ABŞ Rusiyanın “mehriban qonşuluğuna” inanmır

Hazırda beynəlxalq münasibətlərdə müharibə ab-havası yaranıb


ABŞ Konqresi Rusiyanın qonşularına qarşı sülhməramlı olmasına inanmır. Bu barədə ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Rocers bildirib. O, Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasından narahat olduğunu da dilə gətirib: "Biz on minlərlə əsgər müşahidə edirik. Onlara əmr olunacağı təqdirdə Ukraynaya daxil ola bilərlər. İçərilərində xüsusi təyinatlı dəstə, ağır artilleriya, dəniz piyadası da var. Onlar Şərqi Ukraynanı ələ keçirə bilərlər.

Qeyd edək ki, bir müddət öncə ABŞ kəşfiyyatının yaydığı məlumatda Rusiyanın Ukrayna ilə sərhədə 30 min canlı qüvvə cəlb etdiyi bildirilir.

M.Rocersin bəyanatını dəyərləndirən politoloq Elşən Manafov "Şərq”ə deyib ki, bu açıqlamanın heç bir əsası yoxdur: "Hazırda beynəlxalq münasibətlərdə müharibə ab-havası yaranıb. Dünyanın supergücləri sayılan Amerika və Rusiya arasındakı ziddiyyətlər getdikcə şiddətlənir. Ona görə də, ABŞ-ın Rusiyanı ittiham etməsi başadüşüləndir. Həm də Krım hadisələrində Amerika uduzmuş durumdadır”.

Rusiyanın qonşu ölkələrə sülhməramlı mövqedə olmamasına gəldikdə isə siyasi təhlilçi qeyd edib ki, indiki halda ABŞ-ın dünyanın 100-dən çox ölkəsində hərbi bazası var: "Belə çıxır ki, rəsmi Vaşinqton da qonşuları ilə sülh deyil, hərb dilində danışır. Güman etmirəm ki, rəsmi Moskva qonşu dövlətlərlə münasibətləri hərbi və təzyiq kontekstində qursun”.

Gürcüstan və Ukrayna hadisələrinə diqqət çəkən ekspertin qənaətincə, bu olayların baş verməsində Qərbin rolu çox böyük olub: "Sözügedən hadisələrin başlanmasında Amerikanın geosiyasi maraqları vardı. Baxın, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Amerikanın maliyyə və siyasi dəstəyi ilə hakimiyyətə gəldi. Qərb bu siyasətini Ukraynada da gerçəkləşdirmək istədi. Amma bacarmadı”.

E.Manafov vurğulayıb ki, Rusiya hökuməti ölkələrinin keçmiş dönəmdəki nüfuzunu və qüdrətini bərpa etmək istəyir: "Bu baxımdan MDB-yə təsir imkanlarını artırmaq üçün Putinin atdığı addımlar anlaşılandır. Hazırda Rusiyanın Azərbaycana təzyiq mexanizmi kimi Dağlıq Qarabağ faktorundan istifadə etməsi hər kəsə məlumdur. Ona görə də ölkəmiz Rusiyanı hiddətləndirəcək addımlar atmır. Düz də edir. Azərbaycanın bu siyasətini doğru sayıram”.

Ayyət Əhməd