Bakının Səbail rayonunda tank əleyhinə mina aşkar edilib.
APA-nın məlumatına görə, mina Səbail rayonu Əhəd Yaqubov küçəsində yerləşən 14 saylı Peşə Məktəbinin ərazisində tapılıb.
Söküntü işləri zamanı şübhəli əşya ilə qarşılaşan sakinlər Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən olunub ki, bunlar təlim məqsədilə istifadə edilən iki ədəd tank əleyhinə "TM-62” markalı mina və iki ədəd mina partladıcısıdır.
Əraziyə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.
Qeyd edək ki, Peşə Məktəbi hazırda fəaliyyət göstərmir, orada məcburi köçkünlər məskunlaşıb.