"20-25 dəqiqəlik verilişdən 200-dən çox dil səhvi tuturam" - Müsahibə






"Sherg.az” Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli ilə müsahibəni təqdim edir:

- Son illər bəzi alınma sözlərin Azərbaycan dilinə çevrilməsi meyllərini müşahidə edirik. Bunu necə dəyərləndirirsiniz?

- Dil elə sistemdir ki, orada nizamlayıcı tədbirlər heç də həmişə yaxşı nəticə vermir. Tarixən nizamlayıcı tədbirləri puristlər həyata keçirib. Purizm cərəyanının mahiyyəti dilin təmizliyi uğrunda mübarizə aparmaqdır. 20-ci əsrin əvvəllərində Azərbaycan dili üçün də bu cərəyan olub. Qurultaya "toplantay”, biletə "yerlik” deyilirdi. Bu şəkildə dəyişdirilən sözlər çox idi. Bəziləri qəbul olundu, indi də işlənir. Lakin çoxları sıradan çıxdı və ümumişlək olmadı.

Son illər alınma sözləri Azərbaycan dilinə uyğunlaşdırmaq meyli var. Bu, başa düşüləndir. Lakin belə məsələlərdə ehtiyatlı olmaq lazımdır, bunlar heç də hər zaman özünü doğrultmur. Düzdür, dilin təmizliyi uğrunda mübarizə aparmaq bütün xalqın ümdə vəzifəsidir. Lakin dili dünya dillərindən təcrid etmək, onu çərçivəyə salmaq normal yanaşma deyil. Bu məsələdə bir qədər liberal, yumşaq siyasət aparmaq gərəkir. Dillə bağlı yuxarıdan verilən qanunlar özünü doğrultmaya bilər.

Hansısa sözü zorla Azərbaycansayağı etmək yaxşı nəticə vermir. Alman mütəfəkkiri İohann Volfqanq Göte deyir ki, dilin böyüklüyü, əzəməti onda deyil ki, daxil olan sözləri vurub qaytarır, o gələn sözləri mənimsəməli, özününküləşdirməlidir. Amma bunu zorla tətbiq etmək, Azərbaycan dili təmiz olmalıdır deyə alınma sözləri geri qaytarmaq olmaz. Məfhum, əşya hansı dildə yaranırsa, o dil də həmin məfhuma ad qoyur.

- Məsələn, "mouse”, "proqnoz”, "zaryadka”, "adapter”, "konsensus” sözləri bizdə yaranmayıb. Amma bunların dilimizdə qarşılığı verilir. Düzgündürmü?

- Bir müddət əvvəl "mouse”a "siçan” deyilirdi. Əslində bu insanlara üçün daha əlverişli idi. Belə hallarda tənzimləməni xalqın ixtiyarına buraxmaq lazımdır. Xalq özü müəyyənləşdirsin, bir müddət təcrübə mərhələsi olsun və baxaq ki, nə təmizləndi, nə qaldı. Məsələn, "tozsoran” sözü 30-40 il əvvəl məişətimizə daxil olub. Rahat bu sözü istifadə edirik, lakin tozsoranı özümüz ixtira etməmişik. Başqa dillərdən, başqa ölkələrdən keçməklə, mərhələli şəkildə dilimizə daxil olub və bu gün "tozsoran” yad söz hesab olunmur. İmkan versək, xalq özü "ayranı ayran, yağı, yağ üstündə” müəyyənləşdirəcək.

- Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi sözlərin Azərbaycan dilində qarşılığını verib. "Zaryadka” - "yükləmə”, "adapter” – "yükləyici”, "embarqo” - "qadağa”, "evakuasiya” - "köçürülmə”, "proqnoz” – "öncəgörmə”, "konsensus” – "yekdillik”, "kserokopiya” – "üzçıxarma”, "like” - "bəyənmə”, "mesaj” – "ismarıc” kimi təsdiqlənib. Kompüter "mouse”-nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif edilir. Hansı sözün qarşılığı ilə razılaşmırsınız?

- "Evakuasiya” sözünü "köçürülmə” müəyyən ediblərsə, onda "evakuator” "köçürdən” olmalıdır. Bu sadəcə əmmaməlikdir. Çünki "evakuator” sözü tək köçürtmə deyil, götürüb aparmaqdır. "Evakuasiya” və "evakuator” sözləri fransız dilindən yayılan sözlərdir. Biz onun dilimizdə qarşılığını vermək istəsək gərək çoxlu araşdırmalar aparaq. Qanun və təlimat verməklə bunu nizamlamaq olmaz.

"Zaryadka” sözü "yükləmə” şəklində təqdim oluna bilər, lakin "adapter” " "yükləyici” deyil. "Adapter” elektriki çevirmək üçün alətdir.

"Embarqo” sözünə "qadağa” şəklində qarşılıq vermək olmaz, "məhdudiyyət” daha çox uyğun gəlir. İş odur ki, "məhdudiyyət” də öz sözümüz deyil, amma ümumişlək olduğu üçün işlənə bilər. "

Proqnoz” sözü hər yerdə "öncəgörmə” kimi işlənə bilməz. Ümumiyyətlə, bu şəkildə qarşılıq verilməsi düzgün deyil.

"Konsensus” yekdillik deyil. Razılaşma və ya ortaq rəyə gəlmək kimi tərcümə edilir. Alınma sözü tək bir sözlə əvəz etmək şərt deyil. İmkan daxilində başqa variantlara, sözlərin birləşməsinə də yer vermək olar.

"Mouse” sözünü bir çox ölkələrdə olduğu kimi istifadə edirlər. Sadəcə ruslar "mışka” kimi qəbul edib. Bizim dilimizdə də "siçan” şəklində qalması daha rahat olar.

- Əslində bu terminlər çoxdandır işlənir. Lakin onların dilimizdə qarşılığını indi fikirləşib tapırlar. Alimlərin bu gecikməsinin səbəbi nədir?

- Millət azadlığa can atanda ilk növbədə mübarizə meyli dillə başlayır. Cümhuriyyət dövründə də, müstəqillik dövründə də belə olub. 90-cı illərdə dil komissiyası yaratmışdıq, məsul katibi də mən idim. Müəssisələrə gedib, insanları rusca danışmaqdan çəkindirirdik, Azərbaycan dilində danışmağa çağırırdıq. Yazı makinalarının Azərbaycan şriftlərinə, Azərbaycan dilinə çevrilməsinə çalışırdıq. Bu, böyük proses idi.

Görünür, xalqın düşüncəsində, davranışlarında azadlığa meyl daha da güclənir. Ona görə, xalq öz dilindən başlayır. Çünki dil daha çox nəzərə çarpan mübarizədir, hər kəsin də ağrılı yeridir. Doğulandan öz dilində danışan heç kim dilinin təmizliyinin əleyhinə ola bilməz. Əslində öz dilini bəyənməyib, başqa dildə danışan, ailəsində ana dilini işlətməyən insanlar sadəcə dönüklərdir.

Dilin təmizliyinə daha çox rayonlarda bölgələrdə riayət edilir.

- Bəzən dilçilər iddia edir ki, bu komissiya üzvləri həqiqətən, mütəxəssisdirlərsə, qərarlarını xalqla məsləhətləşməməlidir. Ən əsası isə ictimaiyyət mütəxəssislərdə səhv tutmamalıdır. Sizcə, əsl mütəxəssislər necə olmalıdır?

- Mütəxəssis sözü böyük anlayışdır. Bir dilin materialı ilə ortaya çıxan alimi mütəxəssis adlandırmaq düzgün olmaz. Mütəxəssislər bir neçə dili bilən, müntəzəm bu sahələrlə məşğul olan insanlara deyilir. Mütəxəssisin müəyyənləşdirdiyi sözün ümumişlək olması üçün tamamilə xalqın dilinə uyğun olması vacibdir. Məsələn, "proqnoz” sözünü metrologiya sahəsində "hava haqqında məlumat” şəklində istifadə edirik. Burada "hava haqqında öncəgörmə” düzgün alınmır və ehtiyac da yoxdur. Sözün işlənmə məqamı var, bundan asılı olaraq semantik çalarlıq meydana çıxır. Ola bilər ki, başqa məqamda "proqnoz sözünü "məlumat” şəklində demək uyğun gəlməsin.

Bir nümunə də deyim, daxili işlər orqanlarının məlumatlarında düzgün olmayan birləşmələr səsləndirilir. Məsələn, "tərəfimizdən saxlanıldı”, "rəisə məruzə edildi” ifadələri dil normalarına uyğun gəlmir. Hər kəs gərək dilin qayğısına qalsın, sözləri yerindən asılı olaraq düzgün işlətməyi bacarsın.

İllər keçəcək bu gün qarşılığı müəyyənləşdirilən sözlərin çoxu qəbul olunmayacaq, əvəzində xalq özü yeni sözlər yaradacaq. Xalq dili qaynar bulaqdır. İfadələri bu dildən götürmək lazımdır. Anlaşılmazlığı aradan qaldırmaq üçün etimon dilin sözlərini bəzən saxlamaq, çevirməmək lazımdır.

- Belə görünür ki, insanların alimlərə inamı bir qədər azdır. Hətta bir çox alimlərin savadına "dırnaqarası” baxırlar. İntellektualların çoxu da bu yanaşmanın "qurbanı" olur. Xalqın alimlərə inamını necə bərpa etmək olar?

- Konkret Azərbaycan dilçiliyi sahəsində çox yaxşı alimlər olub. Məsələn, Bəkir Çobanzadə, Muxtar Hüseynzadə, daha keçmişə getsək, Mirzə Fətəli Axudov və s. alimləri misal göstərə bilərik. Onlar heç zaman dəbin arxasına düşüb, yeni sözlər fikirləşməzdilər. Həmin alimlər bir növ keçiciliyi, ötürücülüyü gözləyərdilər. Çünki birdən-birə təsdiq edilən sözlər dilimizdə effektiv işlənmir. Alim olmaq, xüsusilə indiki şəraitdə, texnikanın, elmin informasiyanın belə inkişaf etdiyi dövrdə çətindir. Bir dilin içərisinə qapılıb qalmaq olmaz. Yaxşı alim üçün konkret intellektual bilik lazımdır. Bu isə hər kəsdə yoxdur.

Bu gün elmimizdə xarici ədəbiyyatı orijinaldan oxuyub, başa düşən insanlar çox azdır. Kitabların tərcümələrinə isə "ağız büzürlər”. Halbuki özlərinin əlindən gəlmir. Mən bu yaxınlarda İ. V. Götenin "Gənc Verterin izdirabları” əsərini aldım. Əvvəllər bu əsəri rus dilindən Azərbaycan dilinə tərcümə etmişdilər. İndi isə, hiss olunur ki, alman dilindən tərcümə edilib, çox pis tərcümədir. Hiss olunur ki, bunu tərcümə edən şəxs alman dilini yaxşı bilmir. Tərcümə məsələsində 2 məqam var: etimon dili və tərcümə olunan dili mükəmməl bilmək.

- Xarici dillərin öyrənilməsinə çox böyük meyl yaranıb. Lakin müxtəlif dilləri tədris edən dilçilər qrammatika kitablarının olmamasından, bütün xarici dillərin tədrisi üçün materialların azlığından şikayət edir. Necə düşünürsünüz, mütəxəssislər niyə xarici dil kitabları hazırlamaqdan çəkinir?

- Əvvəllər orta məktəblərdə Azərbaycan dili ilə izahı verilmiş xarici dil dərslikləri var idi. Bizim bu sahədə çox gözəl ənənəmiz var idi. Məsələn, fransız dili mütəxəssisləri kimi Minəxanım Quliyevanın adını çəkmək olar. Bu gün üçün peşəkarlığı ilə seçilən Bilal İsmayılov var. Alman dilində də eynilə, Cəfər Cəfərov, Nəzakət Ağazadə kimi görkəmli alimlərimiz nümunədir. Onlar yazdıqları əsərləri ilk növbədə Azərbaycan xalqı üçün yazırdılar. Təəssüf ki, 90-cı illərdən sonra dilçilərimiz xaricilərin "rəqslərini oynamağa” başladılar. Ənənəni kənarda qoyub, kitabları, dərslikləri boloniya sisteminə uyğunlaşdırdılar. Ona görə, nə şagirdlər, nə də müəllimlər dərslikləri başa düşür. Çünki o kitabları yazan şəxslərin təcrübəsi yoxdur.

Çox təəccüb edirəm ki, iki il əvvəl universiteti bitirmiş şəxslər kitab yazır. Bu çox acınacaqlıdır. İkinci tərəfdən təəssüf ki, bizdə yazılan kitabların müzakirəsi aparılmır. Kitabı yazan həm müəllifdir, həm rəyçidir, həm redaktordur, həm də korrektordur. Tənqid isə ümumiyyətlə, yoxdur. Heç mətbuat orqanlarında belə kitabların araşdırılması, səhvlərin təqdim edilməsi, müzakirəsi aparılmır. İctimaiyyət belə məsələlərə həssas yanaşmır.

Mən Norveçdə adi bir kitab mağazasında oldum. Mağazada kiçikdən böyüyə hər kəs kitab oxuyurdu. Azərbaycanda olan kitab mağazalarında belə şərait varmı? Varsa belə, kitab götürüb, mağazanın özündəcə oxuyanlar hanı? Kitab yarmarkaları təşkil olunur, ucuz qiymətə çox zaman kitablar satılır. Bir nəfər belə yaxınlaşıb, kitaba baxmır. Maraqlananlar isə cibinə, maddi durumuna uyğun olmadığı üçün ala bilmir. Əslində insan qazandığının müəyyən qismini kitaba verməlidir.

Bir dəfə avtobusa minəndə o boyda avtobusda bir nəfər orta yaşlı qadının əlində kitab gördüm. Diqqət edəndə testlər olduğunu müəyyən elədim. Baxın, əksinə dünyanın hər yerində metroda, avtobusda, dayanacaqda belə hamı kitab oxuyur.

- Bütün bunları necə nizama salmaq olar?

- Düşünürəm ki, mətbuat daim araşdırma aparmalı, kəskin tənqid ortaya qoymalıdır. Çünki tənqid olanda adamlar "yuxuya getmir”, həmişə özünü oyaq hiss edir. Düşünürlər ki, onlara hücum ola bilər.

- İndi vəziyyət elədir ki, medianın özünü tənqid edirlər. Məsələn, televiziyalara son vaxtlar aşırı tənqidlər yağır, aparıcıların dil normalarına, əməl etməməsi gündəmdədir. Niyə bu problemlər baş qaldırıb, sizcə?

- Bütün bunlar insanların maddiyyata həddindən artıq meyl etməsindən irəli gəlir. Elm, təhsil, kitab sanki ikinci plana keçib. Adam tanıyıram ki, kifayət qədər çox pulu və vaxtı var. Həmin şəxsə bir kitabı oxumaq üçün təklif edəndə etiraz edir. Çünki maddiyyat mədəniyyəti tamam üstələyib. Amma böyük miqyasda, dövlət səviyyəsində iş görülməlidir, insanlar elmə yönləndirilməlidir.

Mən televiziyada hansısa verilişə baxarkən, 20-25 dəqiqəlik verilişdən 200-dən çox müxtəlif dil səhvləri tuturam. Sait, samit tələffüzündən tutmuş, vurğu, intonasiya, sözün yerində işlənməməsinə qədər çoxsaylı səhvlər qeyd edirəm. Həmin şəxslərə bunu deməyin nə xeyri var? Dil xalqın dilidir, onu tək-tük insanlar yaşatmır ki?!

Bütün sahələrdə əsas bəlamız kitab oxumamaqdır. Qadınların başı məişət problemlərinə qarışdığından kitab oxumur, kişilər isə buna həvəs göstərmir. Ancaq gəncləri qınayırıq. Axı gənclər kimdən nümunə götürsün? Həmçinin gənclərin dolanmağı da lazımdır.

- Aparıcıların dil qüsurlarının aradan qaldırılması üçün cərimələr təklif edirlər. Cərimə yolu ilə problemi həll etmək mümkündürmü?

- Televiziyada şifahi nitq istifadə olunur. Şifahi nitqdə dil normaları ilə bağlı isə heç bir rəsmi qurumun xüsusi qərarı yoxdur. Etik normalara əməl edilməməsi tənqid olunar, amma konkret bir sözün tələffüzü ilə bağlı qərar yoxdur. Hələlik normalar işlənib hazırlanmayıb. Mənim rəhbərliyimlə "Azərbaycan dilinin orfofoniya lüğəti” çap olunub. Həmin lüğətdə danışığın spesifik xüsusiyyətləri verilir.

Qanunvericilikdə isə bu məsələ tənzimlənmədiyindən aparıcılar da əsas götürməyə nümunə tapmır. Danışıq mədəniyyəti olmalıdır. Amma bunu tədris edən müəllim nəyə əsaslanmalıdır?

Məsələn, məşhur xalq mahnısı var, "qonaq gəl bizə”. Məşhur xanəndələrdən tutmuş müasir dövrün müğənnilərinə qədər hər kəs fərqli tələffüz edir. Kimi "qonağ gəl bizə”, kimisi "qonax gəl bizə”, bəzilər isə "qonaq gəl bizə” formasında musiqini oxuyur. Bəs bunun hansı düzgün tələffüzdür? Həmin Terminologiya Komissiyasının üzvləri bunu da işləyib, hazırlamalıdır ki, əsaslı şəkildə irad tuta bilsinlər.

- Son vaxtlar bütün sahələrdə, istər mediada, televiziyada, istərsə də cəmiyyətin özündə dialekt sözlərin işlədilməsinə tənqidi yanaşırlar. Bir insan ləhcə ilə danışırsa, hətta qınaq obyektinə çevrilir. Lakin "uje”, "vabşe”, "tolka”, "okey” kimi dilə qeyri-qanuni daxil olan sözlərin tələffüzü normal qarşılanır. Bu düzgündürmü?

Xeyr. Yeri gəldikdə biz dialekt sözlərdən istifadə etməliyik. İstər yeni söz yaradanda, istərsə də hansısa sözün qarşılığını axtaranda dilin qaynaq mənbələrindən yararlanmalıyıq. Dialekt sözlərin hesabına dil həmişə cavanlaşır. Ləhcə, dialekt sözləri inkar edənlərin mövqeyi düzgün deyil. Azərbaycan dilinə naqis deyənlər var. Əslində naqislik onu deyənin düşüncəsindədir. Azərbaycan türkcəsini bilməyən şəxs çalışır xarici dildə danışsın. Amma bunu da düzgün bacarmır.


Hazırladı: Aysel ASLAN