə qədər baxan yoxdur. Görünür ki, tapşırıq belə verilib və belə də olmalıdı”.

Qeyd edək ki, həyat yoldaşı ilə sonuncu dəfə bir ay bundan əvvəl görüşdüyünü vurğulayan Həcər Pənahlı növbəti görüşün 2 aydan sonra olacağını deyib.

Şəymən