Satılan evlərdən hansı yazıçılara pay düşdü?

Əsəd Cahangir: “9-cu mərtəbədən bizə ayrılan mənzil hələ satılmayıb”
Qəşəm Nəcəfzadə: “Bəli, bizim ev satılıb və artıq payıma düşən pulu almışam”


"Abidə” MTK şirkəti tərəfindən Azərbaycan Yazıçılar Birliyinə (AYB) verilən 9 mənzildən 5-i satılıb. Bu barədə AYB-də ev bölgüsü ilə bağlı yaradılmış Komissiyanın sədri Rauf Aslanov deyib. O bildirib ki, hazırda 4 mənzil satılmamış qalıb:

"5 mənzilin kimlərə satılması məsələsinə biz müdaxilə etmirik. Mən sadəcə məlumatları verirəm. Cəmi dörd mənzil qalıb. Yazarlar onlara ayrılan mənzilləri özləri satırlar və pulları da aralarında bölürlər”. Qeyd edək ki, 36 nəfər yazıçı arasında bölüşdürülməsi planlaşdırılan 9 mənzilin hər biri 105 kvadratmetr olmaqla iki otaqdan ibarətdir. AYB-nin aldığı qərara görə, satılan hər bir evin pulu 4 nəfər yazar arasında bölüşdürüləcək.

Ev siyahısında adı olan ədəbi-tənqidçi Əsəd Cahangir "Şərq”ə verdiyi açıqlamada satılan və hələlik satılmayan mənzillərdən danışıb: "AYB tərəfindən 9 mənzil 36 nəfər yazıçı arasında bölünəndə hər 4 nəfər qələm sahibinə bir mənzil verildi. İndi kimlər hansı mənzil üzərində haqq sahibidirlərsə, özləri bilirlər. O vaxt mərtəbələr üzrə mənzillər müəyyənləşib. Satılan 5 mənzil hansı yazıçılarındırsa, mənzillərin pulu da onlar arasında bölünəcək. O pulun digər yazarlara dəxli yoxdur. 9-cu mərtəbədən bizə ayrılan mənzil isə hələ satılmayıb. Yəni hələ satmamışıq. Ola bilər, indi yox, bir ildən sonra satdıq. Onun qərarı bizə aiddir. Məlumat üçün sizə deyim ki, artıq Qəşəm Nəcəfzadə, İlham Qəhrəman, Aydın Xan evlərini sataraq pullarını alıblar. Onlarla əlaqə saxlaya bilərsiz”.

AYB-nin üzvü, şair Qəşəm Nəcəfzadə qurum tərəfindən ona verilən evin satıldığını təsdiqləyib: "Bəli, bizim ev satılıb və artıq payıma düşən pulu almışam. Konkret məbləği demək istəmirəm. Amma onu deyim ki, adam başına düşən bu pulla gedib hardasa ev almaq mümkün deyil. Çünki miqdar çox azdır. Ancaq yenə də sağ olsunlar ki, bunu ediblər”.

İsmayıl

"Mehriban Ələkbərzadəni günahkar saymıram”

Eldəniz Quliyev: "Biz də dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik”

Akademik Milli Dram Teatrında səhnəyə qoyulan, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissoru olduğu "Qatil” tamaşasındakı yataq səhnələri son bir neçə gündür ki, medianın ən çox müzakirə etdiyi mövzulardandır.

Qeyd edək ki, teatrın səhnəsində oynanılan "Qatil” tamaşasındakı yataq səhnələri Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Xalq artisti kinorejissor Əbdül Mahmudbəyovun dəvəti ilə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: "Ədə Əbdül, məni hara gətirmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm...”

Alim Qasımovun tamaşanı izlərkən oradakı erotik səhnələrə sərt reaksiyasından sonra məsələ böyüyüb və Şeyx Əbdül də sərt reaksiya verib.

Akademik Teatrda göstərilən tamaşa barəsində danışarkən kinorejissor bu cür eybəcər səhnəni elə eybəcər şəkildə təqdim etməyin açıq-aydın əxlaqa, dəyərlərə zidd olduğunu deyib.

Sonradan Mehriban Ələkbərzadənin həmkarı Şeyx Əbdül Mahmudbəyovun ünvanına söylədiyi fikirlər isə tərəflər arasında ciddi qarşıdurma yaradıb. O, "facebook” profilində ad çəkməsə də, əslində Əbdül Mahmudbəyova ünvanlanmış ağır ifadələrə yer verib. O, tamaşası haqqında neqativ açıqlamalar verənlərə xitabən "Həşəratlar, qanmazlar, şərəfsizlər, namussuz...” kimi bir batman balla yeyilməyəcək sözlər yazıb.

"Qatil” tamaşası ətrafındakı mübahisələrə münasibət bildirən ssenarist və kinodramaturq Eldəniz Quliyev də sözügedən tamaşada yer alan erotik səhnələrin yolverilməz olduğunu deyib: "Hər zaman milli-mənəvi dəyərlər sistemini, mentallığımızı qorumaq yolu tutmuşam və heç vaxt bu düşüncəmdən çəkinməmişəm. Bu rakursdan baxanda, təbii ki, "Qatil” tamaşasını qüsurlu hesab edirəm. Amma tənqid deyərkən də, obyektiv olmaq lazımdır. Mehriban Ələkbərzadə kifayət qədər istedadlı və peşəkar rejissordur. "Qatil”dəki açıq-saçıq səhnələr məni narahat etsə də, Mehriban xanımı da qınamıram. Zaman sürətlə gedir və həyat inkişaf edir. Biz də dünya ilə

ayaqlaşmaq məcburiyyətindəyik. Həm də ki, yalançı dəyərlərin arxasında gizlənmək də lazım deyil. Bu baxımdan, müəyyən mənada Mehriban Ələkbərzadəyə haqq da qazandırıram. Bu tamaşadır və dövr bunu tələb edir. Həm də ki, "Qatil”dəki açıq-saçıqlığa görə, Mehribanın üstünə getmək, onu günahlandırmaq da ədalətli deyil. Tamaşadakı qüsurlar rejissordan daha çox müəllifin nöqsanı olur. Hər hansı bir dramaturq əsər yazarkən Azərbaycanın milli dəyərlərini və xüsusiyyətlərini nəzərə almalıdır. Bu mənada mən "Qatil”ə görə birbaşa Mehriban xanımı günahkar saymıram”.

"Qatil” tamaşasına görə, Şeyx Əbdül və Mehriban Ələkbərzadə arasındakı qalmaqalın böyüməsinə gəldikdə isə E.Quliyev deyib ki, Mahmudbəyov burada üçüncü şəxsdir: "Bu polemikaya Şeyx Əbdül lazımsız üçüncü şəxs olaraq daxil olub. Bu məsələnin qabarma səbəbi Alim Qasımovun tamaşaya etirazı olub. Alim Qasımov tamaşanın milli əxlaqımıza zidd olduğunu deyib və əlavə edib ki, dünyanı gəzib. Amma heç bir ölkədə bu cür açıq-saçıq səhnələr görməyib. Əslində Alimin dediyində də tamamilə səmimiyyət yoxdur. Dünya teatrları artıq erotik səhnələri artıq real olaraq tamaşaçıların gözü qabağında həyata keçirirlər. Məqsədim heç də "Qatil” tamaşasındakı erotik səhnələri müdafiə etmək deyil. Sadəcə, məsələnin bu qədər qabardılmasının əleyhinəyəm. Sizin də bildiyiniz kimi, həmişə belə şeylərin əleyhinə olmuşam və hesab edirəm ki, bu cür tamaşalarda mənəvi senzura olmalıdır. Mən "ABA” televiziyasında işləyən vaxtı kinoları birbaşa istehsalçıdan alırdıq və birbaşa da yayımlayırdıq. Ancaq həmin kanalın kəndlərə, rayonlara yayımlandığını bildiyim üçün kinolardakı bəzi açıq- saçıq səhnələrin kəsilməsini tapşırırdım. Bunu heç vaxt etiraf etməmişəm. Bəlkə də səhv etmişəm bilmirəm, amma hər halda həmin səhnələrin mentalitetimizə yad olduğunu düşündüyüm üçün belə bir addım atırdım. Bunları deməkdə məqsədim odur ki, biz mənəvi dəyərlər faktorunun üstündən keçib, ona heç vaxt ironiya ilə yanaşmamalıyıq”.

Şəymən