Təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin rəhbərlərindən şikayət, tələbələrin təqaüdü, xaricdə təhsil və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.