"Nənəm 13 yaşında ailə qurub" - YAZIÇI PƏRVİN

"Keçmişdə nənələrimiz 9 yaşından başlayaraq uşaq dünyaya gətirirdilər. Bu yaşda bir-birinin ardınca 7-8 övlad dünyaya gətirir, o övladları normal böyüdürdülər"


"Boşanmış, ikinci dəfə ailə quran qadınları heç kim qınaya bilməz”.

Bunu "Sherg.az”a Balakəndə ögey atası tərəfindən zorlanma nəticəsində hamilə qalmış 12 yaşlı qız haqqında danışarkən yazıçı-publisist Pərvin deyib. O söyləyib ki, bu hadisədə də qadınları, 12 yaşlı qızın anasını qınamamalıyıq:

"Həyatdır, hər şey ola bilər. Heç bir qadın ailəsinin dağılmasını istəməz. İkinci dəfə evlənmək də hər kəsin şəxsi işidir və normaldır. Lakin ilk ailəsindən ayrılan, övlad sahibi analar ikinci dəfə evlənərkən "yüz ölçüb, bir biçməlidirlər". Xüsusilə, qız övladı böyüdən, tərbiyə edən ana buna diqqət etməlidir. Tarixən də eşitmişik, bədii əsərlərdən də oxuyuruq ki, belə hadisələr həqiqətən baş verir. Ona görə, cəmiyyətdə də şübhələr qalır ki, kişilər ailə qurduqları qadınların ailələrinə bəzən aşiq olurlar, göz dikirlər, yaxud pis niyyətlə onlara yaxınlaşırlar. Ana övlad dünyaya gətiribsə, onun taleyi haqqında ciddi düşünməlidir. İkinci dəfə ailə qurarkən də evləndikləri şəxsin övladına necə davranmasına mütləq diqqət etməlidir.

Bu hadisədə ilk növbədə ananın hislərini, niyə bu cür addım atdığını müzakirə etmək lazımdır. Hər şeydən əvvəl qadınlar arasında maarifləndirmə olmalıdır. Qadınlar birinci ailəsindən ayrılıbsa, tək qala bilmərəm, mütləq həyatımda kimsə olmalıdır prinsipi ilə övladını təhlükəyə atmamalıdır. Analar 3 gün tanıdığı birini gətirib, yetkinlik yaşında olan qız övladı ilə bir evə salıb, onun ümidinə qoymamalıdır". 

12 yaşlı qızın ana olub-olmamasının şəxsi məsələ olduğunu diqqətə çatdıran Pərvin xatırladıb ki, keçmişdə nənələrimiz 9 yaşından başlayaraq uşaq dünyaya gətirirdilər:

"Bu yaşda bir-birinin ardınca 7-8 övlad dünyaya gətirir,  o övladları normal böyüdürdülər. Məsələn, mənim nənəm 13 yaşında ailə qurub. Sadəcə müasir dövr üçün sözsüz, 12 yaşında qızın sərbəst şəkildə qərar qəbul etməsi, ana olması fövqəladə hadisədir. Hər şeydən əvvəl bu məsələdə ananın həssaslığı vacibdir. Heç kimin üzərinə düşüb, onun günahıdır deyə tənqid etmək düzgün olmaz. Lakin qadın ailə quracağı insanla qızının bir yerdə yaşaması, həmin insanın etibarlı olub-olmaması haqqında ciddi düşünməlidir. Belə vəziyyətdə bütün məsuliyyət həmin ananın üzərinə düşür”.

Qeyd edək ki, qanuna görə, 12 yaşlı qızın hamiləliyi 26-cı həftədə olduğundan abort mümkün deyil. Qızın öz uşağını saxlayıb-saxlamamaq barədə qərar qəbul etmək hüququ yoxdur. Hazırda onun qəyyumu, yəni valideyninin fikri birinci dərəcəlidir.

Aysel Aslan