“Apreldə “Qobustana” getməyi planlaşdırırıq”

“Nemət Pənahlının vəziyyəti bizi də narahat edir”


Vaxtilə milli-azadlıq hərəkatının qəhrəmanı sayılan, hazırda isə xuliqanlığa görə 6 illik həbs cəzasını Qobustan Qapalı Təcridxanasında çəkən Nemət Pənahlının səhhətində ciddi problemlər olduğu bildirilir. Bu barədə adətən, məhbusun həyat yoldaşı Həcər Pənahlı məlumat verir və N.Pənahlının sağlıq durumundan narahatlığını dilə gətirir.

Ailəsi Nemətin durumunun ağır olduğunu, şəkər xəstəliyindən, qan təzyiqindən əziyyət çəkdiyini, təcridxanada onunla kobud rəftar edildiyini, məhbus hüquqlarının pozulduğunu, ayrı-seçkiliyə məruz qaldığını deyir. Penitensiar Xidmət isə bu məlumatları təkzib edir, məhbusların malik olduğu hüquqlardan N.Pənahlının da yararlandığını, sadəcə, bütün məhbuslarla bərabər ondan da daxili nizam-intizam qaydalarına riayət tələb edildiyini bildirirlər. Vəziyyət barədə daha ətraflı və dolğun məlumat verə biləcək Penitensiar Xidmətə İctimai Nəzarəti həyata keçirən İctimai Komitənin "Qobustan”a səfəri isə hələ ki, baş tutmur. İlin əvvəlində, fevral ayı ərzində Qobustan qapalı təcridxanasında monitorinq keçirəcəklərini bildirən Komitə üzvləri nədənsə, bu istəklərini hələ də reallaşdıra bilmirlər.

Hətta komitə üzvlərinin Qobustana səfərinin süni surətdə əngəlləndiyi barədə da məlumatlar dolaşır.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, Qobustan qapalı təcridxanasına getmək bu gün də gündəlikdədir:

- Heç kim bizim yolumuzu kəsməyib, bizə heç bir qadağa qoyulmayıb, maneə də yoxdur. İctimai Komitə bütün cəzaçəkmə müəssisələrinə baş çəkir, məhbuslarla görüşür, onların problemlərini dinləyir. "Qobustan”a da gedəcəyik. Bəzi obyektiv səbəblərdən səfərimiz alınmayıb. Amma aprel ayı ərzində "Qobustan”a getməyi planlaşdırırıq. Nemət Pənahlının vəziyyəti bizi də narahat edir. Xüsusən də həyat yoldaşı onun səhhətindən, təcridxana əməkdaşlarının onunla rəftarından narahatdır. Biz ora gedəcəyik, Nemət Pənahlı ilə də görüşəcəyik. Özümüz real vəziyyəti görüb ətraflı məlumat verəcəyik.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da Qobustan qapalı təcridxanasına səfərin planlaşdırıldığını dedi:

- İctimai Komitənin toplantısında bu məsələyə də baxılıb və "Qobustan”da monitorinq keçirilməsi gündəliyə daxil edilib. Dəqiq tarixi müəyyənləşdirmək isə bir qədər çətindir. Çünki

Komitədə təmsil olunan hüquq müdafiəçilərinin hamısı ora getmək istəyir. Amma bəzən kiminsə digər vacib bir işi olur, yaxud hansısa ölkəyə səfərə getməli olurlar. Ona görə də biz çalışırıq, elə bir vaxt seçək ki, komitə üzvlərinin hamısı üçün uyğun vaxt olsun. Bir-iki nəfərlə "Qobustan”a getmək düzgün olmaz. Çalışırıq, böyük heyətlə gedək. Yaxın vaxtlarda Qobustan qapalı təcridxanasında monitorinq keçirəcəyik, məhbuslarla, o cümlədən Nemət Pənahlı ilə də görüşəcəyik. Özümüz getsək, oradakı situasiyanı dəqiqliyi ilə öyrənəcəyik və KİV-i də məlumatlandıracağıq.