Ötən gün daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov Milli Məclisdə hesabat verib. General-leytenant V.Eyvazov deyib ki, Azərbaycanda son 10 ildə 580 insan alveri və məcburi əmək faktı aşkarlanıb, 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib.
Milli koordinator qeyd edib ki, İkinci Fəaliyyət Planının icrası dövründə qeydə alınmış 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib: "Müəyyən edilmiş 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilib. Həmçinin 48 nəfər işlə təmin edilib, 90 nəfər peşə kurslarına cəlb olunub, bir çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yardım mərkəzlərinə istiqamətləndirilib. Səhiyyə Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilib və bu məqsədlər üçün ayrılmış 5 tibb müəssisəsi zəruri avadanlıqlarla təchiz edilib”. V.Eyvazovun sözlərinə görə, ötən il Azərbaycanda həyata keçirilən əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb: "17 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Axtarışı elan olunan 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb. 5 qurban isə ölkə daxilində istismara
məruz qalıb. Qurbanlardan 37-si sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib. 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb”. Koordinator vurğulayıb ki, profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb: "Dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb. Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq "Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarında istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib. İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib. İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar "qaynar xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılıb. Hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb”.
Milli koordinatorun hesabatına münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı əcnəbi ölkələrdən Azərbaycana gətirilən dayə məsələsinə toxunub. O deyib ki, Azərbaycanın zəngin ailələri öz uşaqlarına Filippindən və digər tanınmamış ölkələrdən dayə gətirirlər: "Amma Azərbaycanda ingilis dilini bilən və dayəlik edə bilən işsiz qadınlar var. Filippinli qadın Azərbaycan uşağına nə tərbiyə verəcək? O uşaq gələcəkdə filippinli qadını özü üçün mələk biləcək. Halbuki öz ölkəmizdən olan qadınların uşaqlara verdiyi tərbiyə daha yaxşı olar. Başa düşürəm ki, bəzi zəngin insanlar istəmir ki, onların evlərini Azərbaycandan olan insan görsün. Hətta bir dəfə belə bir dayə ilə bağlı cinayət hadisəsi də baş verdi. Bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.
V.Eyvazov isə deputata cavab olaraq bildirib ki, bu məsələ Miqrasiya Xidməti ilə birgə araşdırılacaq.
Deputat Elmira Axundova isə deyib ki, ölkəmizdə azyaşlı uşaqlar hələ də məcburi əməyə cəlb olunurlar: "Bunun qarşısının alınması üçün əməli addımlar atılmalıdır. Bir də görürsən məktəb yaşında uşaqdır, dərsdə olmaq əvəzinə, maşın təkəri qaraldır. Yaxud da marşrutlarda konduktor kimi fəaliyyətə cəlb olunurlar. Həmçinin azyaşlı qız uşaqları ağır əməyə cəlb edilirlər”.
V.Eyvazov isə deyib ki, Azərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qız uşaqlarının məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanacaq. O etiraf edib ki, ola bilsin, bu məsələ onlar tərəfindən o qədər ciddi nəzarətdə olmayıb: "Bu barədə Elmira xanımın dediyi kimi problemlərin olması ilə razılaşırıq. Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq”.
Anar Bayramoğlu