ABŞ əmin oldu ki, Ermənistan Rusiyanın yanındadır

“Amerika Qarabağ məsələsində Ermənistan və onun havadarlarına təzyiq etməlidir”


Krım referendumu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçirilən səsvermədə Ermənistanın referendumu dəstəkləməsi Amerika və Qərb ölkələrinin hiddətinə səbəb olub. Sözügedən hadisədən sonra Qərblə separatçı ölkə arasındakı münasibətlər bir qədər gərginləşib. Amerika və digər Avropa ölkələri işğalçı rejimi ədalətlinin yanında olmağa çağırıb.

Ermənistanın mövqeyindən əndişələnən ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf rəsmi İrəvanla münasibətlərə yenidən baxılacağını bildirib. M.Harf Ermənistanın Avropa və Rusiya ilə münasibətdə yürütdüyü ikiüzlü siyasəti pisləyib: "Ermənistanın dünyada rolu o qədər də önəmli deyil. Amma onların bu cür mövqeyi araşdırılacaq”. İki ölkə arasındakı münasibətlərin kəskinləşməsi maraqlı bir sual hasil edib. Görəsən, sözügedən olaylardan sonra rəsmi Vaşinqton BMT-nin Dağlıq Qarabağ barədə verdiyi qətnamələrin icrasını Ermənistandan tələb edə bilərmi? 20 ildən artıqdır ki, Amerika və onun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq qurumlar Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı əməli iş ortaya qoymayıblar. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına yönəlik heç bir addım atmayıblar. Çünki bu, onların siyasi maraqlarına xidmət etməyib. Bütün səfərlərdə, görüşlərdə "münaqişə tərəflərin razılığı ilə həll olunmalıdır” deyərək, status-kvonun saxlanmasına şərait yaradıblar. Bir sözlə, Ermənistanın işğalçılıq planlarına göz yumublar. Bu müddət ərzində rəsmi Vaşinqton və eləcə də Qərb ölkələrinin Qarabağa dair fəaliyyətləri qalaq-qalaq yalançı vədlər verməkdən ibarət olub. Amerikanın bu addımları isə təcavüzkar ölkəni daha xoşhal vəziyyətə salıb. Bu hal isə Ermənistanın Amerikanın mövqeyini müdafiə etməməsi ilə nəticələndi. Ona görə də hazırda iddialar var ki, referendum lehinə səs verməsindən sonra Obama hökuməti və eləcə də ona tabe olan beynəlxalq təsisatlar separatçı ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edəcək. Çünki, ABŞ və Qərb separatçı ölkənin Rusiyameyilli siyasət yürütdüyünü və Qərbi istənilən an meydanda tək qoya biləcəyini dərk etdi.

Amerika və Ermənistan münasibətlərində yaranmış soyuqlaşmanı şərh edən politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında bildirib ki, Krım hadisələrindən sonra rəsmi Vaşinqton işğalçı ölkənin mövqeyini müəyyənləşdirdi: "ABŞ bir daha şahidi oldu ki, Ermənistan Rusiyanın yanındadır. Onları dəstəkləyir və Rusiya ilə birgədir. Ermənistanın bu cür addımları Amerikanı düşündürməli, məsələyə çox ciddi yanaşmalıdır”.

Dağlıq Qarabağla bağlı BMT-nin qətnaməsindən söz açan ekspert qeyd edib ki, Amerika qətnamələrin həyata keçirilməsinə köməklik etməlidir: "Ermənistana təzyiq göstərməlidir. Əks halda, ABŞ maraqlarına zidd olan addımlarla qarşılaşacaq”.

F.Sadıqov diqqətə çatdırıb ki, Rusiyanın azğınlaşmasına səbəb Vaşinqtonun müəyyən məsələlərə laqeyd yanaşması və bəzi problemləri ört-basdır etməsidir: "Azərbaycan torpaqlarının işğalına

Amerika susdu. Ermənistana və onun havadarı olan rəsmi Kremlə təzyiq göstərmədi. Bu da şimal qonşumuzun və düşmən ölkənin işğalçılıq iştahasını daha da artırdı. Abxaziya, Cənubi Osetiya, daha sonra isə Krımı ilhaq etdi. Amerika bunları nəzərə alıb, bütün məsələlərə konseptual şəkildə yanaşmalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da beynəlxalq hüquq normalarına müvafiq addımlar atmalıdır. Biz bunu istəyirik”.

Ayyət Əhməd