Şeyxin şimal bölgəsinə səfəri...

Vaxtında iş aparılsaydı, QMİ sədri dini durumla bağlı bu gün həyəcan təbili çalmazdı


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Şimal bölgəsinə səfər edəcək. Məlumata görə, Şeyxülislam Qusar və Xaçmaza səfər edəcək. Səfərin əsas məqsədinin bölgədəki dini vəziyyəti müzakirə etmək və yaranmış bir sıra problemləri həll etməkdir.

Qeyd edək ki, bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmiləri Xaçmazda Tarix Diyarşünaslıq Muzeyində dini icmalarla toplantı keçirib. Toplantıda sələfilərin 3 nümayəndəsi də iştirak edib. Sələfi nümayəndələrinin çıxışı isə toplantıda dini icmalar arasında qarşıdurma yaradıb. Belə ki, sələfilər Xaçmaz şəhər mərkəzi məscidi təmirə bağlandıqdan sonra onlar üçün ayrılmış Qobuqıraqlı məscidinə getmək istəmirlər. Onlar mərkəzi məscidin təmirdən sonra onların istifadəsinə verilməsini istəyir. Lakin həmin məsciddə sələfilərlə yanaşı, şiələr də növbəli ibadət etdikləri üçün qarşıdurmanın əsas mövzusu budur. Məlumata görə, A.Paşazadə səfəri zamanı bu anlaşılmazlığı həll etməyə çalışacaq.

Xatırladaq ki, bundan əvvəl də şimal bölgəsinə səfəri zamanı ölkədə məzhəbçiliyə, təfriqəçiliyə meyillərin olduğunu bildirən şeyxülislam səfərlər çərçivəsində bu kimi hallara qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini bildirmişdi.

İlahiyyatçı-alim Elşad Miri isə deyib ki, ola bilsin ki, bu səfərlər özündə hansısa əhəmiyyət kəsb etsin. Amma indiki təqdirdə bu səfərlərlə bölgələrdə yaranmış dini problemlərin qarşısını almaq mümkün deyil. Onun sözlərinə görə, əsas olan səfər etmək yox, nəticə əldə etməkdir: "Bu cür səfərlərdən sonra dini problemlərin aradan qaldırılmaması insanlarda daha da ruh düşkünlüyü yaradır və onlarda inam itir. Tutaq ki, şeyx bir neçə bölgəyə səfər edib, orada bir sıra konfranslar keçirdi, nə olsun? Əgər məscidlərə hələ də insanlar arasında qarşıdurma yaradacaq kitablar paylanır, birlik və bərabərlikdən yoxsul əsərlər təbliğ olunursa, bu səfərlərin müsbət nəticəsindən danışmaq yersizdir”.

E.Mirinin sözlərinə görə, şeyxülislam şimal bölgəsinə azərbaycanlıların Suriya uğrunda döyüşlərə qatılması və bununla əlaqədar bölgələrdə dini təfriqəçilik meyillərinin daha da artmasından sonra deyil, daha əvvəl də səfər etməli idi. Ancaq o zaman QMİ sədrinin doğrudan da ölkədəki dini problemlərin həllinə çalışmasına inanmaq olardı: "Şeyxin indiki səfərləri heç bir problemi həll etməyəcək. Səfərə çıxarkən əli dolu getmək və əhalinin dini maarifləndirilməsi ilə bağlı konkret işlər görmək lazımdır. Şeyxin bölgələrə gedib qayıtmasının kimə nə xeyri dəyə bilər ki?”

İlahiyyatçı qeyd edib ki, bölgələrdə, ümumilikdə Azərbaycanda dini istiqamətdə maarifləndirmə işləri vaxtında aparılsa idi, bu gün QMİ sədrinin dini durumla bağlı həyəcan təbili çalmasına da ehtiyac qalmazdı: "Yenə də gec deyil. Düzgün maarifləndirmə ilə dini təriqətlərin Azərbaycanda geniş yayılmasının, insanların onlara aludə olmasının qarşısını almaq olar. Bu maarifləndirmə də hərtərəfli təşkil olunmalı və yavaş-yavaş tətbiq olunmalıdır. Əgər bu gün Azərbaycanda dini sferada problemlər varsa, deməli, Qafqaz Müsəlmanları İdarəsi öz vəzifələrinin öhdəsindən gələ bilmir. Deməli, bütün bu problemlərin məsuliyyəti birmənalı olaraq, 30 ildən çoxdur ki, şeyxülislamlıq kürsüsündə oturan adamın üzərinə düşür. Hələ dini təriqətlərlə bağlı problem

Azərbaycanda bu həddə çatmazdan əvvəl QMİ-də struktur dəyişiklikləri aparılmalı və mexanizm dəyişiklikləri getməli idi. Müşavirə keçirib, din xadimlərinə xəbərdarlıq etməklə iş bitmir”.

Mövcud problemi aradan qaldırmaq üçün atılması zəruri olan alternativ addımlara gəldikdə isə ilahiyyatçı-ekspert deyib ki, bunun üçün bütün qurumlar, mənsəblər, sektalar tərəfindən qəbul edilə biləcək vahid proqram hazırlanmalıdır. Dini sfera ilə bağlı hazırlanacaq bu proqram da müəyyən illər ərzində mərhələ-mərhələ həyata keçirilməlidir. Bu proqramın hazırlanması problemin aradan qaldırılması üçün gələcəyə hesablanmış düzgün bir addım olar. Biz insanları dinin vahidliyinə inandırmalıyıq.

Xaçmazda yaranmış məscid probleminə gəldikdə isə ilahiyyatçı vurğulayıb: "Məcsid Allahın evidir. İbadət edən insanlar arasında şiə, sünni, sələfi fərqi qoyulmamalıdır. Azərbaycanda insanları mənsəbinə görə ayırmaq və şiələr olan məscidə sələfiləri, yaxud da sünniləri buraxmamaq ən azı biabırçılıq və ağızdolusu cümlə aləmə sırıdığımız Azərbaycanda tolerantlıq anlayışına böyük zərbədir. Hesab edirəm ki, bölgələrdə məscidlərlə bağlı yaranmış problemlər aradan qaldırılmalıdır. Bunun üçün də başlıca olaraq, məscidlərin sayını artırmaq lazımdır. Mənsəbinə görə fərq qoymadan insanlar məscidlərdə rahatlıqla öz ibadətlərini etməlidir. Təmir adı ilə hansısa mənsəbə qulluq edən müsəlmanları məscidlərə buraxmamaq və onları başqa bir məscidə ünvvanlamaq sonradan ölkədə böyük dini qarşıdurmalara gətirib çıxara bilər”.

Şəymən