Böyük Qayıdış: 2024-cü ildə yenidənqurmanın məntiqi nəticələrini görməyə başladıq

"Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə start verdi. Ötən 4 il ərzində misli-bərabəri görünməz şəkildə bu işlər həyata keçirildi".

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

 Deputat əlavə edib ki, Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan bir neçə gün sonra Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva bu ərazilərə səfər etdilər və bərpa prosesi başlanıldı:

"2024-cü ildə yenidənqurmanın məntiqi nəticələrini görməyə başladıq. Yəni daha çox məcburi köçkünlərin müasir dövrün tələblərinə cavab verən böyük şəhər və qəsəbələrdə Böyük Qayıdışının şahidi olduq. Bu il Xocalı və Xankəndində köç prosesinin intensivləşməsi, bu ərazilərdə quruculuq və abadlıq işlərinin genişlənməsi ilə yadda qaldı. Bundan öncəki illərdə əsası qoyulmuş bir çox tədbir və festivalların davamlı şəkildə keçirilməsi baş tutdu. Həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanları daha aktiv istifadəyə başladı. Bütün bunlarla yanaşı, ağır və çətin iqlim şəraitinin olmasına baxmayaraq, çoxlu sayda tunellər tikildi və istifadəyə verildi. Eyni zamanda Xocalı soyqırımı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün böyük memorial muzey kompleksinin tikintisinin təməli qoyuldu. Yaxın illərdə biz onun açılışına da şahidlik edəcəyik. 2024-cü ildə Xankəndində  Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə bütün proseslərin yalnız quruculuq-abadlıq işləri ilə bağlı olmadığını, növbəti yüzilliklər üçün məhz bu ərazilərdə çalışacaq kadrların yetişdirilməsinin əsası qoyuldu. Üstəlik Cənab Prezident özü burada açılışda iştirak etdi".

Naqif Həmzəyev deyib ki, Xankəndində çoxlu sayda azərbaycanlıları və mərhələləli şəkildə həyatın geri qayıtdığını görürük:
"Digər tərəfdən Şuşa şəhəri işğaldan azad olduğu zaman orada demək olar ki, Sovetlər dövründə məhz Azərbaycanın tikdiyi binalardan başqa yeni tikililər yox idi. Əksinə evlərin çoxu dağıdılmışdı, Şuşanın əvvəlki görkəminin itirilməsinə çalışılmışdı. Buna baxmayaraq qısa müddət ərzində bu şəhərin tamamilə dəyişiminin şahidi olduq. Burada yeni məktəblərin açılışı oldu, tədris prosesi kütləviləşdi. Həmçinin Şuşanın mədəni həyatı geri qayıtdı. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə "Yaşıl" enerji resurslarının istehsalına başlanılıb. Hətta yaxın illərdə bu yerlərin dayanıqlı, enerji təminatı əsasında qurulacağını görəcəyik. Biz hədəfləyirik ki, 2026-cı ilə qədər 150 mindən çox keçmiş məcburi köçkün məhz işğaldan azad edilmiş ərazilərdə yaşayacaq. Qarabağ bölgəsində yenidənqurma işlərini ləngidən əsas səbəb Ermənistanın buranı minalarla çirkləndirməsi olub. Təəssüflər olsun ki, bizim çox saylı mina qurbanlarımız oldu. Lakin dövlətimiz qətiyyən yenə də geri çəkilmir. Eyni zamanda minalardan təmizləmə prosesi yekunlaşdıqdan sonra yenidənqurma işləri daha sürətlə həyata keçiriləcək. 2025-ci ildə Laçın beynəlxalq hava limanının da açılışı olacaq. Bu isə Qarabağ bölgəsində xüsusilə turizmin inkişafı üçün əsas təşkil edəcək".