Krım məsələsi bitib

Artıq Rusiya və ABŞ arasında müəyyən razılaşma var


Rusiyanın heç bir ciddi maneəyə rast gəlmədən Krımı ələ keçirməsi və Ukraynanın şərq regionlarını tutmaq üçün qoşun cəmləşdirməsi keçmiş sovet respublikaları ilə yanaşı, Qərbdə də böyük xof yaradıb. Çünki Rusiya prezidenti Putinin Krımın maneəsiz ələ keçirilməsindən ruhlanaraq başqa ölkələri də tutacağına dair proqnozlar yayılıb.

Putinin keçmiş müşaviri Andrey İllarionov deyib ki, Putin Belarusu, Finlandiyanı, Baltikyanı və Cənubi Qafqaz ölkələrini tutmağa hazırlaşır. Onun sözlərinə görə, bu ölkələri ələ keçirməyən Putin Rusiyanı genişləndirmək cəhdlərindən əl çəkməyəcək. Bir sıra ekspertlər də hesab edir ki, əgər Putin bu planını həyata keçirməyə qərar versə, onu və qoşunlarını heç nə dayandıra

bilməyəcək. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə deyib ki, imperiya iddiaları Rusiyanın ərazi bütövlüyünün itirilməsi ilə nəticələnəcək. Onun sözlərinə görə, Rusiyanın Krım, Abxaziya və Cənubi Osetiya ilə birgə gələcəyi yoxdur.

Politoloq Rasim Ağayev deyir ki, tarix zaman-zaman Rusiyanın aqressivləməsini müşahidə edib. Ancaq indiki vəziyyət keçmişlə müqayisədə fərqlidir: "Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində iqtisadi cəhətdən təzyiqə məruz qalan bir ölkənin yeni müharibə cəbhələri açacağı inandırıcı deyil. Əgər bu baş verərsə, dünya müharibəsinə gətirib çıxarar ki, bu da Rusiyanın məğlubiyyəti ilə başa çatar. Maraqlısı odur ki, Rusiyanın Krımdan əlavə digər bölgələri də zəbt etmək istəməsi və buna hazırlaşması qərb mediasından daha çox Azərbaycan mətbuatında hallandırılır. Bu da onunla bağlıdır ki, bəzi siyasi dairələr elə düşünürlər ki, "ara qarışıb məzhəb itsə”, yəni Rusiya hücuma keçsə və qərb dövlətləri buna cavab versə, bizimkilər də ağ günə çıxacaq. Bu yanaşma kökündən yanlışdır”.

Politoloq qeyd edir ki, artıq Rusiya və ABŞ arasında müəyyən razılaşmalar var. Hətta ərazisi parçalanmış Ukrayna belə danışıqlar masasına oturmağa razılıq verib: "Krım məsələsi faktiki olaraq bitmiş hesab olunur. Qərb də Krım məsələsinə göz yumur və bunu gündəmə gətirməkdən qaçır. Hətta arabir ABŞ siyasətçiləri özləri də etiraf edirlər ki, Ukrayna ilə bağlı yaranmış problemlərin günahı Ukrayna hökumətindədir. Ukraynadakı milli qüvvələr faktiki olaraq Rusiyanı qıcıqlandırdılar. Onlar açıq-aşkar bəyan etdilər ki, Ukraynada ancaq ukraynalılar yaşaya bilər. Digər millətləri, xüsusən də rusları sıxışdırmağa başladılar və rus dilini qadağan etdilər. Rusiya da bunları əsas gətirərək sərt addımlar atdı. Görünür, artıq Kreml bu məsələdə ABŞ-ı da razı salıb. Vaşinqton rəsmisi ABŞ-ın hazırda Rusiyaya qarşı hərbi güc tətbiq etmək fikrində olmadığını dedi. Səbəbini də belə açıqladı ki, Rusiya Krıma qoşun yeritməyib. Həmin bölgə qanunlara uyğun şəkildə Rusiyaya birləşdirilib. Qərb siyasətçiləri də ruslar kimi deyirlər ki, Ukrayna rusdilli əhaliyə qarşı sərt mövqe tutmasaydı, Moskva Krım məsələsini ortaya atmayacaqdı”.

R.Ağayevin fikrincə, Kremlin Belarusu, Baltikyanı ölkələri, xüsusilə də Finlandiyanı ələ keçirməyə nə həvəsi var, nə də ki niyyəti var: "Əgər belə olsaydı, bunun hazırlıqlarını görərdik. Ancaq müşahidə etdiyimiz kimi Ukrayna xaricində, o cümlədən Cənubi Qafqazda heç bir canlanma yoxdur. Bu barədə rus mətbuatında da informasiyalar yoxdur. Hətta Baltik ölkələrində, xüsusən də Litvanın hakim dairələrində rusiyafobiyanın yüksəlməsinə baxmayaraq, Kreml heç bir addım atmır. Deməli, bu haqda meydana çıxan versiyalar uydurmadır. İndi reallıq başqadır. Hazırda Rusiyanın siyasi, maddi problemləri çoxdur. O ki qaldı Rusiyanın çökməsinə, Krım hadisəsi Putinin mövqeyini zəiflətmədi, əksinə möhkəmlətdi. Xalqın böyük əksəriyyəti onun qərarını rəğbətlə qarşıladı”.

İsmayıl