ATƏT gücsüzdür

Vasitəçilər özləri etiraf edirlər ki, münaqişənin həllində acizdirlər


Son vaxtlar ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir nəticə əldə edə bilmədiyinə, bu formatın artıq işə yaramadığına dair müzakirələr intensivləşib. Həm yerli, həm beynəlxalq təhlilçilər belə qənaətə gəlirlər ki, Minsk Qrupu artıq işə yaramır və münaqişəni həll etməkdə acizdir.

Elə ATƏT-in özündə də belə qənaət hökm sürür. Belə ki, ATƏT-in 2013-cü il üçün illik hesabatında qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yollarını tapmaq ATƏT regionunda ən mürəkkəb problemlərdən biridir: "Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 20 ildən çox müddətin keçməsinə baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail olunmayıb”.

Bəs Azərbaycanda siyasilər və ekspertlər necə düşünür, Minsk Qrupunun hazırkı fəaliyyətsizliyi fonunda onun hələ də saxlanılmasına nə ehtiyac var?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ATƏT-in münaqişənin həlli ilə bağlı resurslarının tükəndiyini vurğulayıb. Onun sözlərinə görə, artıq vasitəçilər özləri də açıq şəkildə etiraf edirlər ki, münaqişənin həllində acizdirlər. Deməli, münaqişənin həlli daha təsirli bir qurumun nəzarətinə verilməlidir: "Münaqişə BMT səviyyəsində müzakirə olunaraq, qərar qəbul edilməlidir. Əgər təsdiq edirlərsə ki, ATƏT gücsüzdür, onda təklif irəli sürməlidirlər ki, münaqişənin həlli BMT-yə həvalə olunsun. BMT-də bizim xeyrimizə olan qətnamələr mövcuddur. Ən azından həmin qətnamələri BMT-nin gündəminə gətirərək, bunların icrası istiqamətində tələblər ortaya qoyula bilər. Bu mərhələdə ATƏT kimi gücsüz bir qurumun daha güclü və nüfuzlu bir qurumla əvəz olunması bizim üçün faydalı ola bilər. Hazırkı durğunluq bütün hallarda bizim əleyhimizədir”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə fərqli düşünür. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verməkdənsə, qurumda format dəyişiklik aparmaq daha məqbuldur. "Hər halda etiraf etmələrinin özü də yaxşı haldır. Ən azından Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hansısa irəliləyişlər olduğunu iddia etmirlər. Onsuz da ki, ATƏT etiraf etməsə belə münaqişənin həlli istiqamətində heç bir real addım atılmadığı hər kəsə bəllidir”.

ATƏT-in Minsk Qrupunun saxlanmasına nə dərəcədə ehtiyac olub-olmadığına gəldikdə isə politoloq həmsədrlərin fəaliyyətinə xitam verilməsinin heç də doğru yanaşma olmadığını vurğulayıb. Onun sözlərinə görə, ən azı 20 ildə hərbi əməliyyatların təzələnməməsi məhz Minsk Qrupunun fəaliyyətinə görədir: "Hərbi əməliyyatların təzələnməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir halda müsbət töhfə verə bilməzdi və bilməz də. Bu baxımdan, hər nə qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində hər hansı nəticəyə nail ola bilməsələr də, həmsədrlərin saxlanmasına ehtiyac var. Söz yox ki, bu qurum mövcud formatda özünü doğrultmadı. Amma bütün günahı ATƏT-də axtarmaq da düzgün deyil. ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyətində uğursuzluğun səbəblərinə baxmaq lazımdır. Bu səbəblərdən birincisi Minsk Qrupunun formatıdır. Digər səbəb isə tərəflərin statusunun düzgün müəyyənləşdirilməməsidir. Faktiki olaraq, həmsədrlər 20 faiz torpaqları işğal olunmuş Azərbaycanla, həmin torpaqları işğal edən Ermənistan arasında fərq qoymur və onlara bərabər tərəf kimi eyni münasibəti sərgiləyir. Bu artıq ədalətsizlik deyil, həm də problemə qeyri-praqmatik yanaşmadır. Hesab edirəm ki, həmsədrlər problemin həllinə dair nəticə əldə etmək istəyirlərsə, ilk növbədə tərəflərə münasibəti düzgün sərgiləməlidir. Həmçinin ATƏT-in Minsk Qrupunda mütləq şəkildə format dəyişikliyi aparılmalıdır. Fransa, ABŞ və Rusiya formatı Dağlıq Qarabağ üçün uğurlu seçim deyil. Çünki Rusiya birmənalı şəkildə Ermənistanla müttəfiqdir və ən əsası Dağlıq Qarabağ münaqişəsini yaratmış tərəflərdən biri, hətta birincisidir. Fransa isə maksimum dərəcədə balanslı siyasət yeridir. ABŞ isə hələlik münaqişənin həllində az-çox maraqlı görünən tərəfdir ki, o da son bir il ərzində fəallıq göstərir. Bir şeyi də unutmayaq ki, həmsədrlərdə Fransa Avropanı təmsil edir. Avropanın, Amerikanın və Rusiyanın maraqları bölgədə biri-birinə diametral ziddir. Dağlıq Qarabağ münaqişəsi həll olunacaqsa, Rusiya bölgədən çıxmalı olacaq. Çünki Rusiya başqa sahələrdə Qərblə rəqabət apara bilməyəcək. Münaqişə Rusiyanın regionda əsas təsir rıçağıdır. Rusiya bu rıçağın əldən çıxmasını istəmir. Odur ki, hazırkı formatla Qarabağ münaqişəsini həll etmək mümkün deyil”.

ATƏT-in Minsk Qrupunda format dəyişikliyi aparıldığı təqdirdə Dağlıq Qarabağ probleminin həllinə dair irəliləyişlərin əldə olunacağını deyən Ə.Oruclu bir daha qeyd edib ki, hər şey öz adı ilə deyilməlidir. Əks təqdirdə, istənilən format uğursuz olacaq.

Şəymən